
Beynəlxalq Astronomiya İttifaqının (BAİ) 100 illiyi münasibətilə elan edilən “BAİ-100: ekzoplanetləri adlandır” qlobal layihəsinin birinci mərhələsi üçün Azərbaycandan təkliflərin qəbulu dayandırılıb.
AzEdu.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Tusi-Bohm Planetariumun rəhbəri Famil Mustafa deyib. O bildirib ki, bu il BAİ özünün 100 illiyini və ötən dövr ərzində elm, texnika və mədəniyyəti formalaşdıran astronomik kəşfləri bayram edir. İl ərzində keçirilən bayram tədbirlərində əsas diqqət astronomiyanın təhsildə, inkişafda və diplomatiyada mühüm vasitə olduğuna yönəldilib. Yubiley tədbirlərindən biri də “BAİ100 ekzoplanetləri adlandır” qlobal layihəsidir. Layihəyə əsasən, iştirakçı ölkələr onlar üçün təyin edilmiş bir ekzoplanetə və onun əsas ulduzuna ad verə biləcəklər. Layihəyə qoşulan 100-ə yaxın ölkə arasında Azərbaycan da yer alır.
F. Mustafa qeyd edib ki, ekzoplanetlərin və ulduzların adlandırılmasına imkan verən ilk layihə 2015-ci ildə həyata keçirilib və nəticədə 19 ekzoplanetə ad verilib. Azərbaycan üçün “Ophiuchus” bürcündə yerləşən HD 152581 ulduzu və onun ətrafında hərəkət edən HD 152581b ekzoplaneti ayrılıb.
F. Mustafanın sözlərinə görə, müsabiqə ictimaiyyət arasında böyük marağa səbəb olub: “Bunu gələn təkliflərdən də görmək olar. Müsabiqəyə 1089 təklif təqdim olunub. Təkliflərdə ən çox səslənən adlar vətənpərvərliklə bağlıdır. Bundan başqa, şəhər, tarixi yer, universitet adları da təqdim olunub. Məsələn, müsabiqəyə Qarabağ, Şuşa, Nəsimi, Mübariz, Bakı Dövlət Universiteti 100, AXC 100 kimi adlar təklif edilib. Sözsüz ki, təkliflərin qaydalara uyğun olması əsas şərtlərdən biridir. Hazırda gələn təkliflərə Milli Komitə tərəfindən baxılır. Oktyabrın 15-nə kimi 10 təklif seçilib açıq səsverməyə çıxarılacaq. Səsvermə noyabrın 5-nə kimi davam edəcək. Ən çox səs toplamış 3 ad BAİ-yə göndəriləcək və son seçim bu qurum tərəfindən aparılacaq. Dünya üzrə nəticələr isə dekabr ayında elan olunacaq".
Qeyd edək ki, müsabiqənin Azərbaycanda rəsmi təşkilatçıları AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Əlaqələndirmə İdarəsinin Azərbaycan nümayəndəliyidir.