Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-08 10:05:00
Ramiz Novruzun sonradan evliliyə dönən məktəb sevgisi: “Məktubun heç üzünə də baxmadı” -XATİRƏ  

AzEdu.az  Modern.az-a istinadən, tanınmış aktyor, Xalq artisti Ramiz Novruzun məktəb illəri ilə bağlı maraqlı xatirələrini təqdim edir:

Biz sentyabrın 1-i dərsə gedirdik. Uşaqlar bir yerə yığışanda barabanın üstündə dava olurdu. Çünki cəmi bir nəfər barabanı çala bilərdi. İlk günlərdə orta məktəbə alışa bilmirdim. Uşaqlarla qaynayıb-qarışandan sonra məktəbə də öyrəşirdim.

Kənd uşaqları hamımız bir-birimizə qoşulub, məktəbə piyada gedib-gəlirdik. Biləsuvar Muğan zonası olsa da, qış soyuq keçirdi. Kəndimizdə böyük bir kanal var idi. 20-30 metr eni, 1,5-2 metr də dərinliyi olardı. Yayda günümüz kanalda üzməklə, çimməklə keçsə də, qışda çox zaman kanalın üzəri donurdu. Suyun üzündə qalın buz qatı əmələ gəlirdi. Nə qədər soyuq olsa da, biz məktəbdən qalmazdıq. Elə gedib-gələndə də həmin donmuş kanalın üstündə oynayırdıq. Xizək sürürdük, əldə xizəklər düzəldib, kanalda oynayırdıq.


“Qız uşaqlarına da kanalda üzməyi öyrədirdilər”

- Kənddə ağsaqqalların sözü həmişə keçirdi. Yay aylarında kanaldan su götürməyə gələn qadınlar, qızlar bədbəxt hadisələrlə üzləşirdilər. Boğulma halları çox olurdu. Axı oğlan uşaqları kiçik yaşlarından kanalda çimir, üzməyi öyrənirlər. Qız uşaqları isə əksinə, oralara ancaq paltar yumağa, su götürməyə gedə bilirdilər. Artıq bir neçə dəfə belə hadisə yaşananda kəndin ağsaqqalları məsləhət gördülər ki, valideynlər uşaqlara kiçik yaşından üzməyi öyrətsinlər. Ona görə valideynlərin nəzarəti ilə qızlar da üzməyi öyrənirdilər. Bu çox kömək oldu. Yeniyetmələrin boğulma halları xeyli azaldı.

- 6-7-ci sinifdə oxuyanda ilk teatr təəssüratlarım başladı. O zaman bilirsiniz, orta məktəb müəllimləri teatr tamaşaları təşkil edirdilər. Bizim kənddə ən çox oynanılan “Qacar” tamaşası idi.   

Mən həmin yaşda olanda ali məktəbi bitirmiş cavan müəllimlər məktəbimizdə tamaşanı hazırladı. Kərimxan müəllim, Dünyamalı müəllim və digərləri rollar ifa edirdilər. Allahverdi adlı bibim oğlu da həmin tamaşada oynayırdı. Mən izləyicilər sırasında idim. Amma Allahverdiyə söz deyəcəyimi bəhanə edib, səhnə arxasına, indi “kulis” dediyimiz hissəyə keçə bildim. Səhnənin lap küncündə, görünməyən hissədə dayanıb, aktyorlara baxırdım. Artıq tamaşa başlamışdı, aktyorlar səhnədə idi. Qacar rolunu bibim oğlu oynayırdı. Hər gün deyib-gülən, zarafatcıl Allahverdi rolunu elə canlandırırdı ki... Pörtüb, gözləri hədəqədən çıxıb, əlində qılınc hikkə ilə dayanıb, elə bil indicə kimisə öldürəcək. Mən ona heyrətlə baxırdım, hətta inanmırdım ki, bu mənim bibim oğludur. “Kimdi bu, nə oyun çıxardır?” - deyə öz-özümə fikirləşirdim. Bu səhnə o qədər yaddaşıma həkk olundu ki, ondan sonra evdə “Qacar” oynamağa başladıq. Birimiz Qacar, birimiz Vaqif olurduq, tamaşalar qururduq.

