
Mətbuat nümayəndələri məktəbdə intihar edən qızın videosunun yayılmasına münasibət bildiriblər.
AzEdu.az onların mövqelərini diqqətinizə çatdırır:
Elşad Məmmədli, “Yeni Müsavat” qəzetinin redaktoru:
“Şagirdin intihar anını əks etdirən videonu yaymaq qətiyyən doğru deyil. Bu, həm qanunla, həm də mənəvi-psixoloji baxımdan yolverilməzdir. Bunu yayanlar başa düşmür ki, sosial şəbəkələrdə olan məktəblilər depressiyaya, vahiməyə düşür və hətta affekt vəziyyətinə düşüb, bunu təkrarlamaq istəyənlər ola bilər?!
Ümumiyyətlə, media zorakılıq, intihar, piyada vurulmalarını əks etdirən videoları, fotoları yaymamalıdır. Avropa ölkələrində media ümumiyyətlə, "qara xəbərləri" yaymaqdan imtina edib. Bu, peşəkar yanaşma ilə yanaşı, həm də cəmiyyəti gərginliyə sürükləməmək baxımından vətəndaş borcudur”.
Vüsalə Mahirqızı, ONA Agentliyinin təsisçisi:
“Bu video və hadisə ilə bağlı medianın indiki formada apardığı işi mən heç bir formada təqdir eləmirəm. Düşünürəm ki, məktəblinin intihar videosunu paylaşanlarla bağlı Mətbuat Şurası, hüquq-mühafizə orqanları tərəfindən çox sərt, ciddi cəza təbiri həyata keçirilməlidilər. Bu videonun, hadisənin bu formada yayılması sosial şəbəkələrdə olan yeniyetmələr, uşaqların həyatı üçün ciddi təhlükədir. Düşünürəm ki, Təhsil Nazirliyi bununla bağı hüquq-mühafizə orqanlarına müraciət etməli və sosial şəbəkədən yığışdırılmalıdır".
Ələsgər Məmmədli, media hüquqları üzrə ekspert:
“Biabırçılıqdır. Ümumiyyətlə, intihar səhnəsini göstərmək media etikası aspektindən çox ciddi qüsurdur. Çünki intihar da xüsusi hal olduğu üçün bunda psixoloji olaraq yoluxma da var. Yəni o yaşda və ya başqa yaşda onu görənlər sonra buna meyil edə bilirlər. Səddam Hüseynin edam səhnəsindən sonra Azərbaycanda 11 nəfər özünü o formada asmışdı. Yəni, o görüntülərin görünməsi əsəbi zəif olan kateqoriya üçün çox ciddi fəsadlar törədə bilər. Ona görə də media bu halda çox həssas olmalıdır”.