
Bir müddət öncə, ölkə başçısının tələbələrin (həmçinin, magistr, doktorantların) təqaüdlərini artırması cəmiyyətdə - xüsusən də ali məktəblərdə gənclərin sevincinə səbəb oldu.
Tələbə qayğıları hər zaman çox olur. Bu qayğıların əsas nüvəsini isə maddi problem təşkil edir.
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AzEdu.az-a açıqlamasında indiki tələbələrin o zaman ali təhsil alanlardan daha çox təqaüdlə təmin olunduğunu deyib. Amma bu faktın əksinə olaraq, indiki tələbələrin daha çox qayğılarının olduğunu bildirib:
“Universitetdə oxuduğumuz illərdə aldığımız təqaüd indikindən az idi. Amma onda qiymətlər də çox yüksək deyildi; bir peraşkini 5 qəpiyə ala bilirdik. İndi isə hər şey bahalaşıb.
Tələbə təqaüdlərinin artırılması çox müsbət haldır. Prezident bu istiqamətdə çox böyük addım atdı.
Bugünkü tələbələrin qayğı və tələbləri daha çoxdu. O vaxtı yataqxanalar var idi, tələbələr də orada yaşayırdılar. Amma indi demək olar, hamısı şəxsi evlərdə kirayə qalır.
Bizim vaxtımızda ən yüksək tələbə təqaüdü 48 manat idi. Üstəlik, yataqxana ilə də təmin edilirdik, oradakı yeməklər ucuz olurdu. Buna görə də, aldığımız 48 manat tələbəni qane edirdi. İndiki tələbələrin vəziyyəti isə ağırdır.
Politoloq, keçmiş dövlət müşaviri Qabil Hüseynlini tələbəlik dövründə 120 manat “Lenin təqaüdü” alıb. Bu təqaüdlə o, hətta ailəsinə də yardım edib:
“Universitetə əla qiymətlərlə daxil olmuşdum. Əla qiymətlərlə oxuyur, 120 manat “Lenin təqaüdü” alırdım. Bu məbləğin 50-55 manatı mənə yetirdi. Yerdə qalan hissəsini isə ya yığıb özümə paltar alırdım, ya da yardım kimi evimizə göndərirdim.
Aldığım təqaüd mənə dərs deyən müəllimin maaşından xeyli çox idi. Hətta baş müəllimin maaşından da 10 manat artıqiydi. Bunu fakültədə yalnız bir adama verirdilər və həmin adamın bütün qiymətləri “beş” olmalı idi. Bəxtimdən bu təqaüd mənə düşdü və ondan 3 ilə yaxın müddətdə faydalandım. Bəlkə də o təqaüd olmasaydı, mən çox ciddi çətinliklərlə qarşılaşardım.
Həmin vaxtı əlaçılar 50 manat təqaüd alırdılar. Bu məbləğlə pis-yaxşı dolanmaq olurdu. Yataqxanada yaşasaydım, heç maddi problemim olmazdı. Amma mən “Lenin təqaüdü” aldıqdan sonra bir neçə həmkəndlimlə birlikdə Badamdarda ev tutdum.
İndiki dövrdə hörmətli prezidentimiz təqaüdləri qaldırdı. Amma bu təqaüd də tələbələrin ehtiyaclarını tam ödəmək üçün yetərli deyil.
Rəna Nəbi