
Həmişə düşünmüşəm ki , danışmaq yazmaqdan daha çətin olur. Danışarkən təkrar oxuma və düzəltmə imkanımız olmadığından daha diqqətli olmalıyıq. Söz seçiminə, cümlələrin düzgün quruluşuna, ən əsası isə düzgün tələffüzə fikir vermək lazımdır. Danışarkən mədəni, ədəbi danışığa üstünlük verilməlidir,ləhcəylə danışıq tərzindən uzaqlaşmaq lazımdır. Xüsusən, peşə sahibləri, kollektiv işlərdə çalışanlar, ictimaiyyətlə əlaqəli olanlar buna daha çox diqqət ayırmalıdır. Danışığına fikir verməli olan peşə sahiblərindən biri də müəllimlərdir.
Müəllim ləhcəylə danışmalıdırmı?
Bu sualı müzakirə etməmişdən əvvəl qeyd edək ki, orfoqrafiya düzgün yazı, orfoepiya düzgün tələffüz qaydalarını öyrənir . Azərbaycan dili dərslərində kifayət qədər bu qaydaların mənimsənilməsi üçün vaxt ayrılır. Dialekt (ləhcə) isə müəyyən kənd, rayon, bölgə üçün spesifik olan sözlərdir. Bu gün Azərbaycan müəllimlərinin danışıq nitqi necədir ? Ləhcə ilə danışmaq düzgündürmü ?
Bəs görəsən pedaqoqlar bu haqda nə deyir?
Kəlbəcər rayon 100 saylı tam orta məktəbin fizika müəllimi Elçin Nurməmmədov buna aid bir nümunə çəkib:
“Deməli, İncəsənət Universitetinə qabiliyyət imtahanı verərkən, gələcəyin aktyorları, rejissorları səhnə danışığından da imtahan verirlər. Əgər gələcəyin aktyoru və ya rejissorunda danışıq mədəniyyəti yoxdursa, onu o an imtahandan kəsirlər. Niyə belə bir imtahan pedaqoji təhsil verən elm ocaqlarında olmasın?! Müəllimin səlis, gözəl, aydın danışması ən əsas xüsusiyyətlərindən biridir və bəlkə də onun savadı ilə paralel olmalıdır”.
E.Nurməmmədovun sözlərinə görə, müəllimlərin işə qəbul prosesinin müsahibə mərhələsində buna diqqət yetirilməlidir:
“Müəllimin aydın danışmaq və verilən sualın cavabını konkretləşdirib söyləmək bacarığı olmalıdır. Bəzi insanlar dialekt yönümlü olsa belə öz ləhcəsini qoruyub saxlayır. Ancaq müəllimin dərs prosesində ləhcəylə danışması düzgün deyil. Dilimiz birdirsə, öyrətməyimiz də bir olmalıdır”.
Salyan rayonu Şəkərli kənd ümumi orta məktəbinin Təlim Tərbiyə İşlər üzrə direktor müavini, həmçinin ixtisasca Azərbaycan dili ve ədəbiyyat müəllimi olan Gülər Quliyevanın sözlərinə görə, bu problemin əsas qaynağı odur ki ,müəllimlər və ya müəllim namizədləri Azərbaycan dilini yetərincə yaxşı öyrənmirlər:
“Ali məktəbə hazırlaşan əksər abituriyent Azərbaycan dili fənninə sadəcə olaraq imtahan fənni kimi baxır. Çoxları nəzərə almır ki,insan hər şeydən öncə ana dilini mükəmməl bilməlidir. Məsələ Azərbaycan dilində danışmaq deyil, nitq normalarını gözləməklə düzgün danışmaqdır.Nitqində dialektizmlərdən istifadə edən bir müəllimin danışığı şagirdlər üçün nə dərəcədə anlaşıqlı ola bilər? Onu da nəzərə alsaq ki ,son dövrdə əksər müəllim, ixtisaslı şəxslər öz regionunda deyil, digər bölgələrdə fəaliyyətə başlayırsa, problemi daha aydın təsəvvür etmək olur. Fikrimcə, pedaqoji profilli ali məktəblərin son kurslarında nitq mədəniyyəti tədris olunarsa və əsas fənlərdən biri kimi diqqətdə saxlanarsa,problem az da olsa,həll oluna bilər”.
Bakı şəhər Y.Mirzəyev adına 44 nömrəli məktəbin ibtidai sinif müəllimi Təranə Hüseynova deyir ki, müəllimin ləhcə ilə danışmasının qarşısı alına bilər:
“Məsələn mən bunun üçün üzərimdə çox çalışmışam. Hətta “Natiqlik kursu”na belə getmişəm. Həm düzgün danışmağı, həm də vaxtında fikri tam və dəqiqliklə çatdırmağı öyrənməyə çalışmışam. Bir şeyi yaxşı dərk etdim ki, insan düzgün və səlis danışmağı hardasa öyrənir, lakin fikrini düzgün və yerində çatdırmaq bir az zaman alır. Atalar yaxşı deyib qonağı geyiminə görə qarşıla, ağlına görə yola sal. Bu gün hər bir kəs öz nitqindəki "ləhcəni" istəsə düzəldə bilər. Unutmayaq ki, biz şagirdlərlə işləyirik və burada səhvə yol vermək olmaz”.
Müəllim bildirib ki, işlərində hazır və əvvəlcədən müəyyən edilmiş reseptlər yoxdur:
“Müəllim vaxtında düşünüb həm düzgün , həm də dəqiq cavab verməyi bacarmalıdır. Eyni zamanda burada onun həm səs tonu, həm işlətdiyi ifadələr, həm də jest və mimikası əsas rol oynayır. Mən ləhcədən öncə dilimizdə işlədilən rus tərkibli sözlərə qarşıyam. Ən çox da bu, məni qıcıqlandırır. Şagird I sinfə gəlir, çantaya "sumka", qələmə “ ruçka" deyir. Baxırsan bu sahədə ən acınacaqlı vəziyyəti bizlər yaşayırıq. Ləhcəni kənara qoydum. Nə zaman dilimizi sevəcəyik? Axı bu dil bizim mənliyimizdir. Xəlil Rza Ulutürk çox gözəl deyib:
Demək sağdır mənim dilim!
Demək sağdır milyard yaşlı məmləkətim...”
Diksiya Akademiyasının direktoru, aparıcı Cəlalə Nəzəroğlu bildirib ki, bu, çox geniş mövzudur:
“Efirlərdə və sosial şəbəkələrdə dəfələrlə bu barədə bildirmişəm ki, müəllim ləhcə ilə danışa bilməz. Ümumiyyətlə, peşəsindən asılı olmayaraq, hər kəs ədəbi dildə danışmalıdır. Xüsusi ilə də müəllim...Çünki onun qüsurlu nitqi virus kimi şagirdlərə də keçir. Düzəltmək üçün isə Azərbaycan dilini öyrənmək lazımdır. Bunu məişət səviyyəsində deyil, akademik dərəcədə öyrətmək lazımdır”.
Elşən Ramizoğlu