
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Təhsil Nazirlikləri və Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə Dünya Robot Olimpiadasının Azərbaycan finalı uğurla keçirildi. Ölkəmizi Macarıstanda 5 komanda təmsil edəcək”.
AzEdu.az xəbər verir ki, bunu TED.az-a açıqlamasında Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının (AREA) təsisçisi və mentoru Rəhman Rəsulzadə deyib.
Rəhman Rəsulzadənin sözlərinə görə, 5 kateqoriya üzrə birinciliyi qazanan qaliblər, ümumilikdə, ölkə üzrə 54 komanda arasından seçilib: “Yarışmada ölkə üzrə 54 komanda mübarizə apardı və qalib komandalar 11-12 noyabr 2019-cu il tarixlərində Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi milli komada adı altında təmsil edəcəklər. Həmin yarışmaya hazırlıq məqsədi ilə milli komandanın iştirakçıları – şagirdlər, tələbələr, həmçinin onların müəllimləri üçün Daşkəsəndə, Daşbulaqda ödənişsiz düşərgə təşkil olunacaq. Düşərgədə 5 komanda ilə yanaşı, təlimçi, təlimçilərə rəhbərlik edən baş məşqçi iştirak edəcək. Onlar bu düşərgədə robototexnika və mühəndislik düşərgəsinə hazırlaşacaqlar. Burada komandalar proqram təminatlarını təkrar-təkrar nəzərdən keçirmək, robotları yığıb-sökmək işlərini yerinə yetirəcək, prototiplərini hazırlayıb məşq edəcklər”.
Komandaların üzvləri 8-19 yaş aralığında olan gənclərdən ibarətdir: “Düşərgəyə Bakı Ali Neft Məktəbi (BANM), Xəzər Universitetinin tələbələri və orta məktəb şagirdləri daxildir. Bunlardan əlavə sərbəst qatılan Binəqədi Gənclər Evinin yetirmələri də var. Komanda üzvlərinin bütün xərcləri dövlət tərəfindən qarşılanacaq. Həmçinin ölkəmizi bu cür mötəbər yarışmada təmsil etdikləri üçün gənclərə qiymətli hədiyyələr, pul mükafatı da veriləcək”.