Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-04 22:57:00
"Böyük bir missiyanın daşıyıcısı və davamçısıyam" - Şəhid  övladı

İlyas Əfəndiyev adına Elitar gimnaziyanın XI sinif şagirdi Tahir Axundov  Nərimanov Rayon İcra Hakimiyyətinin “Aprel döyüşləri bizim şanlı səhifəmizdir” adlı tədbirində çıxış edib. AzEdu.az-ın məlumatına görə, Tahir Axundov  şəhid övladı olmaqdan qürur duyduğunu bildirib:

Mən şəhid oğluyam! Bəli, bu, qürürvericidir! İndi atama ehtiyacım olanda üz tutacağım ünvan onun ruhudur. Hər addımda özümlə bərabər şəhid oğlu statusunu daşıyıram. Atam Sənan Axundovun ruhu mənimlə bərabərdir.

Vətən uğrunda şəhid olan bütün qəhrəmanlarımız indi mənim ruh qohumlarımdır. Onların hamısı mənim əmilərim, qardaşlarımdırlar.

Mən bilirəm ki, böyük bir missiyanın daşıyıcısı və davamçısıyam.

Dövlətimizin şəhid ailələrinə, Qarabağ müharibəsi qazilərinə göstərdiyi qayğı bizi daha da şərəfləndirir. Şəxsən cənab Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva hər bir şəhid ailəsinin yanında olduğunu həm sözləri, həm də əməlləri ilə dəfələrlə sübut ediblər. Mehriban xanımın bizim ailəmizə göstərdiyi qayğı heç bir zaman yadımızdan çıxmayacaq. Ailəmizə qarşı olan ədalətsizlik məhz Mehriban xanımın qayğısı nəticəsində ürəklərimizə məlhəm oldu. Fürsətdən istifadə edib cənab prezidentə və Mehriban xanıma ailəmiz adından öz təşəkkürlərimi çatdırıram.

Əminlikə bildirmək istəyirəm ki, atalarımızın, babalarımızın yoluna sadiq olacağam. Əvvəllər arzum həkim olmaq idi. İndiki məqamda arzuma bir az korrektə elədim. Amalım gələcəkdə hərbi həkim olmaqdır. Ümidvaram üzərimə düşən missiyanın öhdəsindən şərəflə gələcəyəm.

Çıxışımın sonunda demək istəyirəm, Siz Vətən torpağı uğrunda canlarından keçən şanlı şəhidlərimiz, ruhunuz qarşısında and içirik: Torpaqlarımız tam azad olmayınca, qılıncımızı qınına qoymayacağıq. Sizin ruhunuz rahat olması üçün hər gün ancaq bir amalımız olacaq, Qarabağı azad etmək, o müqəddəs torpaqlarda Azərbaycanımızın şanlı bayrağını ucaltmaq. Qoy bayrağımızın al rəngi damarlarımızda qanımızı coşdursun, mavi rəngi bizi ulusumuza layiq etsin, yaşıl rəngi imanımızı daha da kamilləşdirsin!

Vətən, sənə canımız fəda olsun! Sən daim var ol, hür yaşa!