
“Metafizika Araşdırmalar Mərkəzi”nin rəsmi mətbu orqanı olan “Metafizika” fəlsəfi və fənlərarası araşdırmalar jurnalı beynəlxalq DIIF (Directory of Indexing and Impact Factor) indeksində qeydiyyata alınıb.
AMEA-dan AzEdu.az-a bildirilib ki, nəşr Azərbaycandan ictimai elmlər sahəsində bu nüfuzlu indeksə daxil olan ilk jurnaldır.
Sosial və texniki sahədə çap olunan akademik jurnalları qeydə alan DIIF impakt faktorlu dəyərləndirmə sistemi 1975-ci ildən fəaliyyət göstərir.
Qeyd edək ki, “Metafizika” jurnalının 7 ölkədən tanınmış alimlərin təmsil olunduğu redaksiya heyətinə AMEA-nın müxbir üzvü Könül Bünyadzadə sədrlik edir. Jurnalın baş redaktoru fəlsəfə üzrə elmlər doktoru Ələddin Məlikovdur. Jurnal 6 dildə (Azərbaycan, ingilis, rus, türk, ərəb və fars) məqalə qəbul edir. Nəşrdə metafizik müstəviyə fizikanın fövqünə qalxa bilən elmi, tarixi, bədii, fəlsəfi, sənətşünaslıq axtarışlarına həsr edilmiş araşdırmalara yer verilir.