Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-22 10:05:00
AMEA-nın sabiq prezidenti: “Gözlərim heç görmür, ancaq...”

“Elmlə məşğul olmadığım günüm yoxdur”. 

Bunu öz açıqlamasında AMEA-nın sabiq prezidenti,  akademik Eldar Salayev deyib.

Azərbaycan Milli  Elmlər Akademiyasının sabiq prezidenti akademik, fizika-riyaziyyat elmlər doktoru Eldar Salayev uzun müddətdir ki, mətbuat və aktiv ictimai həyat, elmi proseslərdə görünmür.

Buna səbəb olan əsas faktorlardan biri də təbii ki, qocaman akademikin yaşı və səhhətidir.

Uzun müddət səhhətindən əziyyət çəkən, hətta gözlərindən də əməliyyat olunan Eldar Salayev sayta açıqlamasında bu gün də akademiyaya gedib-gəldiyini, elmi işçi olaraq çalışdığı qurumda  fəaliyyətini davam etdirdiyini bildirib:

  “İndi babatam, 86 yaşım var, Allaha şükür bu yaşda yatıb, dura bilirəm. Gözlərim heç görmür, ancaq elmi fəalyyətimi davam etdirirəm, indi, hal-hazırda kompüter arxasında oturub, işçilərimlə yazdığımız məqalələri internet vasitəsilə müzakirə edirik. Elmlə məşğul olmadığım günüm yoxdur”.

 Xatırladaq ki, Eldar Salayev 31 dekabr 1933-cü ildə Naxçıvan şəhərində doğulub. 1970-1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 1979-cı ildən professordur. 1980-cı ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983-1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.

Eldar Salayev  bərk cisim fizikası, kvant elektronikası və fotoelektronika sahəsində görkəmli alimdir. Əsas işləri yarımkeçiricilərin tədqiqinə müxtəlif halların enerji spekterlərinin öyrənilməsinə aiddir. Salayev sürətli elktronlar dəstəsi vasitəsilə ilk dəfə laylı kristallarda induksiyalanmış şüalanmanı aşkara çıxarmış və bu sinif yarımkeçiricilərdə qeyri-xətti optik xassələri öyrənmişdir. Həmin tədqiqatlar lazer şüaları çevricilərinin yaranmasına imkan vermişdir. Salayevin rəhbərliyi ilə yarımkeçiricilər əsasında deflektor, deşifrator, fotoqəbuledicilər, elektron mikrosoyuducuları, metroloji tədqiqatlar üçün qurğular yaradılıb. Yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri vardır.

 Ölkədə və xaricdə çap olunmuş onlarla elmi əsər və monoqrafiyanın müəllifidir.   (moderator.az)