Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-11 10:32:00
DİM sədri “Yüksəliş”in qalibləri ilə görüşüb

DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, 10 yanvar 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə üçüncü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Şamxal Cəmilzadə və Səkinə Vəliyeva ilə tanışlıq görüşü keçirib. Görüşdə DİM-in Direktorlar Şurası sədrinin müşaviri Məhəbbət Əkbərli və Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə də iştirak ediblər.

 

Mentor Məleykə Abbaszadə qalibləri təbrik edib və mentorluq proqramını yüksək səviyyədə həyata keçirmələri üçün DİM tərəfindən iştirakçılara lazımi şərait yaradılacağını bildirib. O, rəhbərlik etdiyi təşkilat və onun inkişaf planları barəsində danışıb, mentilərin inkişaf perspektivləri haqqında tövsiyələrini verib, mentorluq proqramı çərçivəsində mentilərlə əməkdaşlıq edəcəyini, öz təcrübə və biliklərini bölüşəcəyini və gələcək idarəçi rəhbərlər kimi potensiallarının daha da inkişaf etdirilməsi üçün köməklik göstərəcəyini bildirib.

 

Görüşdə DİM-in müxtəlif müsabiqələr zamanı iştirakçıların bilik və kompetensiyalarının ölçülməsində rolu, dünya təcrübəsində mövcud tendensiyalar və eyni zamanda onların Azərbaycanda tətbiqi zamanı yarana biləcək çətinliklər və real imkanlar barəsində söhbət aparılıb.

 

Qaliblərlə onların cari il üçün fərdi inkişaf planları da müzakirə edilib və gələcək görüşlərin ilkin qrafiki müəyyən edilib.

 

Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri M.Abbaszadəyə səmimi qəbula görə təşəkkür edərək, onun şəxsi təcrübəsindən və rəhbərlik səriştəsindən faydalanmaq istədiklərini bildiriblər.

 

Daha sonra qaliblər Mərkəzin struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə “Dövlət qulluğuna qəbulda səriştə modelinin tətbiqi üzrə layihə”nin təqdimatına və müzakirəsinə həsr olunmuş tədbirdə iştirak ediblər.

 

Görüşdən sonra qonaqlar DİM-də yaradılmış və ölkəmizin milli qiymətləndirmə sisteminin tarixinə aid muzeylə də tanış olublar.

 

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Müsabiqə qaliblərinin adı kadr ehtiyatı bankına daxil edilməklə yanaşı, onlar idarəçi rəhbərlər tərəfindən bir illik fərdi inkişaf planı ilə əhatə olunur (https://yukselish.az/mentors.html) və hər biri 20 min AZN məbləğində özünüinkişaf mükafatı əldə edirlər.

 

Növbəti, sayca 4-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən 25 dekabr 2023-cü il tarixində Sərəncam imzalanıb.

 

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.