Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-01 14:14:00
Qəlbinin təmizliyi ilə səmaya toxunanlar- Ən ucqar məkanın kiçik sakinləri

“300 milyon uşaq həddsiz çirkləndirilmiş hava ilə nəfəs alır”, “dünyada 13,4 milyon uşaq təhsil ala bilmir”, “yalnız 15 ölkədə azyaşlıların ailəsinin müdafiəsini nəzərdə tutan zəruri milli siyasət var”, “il ərzində milyarda yaxın uşaq zorakılığa məruz qalıb”… Bunlar UNİCEF-in dünya azyaşlıları ilə bağlı ayrı-ayrı vaxtlarda yayımladığı  statistikalardır. İllər ötdükcə artan rəqəmlər dünya əhalisini uşaq hüquqlarının müdafiəsinə səsləyir…

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür…

AzEdu.az bu gündə ucqarlardakı azyaşlıları da unutmadı. Avropanın ən ucqar yaşayış məskəninin, Xınalıq sakinlərinin səmimiyyəti elə bütün dünyaya dəyər.  Onlara ən az qəlbləri qədər saf dünya buraxmaq diləyi ilə…

Zəhra III sinif şagirdidir. 1 ay əvvəldən Uşaqlar günü üçün çoxlu hədiyyə kitab istədiyini demişdi

Sevinc də III sinifdə təhsil alır. Dediyinə görə, ən çox gözlərini sevir. Güzgüdə gözlərinə baxanda bacısını xatırladığını deyir: “ hamı deyir ki, gözlərin bacına oxşayır”

Cəlal sinfin ən pozitiv şagirdidir. Üzündəki gülüşlə kənd əhalisinə bütün çətinliklərini unutdurur.

Qənirənin ən böyük arzusu rəssam olmaqdır. Hələ də sevimli boyalarına qovuşacağı günü gözləyir… Çəkdiyi milli xalça naxışlarından ibarət rəsmlər hər kəsə məlumdur.

Vüsaldan gələcəkdə kim olmaq istədiyini soruşduqda belə cavab verir: “Saleh mənim ən yaxın dostumdur. Nicat, Rahil, Cavidlə də dostam. Amma Salehi lap çox istəyirəm. Həmişə onunla Xınalıqda qalmaq istəyərəm.

O, Xınalığın ən gözəl gözlü sakinidir. Gözləri səmalardan mavini oğurlayıb…

Çoxları İbrahimi Xınalığın ən dəcəl sakini adlandırır. Kim bilir, bəlkə də içindəki enerji dağlara sığmır…

Nəzrin və Məryəm bacıları. Xarici görkəmləri çox səmimi olduğundan adətən turistlərin qucaqlarından yerə düşmürlər. Gün ərzində tanımadıqları adamlar dəfələrlə saçlarına sığal çəkir. Al yanaqlarını turistlər öpür.

Kəndin azyaşlıları belə kifayət qədər zəhmətkeşlik sərgiləyirlər. Balaca Zeynəb kəndə gələnləri gülər üzlə qarşılayıb işinə davam edir…

Balaca Nihat kəndə gələnlərin diqqətini çəkir. Yalnız Kətiş (Xınalıq) dilində danışa bildiyinə görə, onunla ünsiyyət qura bilmirik.

Bu balacanın isə əllərinin kiri qəlbinin təmizliyini tamamlayır. Xınalığın saflıq nümunələrindən biridir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları