
“Bəzi inkişaf etmiş ölkələrdə rezidenturaya qəbul imtahansızdır”
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib.
Ekspert rezidentura tibb ixtisasları üzrə baza ali tibb təhsili əsasında həkim-mütəxəssis hazırlığı forması olduğunu bildirib:
“Rezidenturaya qəbul dövlət təhsil standartına uyğun olaraq hazırlanmış baza ali tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların təsnifatı”nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədərdir. Rezidenturada həkim-mütəxəssis hazırlığı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş klinik bazalarda və Naxçıvan Dövlət Universitetinin tibb fakültəsində aparılır. Azərbaycan Respublikasının vətəndaşları üçün rezidenturada təhsil dövlət sifarişi əsasında həyata keçirilir.
Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 5 may 2024-cü il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib. Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1274 namizəddən 35 nəfəri imtahana gəlməyib.
Ümumi sayla müqayisədə belə bir vacib imtahan üçün qeydiyyatdan keçib, gəlməyən 35 nəfər say az sayılmır. 40 və daha yüksək bal toplamış 252 namizəd birinci mərhələnin müsabiqə şərtini ödəyib. Müsabiqə şərtini ödəyənlərdən 128 nəfər 4 və ya 5-ci kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar”.
Həmsöhbətimiz bütün müqayisələrdə rezidenturaya qəbulda bu il nəticələrin aşağı olduğunu söyləyib:
“Müqayisə üçün qeyd edim ki, keçən il rezidenturaya qəbul imtahanında iştirak etmiş 1288 namizəddən 371 namizəd birinci mərhələnin müsabiqə şərtini ödəmişdi ki, onlardan 170 nəfər 4 və ya 5-ci kurs tələbələri idi. Bütün müqayisələrdə görürük ki, rezidenturaya qəbulda bu il nəticələr aşağıdır. Nəticələrin aşağı olmasının müxtəlif səbəbləri var ki, onlardan biri də namizədlərin yetərincə hazırlıqlı olmaması ilə əlaqələndirmək olar.
Rezidentura tibb təhsilinin ən yüksək mərhələsi sayılır. Bəzi inkişaf etmiş ölkələrdə rezidenturaya qəbul imtahansızdır. Çünki tələbə oxuduğu 6 il müddətində bütün fənnlərdən imtahan verir. Məsələn, bakalavr pilləsini ABŞ universitetində oxuyan Amerika vətəndaşı rezidenturaya qəbul imtahanı vermir, yalnız əcnəbi tələbələrdən imtahan götürülür.
Amma bu təcrübəni ölkəmizdə tətbiq etmək hələ çox tezdir. Hələ bu qədər imtahanlarla səhiyyəmiz ürəkaçan səviyyədə deyil. Yəni bizim həkimlərin Amerika həkimlərinə çatmaq üçün keçəsi çox yolu var. Söhbət hər hansı fərddən getmir, ümumi səhiyyənin mənzərəsindən gedir. Ölkəmizdə öyrətmə metodunda da problemlər var. Bizdə həkim olmaq daha çox nüfuz, pul əldə etməyə yönəlib”, - deyə ekspert fikrini tamamlayıb.