Sonralar mən tez-tez məktəbin bu kimi tədbirlərində iştirak etməyə başladım. Kərimxan müəllim teatr tamaşalarında mənə də rol verirdi. Bir dəfə də məktəbdəki tədbirdə şeir deməyə cəhd etdim, amma alınmadı. İlk dəfəm idi, böyük zalın qarşısında şeir deyəcəkdim. Elə ilk misralara başlayanda zalda möhtəşəm bir sakitlik yarandı. Hamı diqqətlə məni dinləyirdi. O qədər özümü itirdim ki, şeir yadımdan çıxdı. Səməd Vurğunun “26-lar”ından oxuduğum misraları unutduğuma görə, “Komsomol” poemasına bağladım. Bir-iki misra da ondan dedim, gördüm zalda pıçıldaşma başladı. Hamı başa düşmüşdü ki, qatıb-qarışdırmışam. Çünki kəndin ziyalıları ədəbiyyatdan başı çıxan adamlar idi. Hər səhvi tuturdular. Ona görə, sakitcə səhnədən siyrılıb, aradan çıxdım. Sonradan mənə dedilər ki, sən səhnədə dayananda, şeir oxuyanda qulaq asmaq istəyirlər.


“O zamanlar məşğuliyyətsiz dayanmaq olmazdı, hərə bir işin ucundan tutmalı idi”

- Kəndimizdəki məktəbimiz 8 illik idi. O zamanlar hər rayonun cəmi bir neçə kəndində 10 illik tam orta məktəb olardı. Biz isə 9-10-cu sinifləri Nərimankəndə - o vaxtlar adı “Ağ post” idi, getdik. Həmin illərdə öz kəndimizdə 7-8-ci sinif şagirdləri ilə tamaşalar hazırlamağa başladım. Orta məktəbi bitirəndən sonra bir il kəsildim, ali məktəbə daxil ola bilmədim. Sovet dövründə belə idi ki, boş dayanmaq olmazdı. Hərə bir işin ucundan yapışmalı, özünə yol tutmalı idi. Mən də məşğuliyyətsiz dayana bilmədim, klubda işləməyə başladım. 

Əkbər adlı dostumla birlikdə mədəniyyətlə əlaqədar hər şeylə məşğul olurduq. Mədəni tədbirləri artırmaq üçün əlimizdən gələni edirdik. Kəndin uşaqları bir yerə yığışıb, 30-50 qəpikdən atışdıq. Bağlanmış bir internat məktəbinin döşəklərini alıb, klubda güləş bölməsi də düzəltdik.

Həm öz kəndimizdə oxuduğum 8 ildə, həm də Nərimankənddəki digər 2 ildə çox yaxşı oxuyan şagird olmamışam. Amma lazımlı şagird olmuşam. Tədbirlərdə məni axtarırdılar. Cəfər Cabbarlının “Ana” şerini bir dəfə səsləndirdim. Nərimankənd məktəbinin direktoru Sərəstan Əliyev atamı görəndə demişdi ki, o uşaqdan muğayat olun, ruhdan salmayın, talantlı uşaqdır, kömək edin. Atamın ona qədər yaxşı oxumayan uşaq kimi məndən xoşu gəlmirdi. Direktorun tərifindən sonra bir qədər yumşaldı.

“Dərs adı ilə evdən çıxıb, uşaqlarla oynamağa getdiyim günlər olub”

- Həqiqətən də atamın istədiyi kimi yaxşı oxuyan, bütün dərslərə hazırlaşan, həddindən artıq intizamlı şagird olmamışam. Arada dərsdən qaçırdım da... Hətta dərs adı ilə evdən çıxıb, uşaqlarla oynamağa getdiyim günlər olub. Amma buna baxmayaraq, lazımlı şagird idim.

Bizim kənddən Nərimankəndə getmək üçün avtobus istifadə edilirdi. Hər gün saat 8-in yarısı avtobus gəlib, uşaqları götürürdü. Bir ara mən dərslərdən soyudum. Ədəbiyyat və tarix dərsindən başqa heç nə mənə maraqlı olmadı. Kimya, həndəsə kimi dəqiq elmləri bilmirdim. Ona görə, həmin fənlərin keçildiyi günlər dərs buraxırdım. Çantamı, kitablarımı götürürdüm, yemək yeyirdim, evdən çıxırdım. Sonra isə avtobusa minmirdim, atılmış anbarlara tərəf gedirdim. Tək olmurdum təbii ki. Təxmini mənim yaşlarımda olan uşaqlara qoşulub, oyunlar düşünürdük, söhbətlər edirdik. Ən çox oynadığımız oyunlardan biri çilingağac olub. Dərs oxumasaq da, həmin oyunlar bizim fiziki və zehni inkişafımıza çox kömək edirdi. Qərb zonasında dirədöymə, biz tərəfdə isə qayışgötürdü, kəmərqapdı adlanan oyunu sevirdik. Amma bunu oynamaq çox çətin idi. Maraqlı və əziyyət tələb edən şərtləri var idi.

