
Azərbaycanda təhsil sahəsində müasir informasiya idarəetmə sistemlərinin tətbiqi davam etdirilir. Bununla bağlı dövlət tərəfindən bir sıra layihələr həyata keçirilməklə yanaşı, özəl sektorda da canlanma müşahidə olunur. Özəl sektorda təhsilin elektronlaşdırılması ilə bağlı bəzi şirkətlər var ki, xarici təcrübənin ölkəmizdə tətbiq etməklə yeni və innovativ elektron təhsil sistemi formalaşdırmağı bacarıb.
Bu dəfəki müsahibimiz təhsilimizin elektronlaşdırılması ilə bağlı "Məktəb və Təhsil Müəssisələrinin İdarəolunması Sistemi” layihəsinin rəhbəri Zaur İsayevdir.
AzEdu.az xəbər verir ki, Zaur İsayev rəhbəri olduğu layihənin məqsədindən və təhsil sisteminə gətirdiyi yeniliklərdən TED.az-a danışıb.
Sistemin layihə müəllifləri kimlərdir?
Öncə Elektron Təhsil İdarəetmə sistemimiz - ProSCHOOL həllinin tarixi barədə sizə məlumat vermək istəyərdim. Haqqında danışdığımız bu proqram təminatı artıq 2012-ci ildən bəri 7 ildir ki, istifadə olunur. Bu layihənin yaradılması və ərsəyə gəlməsində “Pronet” MMC şirkətinin İT Direktoru Zaur Məmmədov və Texniki məsələlər üzrə kordinator Samir Şalbuzovun xüsusi rolu və əməyini qeyd etmək lazımdır. Çünki biz 7 il bundan əvvəldən danışırıq deməli həmin vaxt üçün belə bir mükəmməl və dəqiq işləyən bir sistemin yaradılması təqdirəlayiq bir hal idi. Bunun üçün də bizim belə mütəxəssislərimizin əməyindən söz açmasaq olmazdı.
Sistemi məhz təhsil müəssisələri üçün hazırlamaqda əsas məqsəd nədir?
Qısa olaraq deyə bilərəm ki, biz “Pronet” MMC şirkəti olaraq hazırladığımız, yaratdığımız hər bir biznes aləti, hər bir proqram təminatı tək şirkətin maliyyə mənafeyinə yox, həmçinin ölkənin iqtisadi və sosial sektorlarındakı idarəetmə ehtiyaclarının təmin edilməsi üçün nəzərdə tutulub. Eləcə də "Məktəb və Təhsil müəssisələrinin İdarəolunması" sistemi də bu qəbildən olan layihələr sırasındadır. Bu reallığı artıq hamı bilir ki, yalnız biznes müəssisələri yox, həmçinin təhsil və mədəniyyət ocaqları da köhnə üsullarla idarə etmədən ayrılıb, 21-ci əsr mühitinə uyğun olan bir konseptdə fəaliyyət göstərməlidir. Bunu deyəndə isə ağıla gələn ilk məsələ, əlbəttə ki, ERP - Proqram təminatıdır. Biz də çalışırıq ki, bu sahədə olan bilik və bacarıqlarımızı, zəngin təcrübəmizi, həmçinin ölkəmizin təhsil sektrounda da tətbiq edək.
Bu sistem təhsilə nə kimi yeniliklər gətirib?
Sistem artıq 7 ildir ki, yaradılıb. Bu illər ərzində sistem həm uğurla tətbiq olunmaqla yanaşı, həm də özünü daim inkişaf etdirən innovativ, kompleks və unikal bir proqram təminatı rolunu oynayıb.
Proqram elektron jurnal, elektron gündəlik, elektron dərs cədvəli və administrativ modulları vasitəsi ilə təhsil sisteminin idarəetməsini avtomatlaşdırır. İntellektual Təhsil İdarəetmə sisteminin avtomatlaşdırılmış zəng və kütləvi xəbərdarlıq sistemi, avtomatlaşdırılmış nəzarət və qeydiyyat sistemi, mərkəzləşdirilmiş video müşahidə və təhlükəsizlik sistemi, avtomatlaşdırılmış mərkəzi saat sistemi, mərkəzləşdirilmış telefoniya sistemi, elektron kitabxana, online ödəniş, imtahanların keçirilməsi və kütləvi sms sistemi kimi modullarıyla yanaşı həm də digər proqramlara inteqrasiya olma imkanı da var. Bu proqram təminatı məktəb və digər təhsil ocaqlarında qarşılıqlı əlaqələrin yaradılması, müəllim-tələbə-valideyn zəncirinin etibarlı sistem üzərində qurulmasını təşkil edir.
