Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-05-28 15:05:00
Deputat: “İnklüziv təhsilin təşkilinə xüsusi əhəmiyyət verilir”

“İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır. Bu proqram sağlamlığı məhdud olan uşaqların öz potensiallarına nail olma imkanını dəstəkləyir. Bu təhsil sistemi xüsusi qayğıya ehtiyacı olan uşaqlarda özünə inamı artırır və digər normal uşaqlarla bərabərhüquqlu olmasını təmin edir”.

Bunu  Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, YAP-çı deputat, Bakı şəhərindəki 295 saylı orta məktəbin direktoru Dilarə Cəbrayılova deyib. Deputat bildirib ki, inklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların yalnız təhsil hüquqlarını dəstəkləməklə bitmir:

“Bu tip təhsil fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını, müstəqil şəkildə qərar vermə imkanlarını, hüquqlarını öyrətmək məqsədi daşıyır. Belə olan halda, sağlamlığı məhdud uşaqların yaşamaq istəyi və həvəsi daha da artır, onlarda gələcəyə ümid yaranır”.

Cəbrayılova qeyd edib ki, Azərbaycanda son illər ərzində inklüziv təhsilin təşkilinə xüsusi əhəmiyyət verilir:

 “Azərbaycan dövlətinin bununla bağlı atdığı addımlar da təqdirəlayiqdir. Ölkəmizdə inklüziv təhsil imkanlarının genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Qanun qəbul edilib. Bir sıra qanunlara əlavə və dəyişikliklər olunub. Cənab Prezident İlham Əliyevin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkili məqsədilə “2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib. Son 15 il ərzində ölkəmizdə 3500-dən çox yeni məktəb tikilib və təmir edilib. Bildiyimiz kimi, Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da hər zaman sağlamlığı məhdud olan uşaqların və gənclərin həm səhiyyə, həm də təhsil probleminə xüsusi diqqət yetirir. Fondun əsas məqsədlərindən biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək, onların sağlamlığını mühafizə etmək, sosial problemlərini həll etməkdir. Hesab edirəm ki, bu kimi amillər əlil uşaqların ümumi təhsilə əlçatanlığını, hər bir insanın ölkədəki təhsil sahəsinin inkişafından yararlanmasını və xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyasını təmin edəcək”.

Deputat deyib ki, ölkəmizdə inklüziv təhsilin daha da inkişaf etdirilməsi məqsədilə müəllimlərin tədris imkanlarının və pedaqoji resursların təkmilləşdirilməsinə ehtiyac var: 

“Hesab edirəm ki, biz sağlamlıq imkanları məhdud olan uşaqlarla işləmək üçün müəllimlər ordusu yaratmalıyıq. Müəllimlərimiz üçün mütəmadi olaraq treninqlər, seminarlar, konfranslar təşkil etmək lazımdır. Hesab edirəm ki, inklüziv təhsilin daha da inkişaf etdirilməsi üçün müəllimlərin peşəkarlıq səviyyəsinin artırılmasına böyük ehtiyac var”.

 D.Cəbrayılova qeyd edib ki, təcrübələr də göstərir ki, inklüziv təhsil olan siniflərdə uşaqlarda mərhəmət, səxavət və dostluq kimi yüksək insani keyfiyyətlər özünü daha çox qabarıq göstərir.

“Həmçinin, həmin siniflərdə təhsilin keyfiyyəti də yüksək olur. Hesab edirəm ki, sağlamlıq imkanları məhdud olan şəxslər peşə təhsili alsalar, əmək fəaliyyətinə cəlb olunsalar, gələcəkdə maddi cəhətdən də problemlə qarşılaşmazlar. Təcrübələr də göstərir ki, sağlamlıq imkanı məhdud olan insanın digər insanlardan heç bir fərqi yoxdur, sadəcə, onları düzgün yönləndirmək lazımdır”

 (modern.az)