Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-03-05 23:53:00
Universitetdə Aprel şəhidinin  xatirəsinə həsr olunan tədbir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarix və coğrafiya fakültəsinin III kurs tələbəsi Taleh Mirzəyevin rəhbərliyi ilə icra olunan “Ermənilərin mənşəyi, dünya və erməni ictimai xadimlərinin ermənilər haqqında fikirləri və gənclərin beynəlxalq erməni terrorizmi haqqında məlumatlandırılması” layihəsi çərçivəsində keçirilən silsilə elmi-praktik seminarlar yekunlaşıb.

Aprel şəhidi Nurəddin Mirzəyevin unudulmaz xatirəsinə həsr olunmuş layihənin rəhbəri Taleh Mirzəyev AzEdu.az-a bildirib ki, bununla bağlı keçirilən tədbirdə ADPU-nun humanitar və sosial məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, ümumi işlər üzrə prorektoru Əbdül Xalıqov, AMEA-nın Tarix İnstitutunun elmi işçisi, "Qarabağ - əcdadlarımızın mirası", "Zəngəzur", "İrəvan" filmlərinin ssenari müəllifi Ramin Əlizadə və tələbələr iştirak ediblər.

 

Tədbirə ekspert qismində dəvət edilmiş Ramin Əlizadə tələbələr önündə çıxış edərək ən qədim dövr Azərbaycan tarixinin və tarixşünaslığının görünməyən, tədqiq olunmayan, yaxud diqqət ayrılmayan bir çox aspektlərindən söz açıb, eyni zamanda, “türk”, “hun”, “Azərbaycan”, “Atropotena” kimi etnonim və toponimlərin kökü barədə məlumat verib. Sonra tələbələri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

 

Müzakirələrdən sonra Fikrət Rzayev mütəxəssisə maraqlı və dərin elmi məzmunlu məruzəsinə görə təşəkkürünü bildirib, tələbələrə elmi bilikləri mənimsəməkdə yorulmadan çalışmağı tövsiyə edib. Prorektor deyib: “Nurəddinin timsalında neçə-neçə igid oğullarımız şəhidlik zirvəsinə yüksəldi ki, siz tələbələr əmin-amanlıq şəraitində Vətənin və millətin gələcəyi üçün elmin dərinliklərinə baş vura bilsinlər”.

 

Sonra tələbələrə ADPU rəhbərliyinin təsdiqlədiyi iştirakçı diplomları təqdim edilib və bununla da, layihənin ilkin pilot mərhələsinə yekun vurulub.