
Hüquq elmləri üzrə fəlsəfə doktoru, professor Cahangir Hüseyn Əfşarın “Fikir, düşüncə və mülahizələrim” adlı monoqrafiyası çapdan çıxıb. AzEdu.az xəbər verir ki, kitab Azərbaycanda İslam Həmrəyliyi İlinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilib.
Müəllifin 2016-cı ildə işıq üzü görən və Aprel döyüşlərində həlak olmuş əsgər və zabitlərimizin əziz xatirəsinə ithaf etdiyi “Fikir və düşüncələrim” monoqrafiyasının müəyyən mənada davamı olan yeni kitabda onun din-dövlət münasibətlərinin tarixi və müasir problemləri, demokratik dövlət quruculuğu və hüquqi dövlət məsələsi, dövlətçilik tariximizin bəzi problemləri haqqında mülahizələri əksini tapıb.
Dörd fəsildən ibarət kitabın birinci fəsli “Din və ictimai münasibətlər sistemi: tarix və müasirlik” adlanır. Burada din-dövlət münasibətlərinə, dünya dinlərinin keçdiyi inkişaf yoluna, onların müasir problemlərinə geniş şəkildə toxunulub, din-cəmiyyət münasibətləri mövzusunda uzun zamandan bəri mövcud olan bəzi təhriflər və subyektiv yanaşmalara münasibətdə fərdi baxış ortaya qoyulub. Həmçinin Azərbaycan maarifçilərinin İslam dininə münasibəti təhlil edilib, XIX əsrin ikinci yarısı – XX əsrin birinci rübündə yazıb-yaratmış bir çox görkəmli ziyalı, ədib və filosoflarımızın İslam dininə qarşı deyil, cəhalət, gerilik və xurafatla mübarizə apardıqları onların öz yaradıcılıqlarından gətirilən nümunələrlə əsaslandırılıb. Azərbaycanın İslam dünyasının həmrəyliyinə verdiyi töhfədən xüsusi olaraq bəhs edən müəllif, eyni zamanda, bu istiqamətdəki fəaliyyətin gücləndirilməsinə dair təkliflər irəli sürüb. Nəşrin elmi redaktoru akademik, Milli Məclisin deputatı Nizami Cəfərov yazır: “O (Cahangir Hüseyn Əfşar - red), qəti və birmənalı şəkildə göstərir ki, elmi-texniki tərəqqinin olduqca böyük miqyas aldığı, bəşəriyyətin artıq kosmosun iqtisadi, hətta məskunlaşdırılma imkanlarını tədqiq etdiyi, demokratiyanın ən geniş təzahürləri ilə özünü göstərdiyi bir dövrdə bu və ya digər cəmiyyətin dini anlayışlarla məhdudlaşdırılması, şəriət normaları çərçivəsinə salınması həmin cəmiyyətə çıxarılan ölüm hökmü deməkdir. Müasir dünyanın, xüsusilə də aparıcı dövlətlərin inkişaf tempinə və nailiyyətlərinə nəzər saldıqda müəlliflə razılaşmaqdan başqa çarəmiz qalmır”.
“Azərbaycanın dövlətçilik tarixinə bir nəzər” adlı ikinci fəsildə xronoloji ardıcıllıqla Azərbaycanda dövlətçilik ənənələrinin təşəkkül prosesi, onun ən mühüm aspektləri təhlil süzgəcindən keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti və müstəqil Azərbaycan Respublikasının yaranması, inkişafı kimi mühüm tarixi mərhələlərə xüsusi həssaslıqla yanaşılıb, onların dövlətçilik tariximizdəki, həmçinin xalqımızın siyasi şüurundakı yerləri faktlarla əsaslandırılıb. Fəslin bir bölməsi Güney Azərbaycan məsələsinə həsr olunub. Müəllif cənubdakı soydaşlarımızın 1828-ci il Türkmənçay müqaviləsindən indiyədək keçdikləri tarixi və mədəni inkişaf yoluna, onların müasir problemlərinə nəzər salıb. Akademik Nizami Cəfərov yazır ki, Cənub mövzusunda Cahangir müəllimin tutduğu mövqe, qələmə aldığı fikirlər hər birimiz üçün gözəl vətənpərvərlik nümunəsi, rasional millətçiliyin örnəyidir.
Müəllif kitabın üçüncü fəslində “Dağlıq Qarabağ münaqişəsinin tarixi və müasir vəziyyəti”ndən söz açmaqla yanaşı, bir peşəkar hüquqşünas kimi onun optimal həll yolunun da qiymətləndirilməsinə çalışıb. Kitabın məsul redaktoru və “Ön söz”ün müəllifi, professor İzzət Rüstəmovun fikrincə, Cahangir Hüseyn Əfşar heç kimi təkrarlamadan problemlə bağlı öz mülahizələrini bölüşür. Bu mülahizələr aktuallığı, Qarabağ probleminin mahiyyəti, həllinin təkamülü və dinamikası baxımından praktik əhəmiyyət kəsb edir.
Kitabın dördüncü fəslində müəllifin son illər dövri mətbuatda işıq üzü görmüş məqalə və müsahibələri, həmçinin onun haqqında yazılmış müxtəlif materiallar toplanıb.
Hüquqşünas alimin şəxsi təcrübəsinin və düşüncələrinin məhsulu olan bu kitab istər müasir oxucuda, istərsə də gələcək nəsillərdə tariximizin, indiki həyatımızın və ictimai-siyasi fikrimizin bir sıra aktual məsələlərinə dair aydın təsəvvür formalaşdıracaq, dövlət quruculuğu istiqamətində fəaliyyət göstərənlərə isə müəyyən qədər yardımçı olacaq.