
Azərbaycan Tibb Universitetinin sinir xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Aytən Məmmədbəyli və Böyük Britaniya UCL Nevrologiya İnstitutunun alimi, professor Henri Houlden AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda olublar. Genetik Ehtiyatlar İnstitutundan AzEdu.az-a verilən məlumata görə, görüşdə bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov institutda insan genetikası və digər sahələrdə aparılan elmi-tədqiqat işləri barədə məlumat verib.
Bundan əlavə, tibbi genetika, xəstəliklərin yeni nəsil sekvenser cihazlarında təyini, nadir rast gəlinən genetik xəstəliklərin yaranmasına səbəb olan mutasiyaların tapılması metodları, gələcək əməkdaşlıq imkanları və bu istiqamətdə kadr hazırlığı məsələləri geniş müzakirə edilib.
Daha sonra qonaqlar institutun biotexnologiya şöbəsi və onun nəzdində fəaliyyət göstərən laboratoriyalarla tanış olublar.