Hazırladığınız sistem hansı təhsil müəssisələrində istifadə olunur?
Sistemdən istifadə edən müəssisələrin adını çəkmək gərəkərsə, yəqin ki, sözə ilk olaraq bu sistemi 7 il fasiləsiz istifadə edən Bakı Müasir Məktəbindən (Baku Modern School) başlamaq lazımdır. Sistemin ilk istifadəçilərindən olan BMM-dən bizə ilk dəfə sifariş daxil olanda proqramı təhvil vermək üçün 3-4 aylıq qısa bir vaxt limiti var idi. Amma biz bu çətin tapşırığın öhdəsindən qüsursuz şəkildə gələrək etimadları doğrultmağı bacardıq. Bu böyük təhsil kompleksi proqramın demək olar ki, bütün modullarını istifadə edir. Məktəblə bu illər ərzində keçirdiyimiz görüşlərdə həm müəllim, həm şagird, həm də valideyn heyətinin razılıqlarını dəfələrlə eşitmişik. Elə bunun sübutudur ki, ötən il və cari 2018-2019-cu tədris illəri başlamazdan əvvəl sistemin yenilənmiş və daha da çox funksiyalı versiyası sözügedən bu məktəbdə istifadəyə verildi.
"Bakı Müasir Məktəbindən" başqa biz paytaxtda yerləşən "2 saylı Baza Tibb Kolleci" və Sumqayıt şəhərində fəaliyyət göstərən "Sumqayıt Tibb Kollecini" də nümunə çəkə bilərik. Bu müəssisələrdə hal-hazırda sistemin "İmtahan və Attestasiya proseslərinin Avtomatlaşdırılması" modulu istifadə olunur. Bununla yanaşı, respublikanın ən nüfuzlu dövlət məktəblərindən olan Tofiq İsmayılov adına 6 nömrəli məktəbdə də proqramın maliyyə və müraciətlərin qeydiyyatı modulları istifadədədir. Həmçinin "British School in Baku" da Elektron Təhsil İdarəetmə Sisteminin faydalarından yararlanan təhsil ocaqları sırasındadır. Hal-hazırda isə bizim Təhsil Nazirliyi ilə danışıqlarımız davam edir. Nazirliklə olan danışıqlar prosesinin nəticəsində biz bu sistemi ümumilikdə ölkənin bütün orta və ali təhsil ocaqlarının istifadəsinə vermək istəyirik.
Bununla yanaşı nüfuzlu ali təhsil mərkəzi olan Odlar Yurdu Universiteti ilə də sistemin Elektron Universitet Modelinin tətbiqi üçün razılaşdırma danışqları davam edir.
Gələcəkdə ən böyük hədəfləriniz nələrdir?
Ən böyük hədəfimiz əlbəttə ki, xarici bazardır. Bu yolda isə biz növbəti ildən etibarən geniş miqyaslı addımlar atmağı nəzərdə tuturuq. Belə ki, ötən il Avropada təsis edilmiş "Pronet Global" adında şirkətimiz də məhz bu məqsədi reallaşdırmaq üçün atılan addımlardan biridir. Amma təbii ki, növbəti ilə qədər də boş dayanmaq fikrimiz yoxdur. Şirkətin təcrübəli analitik və innovatorlar komandası tərəfindən hazırda məhsulun xarici bazara tam uyğunlaşdırılması üçün araşdırmalar və testlər edilir. Həmçinin qısa müddət bundan öncə mütəxəssis heyyətimizi daha da gücləndirmək üçün uzun illərdir Avropada fəaliyyət sürdürən həmyerlimiz Camal Şahverdiyevi də “Təlim və İnnovasiyalar” departamentində rəhbər vəzifəsinə təyin etmişik. Onu da deyim ki, xarici bazar nə qədər önəmli olsa da hələ ki, ilk məqsəd tamamilə Respublika məktəblərinə faydalı olmaqdır. Biz əminik ki, bu sistemin tətbiqi Təhsil sahəsində effektivliyi bir neçə dəfə artıracaq.