Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-01 22:45:00
Tələbələr yanğın təhlükəsizliyi ilə bağlı bilgiləndirilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının iştirakı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan “Uşaqların təhlükəsizliyi, bizim məsuliyyətimiz” mövzusunda tədbir keçirilib.  AzEdu.az-ın məlumatına görə, ADPU-nun rektoru, professor Cəfər Cəfərov universitetin 2019-cu il üçün mülki müdafiə üzrə hazırlıq planına əsasən fevralın 6-da bu tədbirin yüksək səviyyədə keçirilməsi məqsədilə əmr imzalayıb. Əmrə əsasən universitetdə 5 nəfərdən ibarət komissiya yaradılıb.

 

Tədbirdə ADPU-nun rəhbərliyi, Səbail Rayon İcra Hakimiyyətinin (RİH) məsul şəxsləri, FHN-in Bakı Regional Mərkəzinin, nazirliyin Dövlət Yanğından Mühafizə İdarəsinin Səbail rayon hissəsinin, rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, bələdiyyələrin əməkdaşları, rayon veteranlar təşkilatlarının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölməsinin nümayəndələri, universitetin müəllim-texniki heyəti, hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin komandir-rəis və şəxsi heyəti, tələbələr iştirak ediblər.

 

Universitetin həyətində başlanan tədbirdə əvvəlcə Azərbaycanın dövlət himni səsləndirilib.

 

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev Ümumdünya Mülki Müdafiə Gününün 1972-ci ildə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə təsis edildiyini deyib. Bildirib ki, bu əlamətdar gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il dünyada kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatının üzvüdür. Müasir dövrümüzdə vətəndaşların mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə təşkilatlarının qarşısında dayanan əsas vəzifələrdən biridir.

 

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Anar Axundzadə, rayon üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Nazir Əkbərov tədbirin keçirilməsinin əhəmiyyətindən danışaraq bildiriblər ki, əsas məqsəd tələbələri maarifləndirmək, onlara baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə qaydalarının öyrədilməsidir.

 

Çıxışlardan sonra universitetin həyətində süni yanğın hadisəsi təşkil olunub və həyəcan siqnalı verilib. Dörd dəqiqə ərzində tələbə və müəllim heyəti universitetin binasından təxliyə edilib. Təxliyə olunan andan şərti xilasetmə əməliyyatına başlanılıb. Əvvəlcə “112” qaynar telefon xəttinə məlumat verilib. Tələbələrin iştirakı ilə hadisə zamanı universitetin binasında qalan yaralılar həyətə çıxarılıb, onlara ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edilib. Təlimlər çərçivəsində xilasedici, yanğınsöndürmə, radiasiya əleyhinə və digər mühafizə vasitələrinə, FHN-in xilasedicilərinin xüsusi texnikasına və alətlərinə baxış keçirilib.

 

Sonra tədbir universitetin Heydər Əliyev məktəbinin lektoriyasında davam edib. Tələbələr üçün əyani vəsaitlər və videofilm nümayiş etdirilib.