Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-04 20:31:00
Peşə Təhsil Mərkəzində Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Pərviz Həmzəyev dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyan Cəfər Cabbarlının əsərlərinin milli teatrda mühüm hadisə kimi dəyərləndirildiyini, uzun illər tamaşaçıların bir neçə nəslinin estetik zövqünün formalaşmasında əvəzsiz rol oynadığını qeyd edib. O, vurğulayıb ki, ədəbi-mədəni proseslərin fəal qurucularından biri olaraq sənətkar yaratdığı güclü xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. Cəfər Cabbarlı şəxsiyyət azadlığının və humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına çalışıb.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin baş ustası Şakir Mikayılov və kitabxanaçı Sədaqət Tanrıverdiyeva Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs ediblər.

Sonda mərkəzin tələbələrinin ifasında Cəfər Cabbarlının “Sevil” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa təqdim edilib.