
Rusiyada ölkənin ali təhsil müəssisələrinin sosial şəbəkələrdə fəallığına dair aparılmış reytinqin nəticələri açıqlanıb.
“Sosial şəbəkələrdə ali məktəblərin kommunikasiya fəallığına dair reytinq”in tərtibçiləri istifadə olunmuş metodologiya və tədqiqatın nəticələri barədə məlumat veriblər. Tərtibçilər qeyd ediblər ki, tədqiqatda ölkənin 21 ali məktəbi iştirak edib. Bütün ali məktəblər Rusiyanın aparıcı universitetlərinin dünya elm-təhsil məkanında rəqabət qabiliyyətliliyinin artırılması üzrə “5-100” layihəsinin iştirakçılarıdır.
AzEdu.az xəbər verir ki, layihənin tərtibçilərindən “Rusiya bu gün” sosial şəbəkəsinin rəhbəri Natalya Tyurinanın sözlərinə görə, hazırda ali məktəb təhsilinin ən əhəmiyyətli problemlərindən biri yaxşı qurulmuş əks-əlaqə sisteminin yoxluğudur:
“Bundan başqa, biz hamımız bütün tələbələrin öz universitetlərinin təşəbbüsləri və fəallığı barədə məlumatlı, həmçinin bu və ya digər yeniliklər, innovasiyalar, aksiyalar haqqında şəxsi fikirlərini söyləmək imkanına malik olmalarının nə qədər əhəmiyyətli olduğunu gözəl anlayırıq. Və sosial şəbəkələr bu problemi ən optimal şəkildə həll etməyə qabildirlər”.
Onun sözlərinə görə, 2017-ci ildə aparılmış müzakirələr gedişində məlum olub ki, tələbələr artıq çoxdandır ki, sosial şəbəkələrdə aktiv şəkildə ünsiyyətdədirlər, cari problemlərə dair müzakirələr aparırlar, ona görə də hər bir universitetin onlarla düzgün kommunikasiya sistemi yaratması çox vacibdir.
Tədqiqatdan məlum olub ki, ali məktəblərin sosial şəbəkələrdə fəallığı “bəyənmə”lərin sayı və əhatəliliyə görə qiymətləndirilib. Sosial şəbəkələrin çoxluğu nəzərə alınaraq əsas diqqət 3 şəbəkəyə- Facebook, Tvitter və Vkonkakta yönəlib.
Başlıca meyarlardan biri kimi auditoriyanın əhatə dairəsi, yəni tələbələrin sayının sosial şəbəkələrdə ali məktəbin akkauntlarının abunəçilərinin sayına olan nisbəti əsas qiymətləndirmə kriteriyası kimi götürülüb. Məlum olub ki, bəzi ali məktəblər şəbəkələrdə çox sayda postlar yerləşdirir və hətta əgər onlardan yalnız birinə cəmi bir ədəd “bəyənmə” və ya şərh olsa belə, onlar məhz saylara görə rəqiblərini keçə bilərlər. Beləliklə də postlardan çox, məlumatın insanlar tərəfindən fəal şəkildə yayılması və onların tanışlarla müzakirə edilməsi daha əhəmiyyətli hesab olunub.
Məlum olub ki, hər ali məktəb şəbəkə həyatının təşkilinə yanaşmada öz unikal xüsusiyyətlərinə malikdir. Məsələn, tədqiqatlar Rusiya Xalqlar Dostluğu Universitetinin Feysbukun ən çoxsaylı və fəal ingilisdilli auditoriyaya malik, Ural Federal Universitetin əcnəbi abunəçilərlə işi yaxşı təşkil edən ali məktəb olduğunu üzə çıxarıb. Moskva Fizika Texnika İnstitutu tələbə loyallığına görə lider olması ilə seçilib. Daha az tələbə kontingentinə malik olan Baltik Federal Universiteti isə daha çox postların və şərhlərin sayına görə fərqlənib.
Azərbaycan müəllimi