Həftədə 3 gün məktəbə gedir, 3 gün getmirdim. Əzizbəyov kanalının bir tərəfi qəsəbə idi, digər tərəfi isə boş idi, evlər yox idi. “Kanalın o tərəfi” - deyirdik həmin hissəyə. Cəngəllik kimi ot basmışdı. Yaşlı qonşumuz var idi, məni bir neçə dəfə anbarda görmüşdü. Niyə dərsdə olmadığımı soruşanda hər dəfə bir bəhanə uydurub, yola verirdim.

Bir gün evə gəldim, özümü həmişə olduğu kimi “aktyorluğa” vurdum ki, guya dərsdən gəlmişəm, çox yorulmuşam, acmışam. Anama dedim, yeməyə nə var, çox acam. O elə qayğıkeşliklə mənə yanaşdı ki, guya heç nədən xəbəri yoxdur. Sən demə, anam hər şeyi bilirmiş. Oturub, çay, çörək gözlədiyim anda kürəyimin ortasından nar çubuğu şaqqıldadı. Anam dayanmadan bir neçə dəfə məni vurdu. Demə, anama xəbər veriblər ki, Ramiz dərsdə deyil, anbara gedib, uşaqlarla oynayır. O da həmin dəqiqə nar çubuğunu hazır qoyub. Amma ondan sonra anamla şərt kəsdik ki, atamın mənim bu əməlimdən xəbəri olmayacaq. Mənə tövbə etdirdi, yenidən dərslərə getməyə başladım.


“Mən kim olmaq istəyirəm?”

- Hər il məktəblərdə belə bir inşa yazdırırdılar: “Mən kim olmaq istəyirəm?”. Biz də təbii ki, bəzəyib-düzəyib, hər dəfə müəllim, həkim olacağımızı həvəslə anladırdıq. Elə lap birinci sinifdən onuncu sinifə qədər müəllimlərimi yazdığım inşalarda yanıltmışam. Onuncu sinfin əvvəlində yenidən bu inşanı yazanda belə başladım:

“Mən bu mövzunu 10 ildir dəfələrlə yazmışam. Hər dəfə də yalan yazmışam. Mən əslində nə həkim, nə müəllim, nə mühəndis... aktyor olmaq istəyirəm”. Davamında isə bu “etiraf məktubu”mu sevdiyim aktyorların xüsusiyyətləri, peşəkarlığını anlatmaqla davam etdirdim. Yazının üstündən 3-4 gün keçdi. Bir dəfə məktəbə gələndə, içəri girdim ki, müəllimlər, hətta məndən xoşu gəlməyən riyaziyyat, kimya  müəllimləri də təqdiredici baxışlarla mənə baxırlar. Sanki kosmosdan gəlmiş adam idim. Sonra müəllim məni müəllimlər otağına çağırdı və təriflədi ki, yazından çox xoşum gəldi, müəllim yoldaşlara da oxudum. Etiraf edim ki, çox bədii yazmışdım. Sanki bir hekayə yazırdım. Orada bir epizod var idi: mən sevdiyim aktyorların səsini eşitmək üçün qulağımı radiotranzistora sıxıram. Bu vaxt qonşu qadın evimizə gəlir, mənim dinləməyimə mane olur. Aktyorlara o qədər pərəstiş edirəm ki, hava soyuq olsa belə radionu da götürüb, bayıra çıxıram. Və o soyuqda sevdiyim incəsənətdən, teatrdan, aktyorların çıxışlarını dinləməkdən həzz alıram...

Mənim o yazımı hətta “Azərbaycan gəncləri” qəzetinə, olimpiadaya göndərməyi də təklif etdilər. Artıq məktəbdə hörmətli adam olmuşdum. Yaşlı bir coğrafiya müəllimimiz var idi. Dedi ki, müəllimlərlə məsləhətləşmişik, bilirik ki, artist olacaqsan, səni çox incitməyəcəyik. Sevinirəm ki, indi də kənd müəllimləri, mənə dərs keçən ziyalılar mənimlə fəxr edirlər. Hərdən müsahibələrimdə məktəbimizin adını deməyəndə inciyirlər, mənə o dəqiqə zəng edirlər.

