
1967-ci ilin mart ayının 29-da Amerikada satışa çıxan bu alət sadəcə 4 bəsit əməliyyat - toplama, çıxma, vurma və bölmə edə bilirdi.
O günki kalkulyatoru indiki smartfonun ulu babası sayırlar. Bu gün smartfonlar bizim ayrılmaz parçamıza çevriliblər, onların gündəlik həyatımıza girməsi heç kimi təəccübləndirmir. Ancaq kalkulyatorun icadı inqilabdı, beyinlərdə çevriliş idi, bu gün bizə adi bir şey kimi gələn alət 1960-ların sonunda insanlara möcüzə kimi gəlirdi.
Çox şeydə olduğu kimi kalkulyator da sovet insanının həyatına çox gec girdi. Fizikanın, xüsusilə də yarımkeçiricilər fizikasının fundamental olaraq Qərbdən çox da geridə qalmasına baxmayaraq, SSRİ praktikada dəhşətli dərəcədə geri qalırdı. Mənim ilk kalkulyatorum hardasa 1970-lərin sonunda oldu. Kalkulyatorun icadının tarixi əhəmiyyəti həm də ondadır ki, bu alətlər hesablama texnikasının sürətli inkişafına təkan verərək, indiki kompyuterlərimiz üçün yaşıl işıq yandırdılar.
Kalkulyator 3 nəfər tərəfindən icad edilib - Jack Kilby, Jerry Merryman və James van Tassel. İllər sonra - 2000-ci ildə Jack Kilby fizika üzrə Nobel mükafatı aldı. O, bu mükafata "İnteqral sxemlərin kəşfindəki əməyinə" görə layiq görülmüşdü. Kilby bu nüfuzlu mükafata alman fiziki Herbert Kroeme və rus alimi Jores Alfyorovla bərabər aldılar. Çox təəssüflər olsun ki, rus mənbələri Jack Kilbynin adını tələffüz belə etmək istəmirdilər. İnteqral sxemlər dedikləri isə hamının bildiyi mikro-sxemlər, yəni "çip"lərdir. İndi baxın görün ki, adicə bir kalkulyator XX əsrə necə önəmli bir damğa vurub.
Sual edə bilərsiniz ki, bu kalkulyator nostalgiyası hardan ağlıma gəldi. Bir az əvvəl oxudum ki, Jerry Merryman bu gün Dallasda vəfat edib. O, ömrünün son günlərinə qədər Texasda aşıqi olduğu elektronika ilə məşğul olurdu.
İnsanlığa işıqlı yollar açan bu böyük mühəndisə dünyanın bütün rəhmətlərini diləyirəm...
Qeyd: Maraqlı faktlara görə, İbrahim Nəbioğluna təşəkkür edirik