
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi(BDPTM) ilə “AzEduNet” şirkəti arasında əməkdaşlıq və qarşılıqlı münasibətlərin qurulması haqqında müqavilə imzalanıb.
AzEdu.az xəbər verir ki, Müqavilə çərçivəsində Sənaye və İnnovasiyalar üzrə BDPTM-də tədris olunacaq “İKT” və “Elektrotexnika” ixtisasları üzrə təhsil proqramlarının dinamik dəyişən əmək bazarının tələblərinə uyğun qalması məqsədi ilə“AzEduNet” şirkətinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq rəylər veriləcək.
Eyni zamanda, Peşə Təhsili Mərkəzində təhsil alacaq tələbələrin peşəkar bacarıqlarının inkişafı məqsədilə iş yerində təcrübə proqramları,təkmilləşdirmə kurslarının keçirilməsi və məzun tələbələrin işlə təmin olunması üzrə “AzEduNet” şirkəti tərəfindən dəstəyin göstərilməsi nəzərdə tutulur. Həmçinin,əməkdaşlıq çərçivəsində şirkətin işçi heyəti üçün Sənaye və İnnovasiyalar üzrə BDPTM tərəfindən peşəkar inkişaf proqramları təqdim olunacaq.
Qeyd edək ki, 26 yanvar 2018-ci ildə təməli qoyulan Sənaye və İnnovasiyalar üzrə BDPTM 2019-2020-ci tədris ilindən fəaliyyətə başlayacaq. Beynəlxalq təhsil standartlarına əsaslanan mərkəzin əsas məqsədi qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyətli kadrlar hazırlamaqdır.