
Ölkəmizdə elmin və təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir. Azərbaycan təhsilinin bugünkü inkişafı ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan məqsədyönlü siyasətdən qaynaqlanır. Ümummilli Liderin elm, təhsil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparılır.
Bu sözləri Azərtac-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Eynulla Mədətli deyib.
O bildirib ki, Prezidentin “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında”, “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” sərəncamları elm və təhsil sahəsində çalışanlara dövlət qayğısının parlaq təzahürüdür. Azərbaycan alimləri də bu qayğıya cavab olaraq indiyə qədər olduğu kimi, bundan sonra da yeni-yeni elmi nailiyyətlərin əldə edilməsi istiqamətində əzmlə çalışacaqlar.
Eynulla Mədətli vurğulayıb ki, ölkə rəhbərinin sərəncamları təkcə elm və təhsil sahəsini əhatə etmir. “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı xalqımızın rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımların davamıdır.
“Ölkəmizdə aparılan sosial islahatlar Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir”, - deyə Eynulla Mədətli qeyd edib.