
“Alimin məqalələri dəfələrlə yüksək impakt faktorlu, çox nüfuzlu "Nature", "Science" jurnallarında dərc olunub. O, həmçinin "İnsan genomu" üzrə beynəlxalq layihənin iştirakçısı olmuş yeganə azərbaycanlı alimdir”.
AzEdu.az xəbər verir ki, bu sözləri rəsmi feysbuk hesabında təhsil eksperti Etibar Əliyev yazıb.
Sentyabrın 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Pedaqoji Forumunun yeni tədris ilinin başlanmasına həsr edilən VIII dinləməsi keçirilib. Görüşdə tanınmış azərbaycanlı alim Asəf Salamov “Birləşmiş Genom İnstitutunda göbələk və yosunların genomikası” mövzusunda məruzə ilə çıxış edib.
Təhsil eksperti “Alimlərimizi tanıyaq” devizi altında həmin forumda çıxış edən həmyerlimiz Asəf Salamov haqqında məlumat verib.
“Asəf Salamov 1961-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirib və təyinatla akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Fiziki-Kimyəvi Biologiya Sektorunun biotexnologiya qrupuna göndərilib. Bir müddət hazırlıqdan sonra Novosibirsk şəhərinə, SSRİ EA-nın Sitologiya və Genetika İnstitutuna göndərilib. 1987-1990-cı illərdə Sitologiya və Genetika İnstitutunun aspirantı olub. 1991-ci ildə "Qlobulyar zülalların ikincili quruluşunun təkamülü" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi alıb.
1991-1993-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda riyazi biologiya qrupunda çalışıb. 1993-1996-cı illərdə ABŞ-ın Texas Beylor Tibb Kollecində, 1997-1998-ci illərdə Yaponiyada Heliks Tədqiqat İnstitutunda, 1998-2000-ci illərdə Böyük Britaniyanın Kembric şəhərində yerləşən Senger İnstitutunda, 2000-2002-ci illərdə ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində biotexnologiya kampaniyasında işləyib. 2002-ci ildən ABŞ-ın Birləşmiş Genom İnstitutunda enerji şöbəsində çalışır. Məşğul olduğu sahə riyaziyyat və kompüter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların öyrənilməsində tətbiqidir. Asəf Salamov 65-dən çox elmi məqalənin müəllifidir. Alimin məqalələri dəfələrlə yüksək impakt-faktorlu, çox nüfuzlu "Nature", "Science" jurnallarında dərc olunub. O, həmçinin "İnsan genomu" üzrə beynəlxalq layihənin iştirakçısı olmuş yeganə azərbaycanlı alimdir. Dünyanın ən nüfuzlu elmi jurnallarından hesab olunan "Tompson Röyter" beynəlxalq miqyasda tanınan və elmi məqalələrindən ən çox sitat gətirilən görkəmli alim-tədqiqatçıların siyahısını dərc edib. Böyük alimimizə gələcək işlərində uğurlar arzulayıram”.