Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-05 11:57:00
Bölgə müəlliminin 5 oktyabr qeydləri – “Valideyn şagirdə dedi ki, sənə bu konverti verirəm və...”

Bir anlıq könlümdən keçdi ki, “Bu gün nə günüdür?”- deyə sorğu keçirim. Çox təəssüf, sorğumuzda  “məşqə gecikənimiz“  belə olmayacaqdı.

Əslində, bu barədə - Beynəlxalq Müəllimlər günü ilə bağlı - o qədər müzakirələr gedir ki...

Müəllimlərimizin, təhsil işçilərimizin bayramıdır, bu gün...  “Qonşudan geri qalma” prinsipini əsas tutaraq, müzakirəyə qatılmağı özümə borc bildim. Müzakirə etməzdən əvvəl, bu günün yaranma tarixi haqqında qısaca məlumat verim:

Müəllimlər günü — təhsil sistemində çalışan insanların peşə bayramıdır. 5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşəbbüsü ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı  ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyinə, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutub. Bu tarix hazırda dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə Müəllimlər günü  keçirilir. Məsələn, müxtəlif əlamətdar hadisələr əsasında Müəllimlər günü  Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə isə 24 noyabr tarixlərində qeyd olunur. Müstəqil Azərbaycanda isə bu tarix 1993-cü il 5 oktyabrda rəsmiləşdirilib. Amma ölkəmizdə Müəllimlər gününün kütləvi şəkildə qeyd olunmasının xüsusi tarixçəsi var. Müəllimlər gününün 1965-ci ildə SSRİ Ali Sovetinin 29 sentyabr tarixli qərarından sonra keçirilməsinə baxmayaraq, təhsil sistemində çalışan insanların zehni əməkləri, onların xidmətləri indiki dövrdə də qiymətləndirilir. Məhz Azərbaycan müstəqillik əldə etdikdən sonra  bu peşə bayramı hər il 5 oktyabrda ölkə ictimaiyyəti tərəfindən qeyd olunur. Xüsusilə, həmin bayram günü şagirdlər və tələbələr öz sevimli müəllimlərini təbrik edirlər.

Keçək mətləbə...Gün gəlməmiş yenə müzarikə edilir, günümüz qara gəlir. Sanki, direktor məktəbin qarşısına böyük hərflərlə yazılmış  elan vurur : ”Əziz valideynlər,  müəllimə hədiyyə versəniz, məktəbi od vurub yandıraram”.

Amma ayın axırı aylığını yığacaq, müəllimlər də bunu adi hal kimi qəbul edəcək. Digəri valideynlərə iclas edir, az qala, məktəbə girişindəcə 50 manat yığmağa başlasa da, məqamdan istifadə edib, özünü təmiz  göstərəcək.

“Müəllimlərə dövlət maaş verir, niyə hədiyyə verirsiz?”- deyən direktor isə sanki məktəbdə könüllü rəhbər kimi fəaliyyət göstərir.

Elə direktor da var ki, vicdanıyla işləyir, bir dəfə də olsa,  hamıya “insan” kimi deyir və hər kəs də onu qəbul edir.

Bizim vaxtda valideynlər iclas edərdi, bir nəfər irəli çıxıb “pul yığaq, müəllimin bayramını təbrik edək”- deyərdi. Valideyn gəlib o hədiyyəni sinfin adından müəllimə təqdim edərdi və  artıq....

Artıq müəllim evə çatıb, onu açmamış qonşusu hansı hədiyyəni kimin aldığını bilərdi.

İndi isə  “Whatsapp”  qrupu  yaradılıb -  bir nəfər ortaya fikir atır, qoşulmaq istəməyən ya da qoşulmaq  istəyib edə bilməyən valideyn fikirləşir ki, uşağım kimdənsə geri qalacaq, mən nə edim?.... Sualı cavabsız qoyuram.

Kənd məktəbində işlədiyimdən valideynlərin “Whatsapp”  qrupunun olmasını elə istəyərdim ki, sözümüz olanda çatdıra bilək. Nə məsələdirsə, biz valideyn tapıb məktəbə gətirə bilmirik. Amma siz valideynlər şikayətçisiniz.

Bu gün təsadüfən yanımdan keçən  valideyn və şagirdin söhbətini eşitdim.  Uşaq, təqribən, ikinci sinif şagirdi olardı.  Ana övladına “Sənə zərfin içində pul verəcəyəm, sabah onu müəlliminə verərsən”- dedi. Pul veriləcək hansı müəllimin açılmamış zərfin içində nə qədər pul alacağını bildim. Hədiyyə budurmu? Heç olmasa, bu müqəddəs peşəyə söz gətirməyək.

Valideynə pul yığmağı öyrədən  müəllimdən  danışmaq istəmirəm, çünki elələrindən bizə həmkar olmaz. Bəzi valideynlərin etmək istədiyi yaxşılıq bizə baha başa gəlir. Bir şeyi nəzərdə saxlayın ki, kimsə sizə pul gətirib verdiyi üçün, nəsə deyə bilər. Ancaq biri sizə gətirib hədiyyə verirsə, ona kimsə, nəsə deyə bilməz. Hədiyyənin böyüyü - kiçiyi olmur. Gülü süpürgə ilə əvəz etməyin, nə olar!  Təmiz ürəklə verilən kiçik hədiyyə, ürək sözləri yazılmış adi bir açıqca  almaqdan utanmayın, pul almaqdan utanın!

Bir daha hər birinizin bayramı mübarək!

Elşən Ramizoğlu