Mən teatrda 1982-1983-cü illərdə Qacar rolunu oynayanda məktəb direktorumuz da tamaşamı izləməyə gəlmişdi. Sən demə, müəllimlərin ixtisasartırma kursları üçün Bakıda imiş. Mənim tamaşam olduğunu eşidəndə  teatra məni izləməyə gəlmişdi. Onu zalda görəndə çox sevinmişdim.

Mən kənddə bir şeyi dərk etdim ki, insan ən ucqar dağda belə olsa, arzulamalıdır. Belə olarsa, gec-tez arzuna çatırsan.

Bizim indi ən böyük problemlərimizdən biri odur ki, uşaqların hədəfi olmur. Amma o dövrün kənd uşağının hədəfi var idi – yaxşı oxumaq. Bir ara dəb idi, hamı istəyirdi, uşağı prokuror, həkim, mühəndis olsun. Amma bizim kimi keçən əsrin uşaqları öz məqsədlərimizi qarşımıza qoyub, hədəfimizə addımlayırdıq.

- Bir dəfə məktəbdə tamaşa hazırlayırdıq. Məşqlərin birində gördüm balaca, qəşəng, göygöz bir qız mahnı oxumağa gəldi. Qızın adını belə bilmirdim. Kəndin bir başında biz, o biri başında onlar yaşayırmış. İki sinif məndən aşağıda oxuyurdu. O zamanlar bir uşaq mahnısı var idi: “Ay gilənar, bağçamızın göyçək qızı”. Qız bu mahnını oxuyanda gördüm sanki hamı qıza vurulub. Səsi də, özü də çox gözəl idi. Elə oldu ki, sonra məşqlərə o qıza görə gəlməyə başladım. Yuxarı siniflərdə artıq başqa məktəbə oxumağa gedəndə yenə də onların məktəbinə məşqlərə gəlirdim. Qızın adı da səsinə uyğun idi – Xoşavaz. Artıq onun səsini eşitmədən mənə çətin idi, 7-ci sinifdən sanki Qeys olmuşdum. Məcnun səhraları gəzirdi, mən isə kəndin küçələrini...

Bir dəfə qıza məktub yazdım. Onların evi stadionun yaxınlığında idi. Vedrələri götürüb, kanaldan su gətirməyə gedirdi. Evləri yaxın olduğundan bayıra tək çıxırdı. Mən məktubu yazdım, onun geri qayıtdığı cığırda yerə qoydum. Üzərinə də bir daş qoydum ki, diqqətini çəksin. Ondan başqa həmin yoldan heç kim keçəsi deyildi. Məktubun üzərində böyük hərflərlə adı yazılmışdı. Uzaqda gizlənib, maraqla baxırdım ki, indi məktubu götürəcək. Gəldi, məktubun yanından düz keçdi. Hələ bu azmış kimi, həmin qapıdan gəlinləri də “başılovlu” çıxdı, əində vedrə kanala tərəf qaçdı. Sən demə, qız gedib evdə deyib ki, məktub var idi yolda, üstünə mənim adım yazılmışdı. “Vaxsey biabır olduq” deyib, təlaşa düşüblər. Gəlinləri ona görə, qaçıb gəldi, məktubu götürüb vedrəyə atdı.

Bir neçə il sonra mən artıq instituta qəbul olunub, Bakıya gəlmişdim. Təsadüfən Bakıda həmin qızla rastlaşdıq. Sən demə, o da musiqi texnikumuna qəbul olunub. Bir xarici “Mercedes” maşın dayanmışdı. Hamı başına yığışıb, baxırdı. O vaxt nadir hal idi ki, Bakıda “Mercedes” olsun. Mənim də diqqətimi çəkdi, yaxınlaşdım. Təəccüblə kiminsə “aa” dediyini eşitdim, başımı qaldıranda gördüm, həmin gömgöy gözlər mənə baxır. Yanındakı rəfiqəsini dümsüklədi ki, “qaçaq”. Onlar gedəndə gözdən itirmədim. Düşdüm dallarıyca ki, harada yaşadıqlarını öyrənim. O vaxt mən “Nizami” kinoteatrı ilə üzbəüz yaşayırdım, nənəmin evi idi. Onlar isə təsadüfən həmin yoldan keçirdilər. Hətta cəsarətləndim, evimizin yanına çatanda qızları qonaq da çağırdım. Sonradan münasibətimiz yarandı, ünvanını itirmədim. Məlum oldu ki, onun da könlü var imiş. Və evləndik. Bu günə qədər də şükür ki, xoşbəxt yaşayırıq.