
Bakı Şəhər Təhsil İdarəsi tərəfindən reallaşdırılan, "Kaspi" qəzetinin, Azedu Təhsil Portalının informasiya dəstəyi ilə həyata keçirilən “Məktəbdə” layihəsinin ilk qonağı texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, “Zadə irsi və süni intellekt” Assosiasiyasının rəhbəri Rafiq Əliyev oldu.
Dünyanın müxtəlif dillərində çap olunan 76 kitabın müəllifi, 200-dən çox fəlsəfə doktoru və elmlər doktoru yetişdirən, tələbələrinin sorağı dünyanın dörd bir yanından eşidilən alimin “Məktəbdə”ki görüşü səmimi və yaddaqalan dialoq idi. 18 saylı məktəbin görüş məkanı akademikin mühazirə oxuduğu ABŞ və ya digər ölkələrin nüfuzlu universitetlərinin geniş zallarına bənzəmirdi. Bu auditoriyada o yeniyetmə şagirdlərin maraq dolu baxışları ilə üz-üzə idi. Onların elm, təhsil, həyatla bağlı suallarını cavablandırırdı. Alim kimi tövsiyələrini, ağsaqqal kimi öyüdlərini verirdi. “Məktəbdə” baş tutan görüş müstəqil həyatın astanasında olan şagirdlər üçün unudulmaz dərs oldu...
”Xahiş edirəm, heç kim ayağa qalxmasın”- deyə məktəbin zalına daxil olanda dediyi sözlərin fəlsəfəsini özü izah etdi:
“Təxminən 60-65 ildir ki, auditoriyaya girirəm. Bu illər ərzində içəri daxil olanda tələbələri ayağa durmağa qoymamışam. Hətta bununla bağlı “Rafiq müəllim düz deyir, yoxsa yox?”- deyə sosial şəbəkələrdə müzakirələr də getdi. Bir xeyli insan “düz demir, bu, Azərbaycanın adət-ənənəsidir, böyüyə hörmətdir”- deyə etiraz etdi. Mən istədim ki, tələbələrimin içində bir azadlıq olsun, sərbəst olsunlar. Mənim ümidim həmişə gənclərədir. Mən bu uşaqlar arasında lütfizadələr də görürəm. Özünüzə inam olsun. Bu millət, bu xalq çox istedadlıdır. Xüsusən, fərdləri çox istedadlıdır. İnşallah, bir gün “xor” oxuya biləcəyik. Dahi Üzeyir bəyin 1946-cı ildə “Azərbaycan musiqi nəzəriyyəsi” adlı kitabı Azərbaycan və rus dilində işıq üzü gördü. Əsərdə qeyd edilir ki, Azərbaycan musiqisində çoxsəslilik yoxdur. Yəni xor yoxdur. Xor kilsədən gəlir. Mən din adamı deyiləm, dini ayinləri də icra etmirəm, amma imanım dinimdən yüksəkdir. Allahı həmişə başımın üstündə görürəm. Bizdə futbol yoxdur, amma güləş var, yəni fərdilik var. Bu millətin fərdi istedadı çoxdur. Allahdan arzum budur ki, elə inkişaf edək ki, yaxşı xor oxuya bilək”.
“Fərdlərin istedadı əvvəllər də olub. Bəs toplu inkişaf nə zaman olacaq?”- deyə şagirdlərdən birinin sualı alimi xeyli düşündürdü:
“Bu, sizdən asılıdır. Allah eləsin, sizin içərinizdəki “mən” “biz”dən bir az aşağı olsun. Niyə futbolda komanda şəklində oynaya bilmirik? “Mən vurum” istəyi mane olur. Amma topu ötürsəydi, başqası vurardı. İçərimizdəki izafi “mən” qoymur. Nə zaman ki “biz” içimizdəki “mən”dən bir az yuxarı olacaq, onda xor oxuyacağıq. Onda futbolumuz da olacaq, elmimiz də inkişaf edəcək, yüksək təhsilimiz də olacaq. Dünyada monoton həyat yoxdur. Müəllimim Zadənin bir sözü var: həyat gül-çiçək içərisində qoyulmuş çarpayıda keçən ömür deyil. Onun gözləmədiyin dolanbacları var. İndi mənim 16 yaşım olsaydı, daha dərin təhsil haqqında düşünərdim. O vaxt ingilis dilim yaxşı olsaydı, bugünkündən də çox qazanardım. Az-çox danışa bilirdim, amma ingilis dili mühitimiz yox idi. Çox dil bilmək yaxşı şeydir, amma bu gün bütün dünyada təhsilin və elmin dili ingilis dilidir. Əgər gələcəyinizin uğurlu olmasını istəyirsinizsə, ingilis dilinə fikir verin. Harvard, Kaliforniya və digər universitetlərdə sizləri böyük məmnuniyyətlə istəyirlər”.
