
31-ci Beynəlxalq İnformatika Olimpiadası yüksək səviyyədə təşkil olunub. Olimpiadanın keçirilməsi üçün hər cür texniki şərait yaradılıb. İştirakçıların yerləşdirilməsi, işıq, səssizlik, kompüter avadanlıqlarının texniki vəziyyəti və digər mühüm məsələlərə hazırlıq prosesində xüsusi diqqət ayrılıb.
AzEdu.az xəbər verir ki, bu fikri AZƏRTAC-a müsahibəsində olimpiadanın beynəlxalq texniki komitəsinin üzvü, yerli texniki komitəsinin sədri Cəmaləddin Həsənov deyib. O bildirib ki, informatika olimpiadası tək yarışdan ibarət deyil. Yarışlara hazırlıq uzun mərhələdən keçir.
“Əvvəlki olimpiadalarda texniki heyətin tərkibində Azərbaycanın da nümayəndələri iştirak ediblər. Biz çalışmışıq ki, digər ölkələrin müsbət təcrübələrindən faydalanaq, əvvəlki olimpiadalarda qarşılaşdığımız texniki çatışmazlıqları Azərbaycanda aradan qaldıraq. Bunun üçün əlimizdən gələni etmişik. Ötən illərlə müqayisədə sualların tərcümə olunması prosesi bu olimpiadada daha da sadələşdirilib. Kompüterlərin sazlanma prosesinə əvvəllər iki həftəyə yaxın vaxt sərf olunurdusa, 31-ci Beynəlxalq İnformatika Olimpiadasında bunun üçün dörd gün yetərli oldu. Ümid edirəm ki, olimpiadanı texniki problemlər olmadan, uğurla başa vuracağıq”, – deyə Cəmaləddin Həsənov qeyd edib.