“Elmimiz niyə inkişaf etmir?”- deyə şagirdlər maraqlandılar:
“Həyat elə gətirib ki, çevrəm, dostlarım, əsasən yazıçılar, bəstəkarlar, şairlər, elm adamlarıdır. Ən yaxın dostlarım Anar, Ramiz Həsənoğlu, Ramiz Rövşən, Cavanşir Quliyevdir. Bir az tarixə ekskursiya edin: görəcəksiniz ki, bəşəriyyəti ziqzaqlardan həmişə elm adamları çıxarıb. Ədəbiyyat da, musiqi də, incəsənət də gözəl şeydir. Ancaq fikir verin, pandemiya oldu. Bütün bəşəriyyət “nə vaxt vaksin hazırlayacaqlar?” deyə gözlədi. Mən də dedim ki, Messini, Ronaldunu çağırın, onlara milyardlar verirsiniz, gəlib bəşəriyyəti xilas eləsinlər. Bu gün, şükür, maska taxmırıq. Bunu kim elədi? Elm! Ona görə də birinci tövsiyəm yüksək təhsillə bağlıdır. Elmin kökü təhsildir. Təhsil varsa, elm olacaq. Təhsilin keyfiyyəti yüksəlməlidir. Bu, təkcə məktəb rəhbərliyindən və ya məktəbin təmirli binasından asılı deyil. Fərdin özünün istəyindən və motivasiyasından asılıdır. Elm isə bu və ya digər ölkəni həmişə ağ günə çıxarar. Mənim müəllimim, dostum, həm də dünyanın böyük dostu Lütfizadəni tanımayan yoxdur. Bir dəfə azərbaycanlı jurnalist ondan “Azərbaycanın gələcəyini necə görürsünüz?”- deyə soruşdu. Böyük alim dedi ki, Cənubi Koreyaya baxın. 30-40 il bundan qabaq cəmi 3 milyard büdcəsi vardı. Son dərəcə kasıb bir dövlət idi. Bu gün isə dünyanın iqtisadi inkişaf nöqteyi-nəzərindən inkişaf etmiş ölkəsidir. Nefti, qızılı, kömürü yoxdur. Beyni var. Təkcə “Samsung” firmasının elmə ayırdığı pul Yaponiya və Çin istisna olmaqla bütün Şərq ölkələrinin bu sahəyə ayırdığı puldan çoxdur. Orda top universitetlər də var. Düzdür, təhsilin və elmin Məkkəsi ABŞ-dır. Yüz top universitet götürsəniz onların 80-85-i ABŞ-dadır. Orada işləyən və yaşayan bir insan kimi deyə bilərəm ki, ABŞ elminin böyük bir hissəsi İran, Azərbaycan, Hindistandan gələn alimlərin çiyinlərindədir. Dünyada həmişə bəşəriyyəti çətin vəziyyətdən elm çıxarıb. Azərbaycanda elm inkişaf edəcəksə, adambaşına düşən ÜDM də fərqli olacaq, həyat səviyyəsi də yüksələcək, ölkənin nüfuzu qalxacaq. O ölkədə ki, elmə 0,2 faizdən aşağı ayırmalar var, elm ölkənin iqtisadiyyatına təsir eləməz. Biz 2005-ci ildə Boloniya sisteminə keçdik. Bu sistemdəki proqramlar dünyanın inkişafına uyğundur. Qoy məndən inciməsinlər, amma bizim təhsildə bu sistemə keçə bilmədilər. Çünki şüurlarda inqilab olmadı. Yəni dəyişə bilmirik. Avropada isə dünyanın inkişaf bazarının arxasınca gedə bilirlər. Məsələn, bu gün Azərbaycanda neçə nəfər 4-cü Sənaye inqilabı haqqında bilir? Ancaq onlar beş ildir ki, bu dərsi keçir və ixtisası hazırlayırlar. Cəfər Cabbarlının “Firuzə” hekayəsini oxumusunuzmu? Şüurlarda inqilab lazımdır. Şüur dəyişməsə, heç nə dəyişən deyil”.