
Aprel şəhidipolkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, "ZƏFƏR" Şəhid ailələrinə dəstək ictimai birliyinin rəhbəri Sevinc Orucova aprel döyüşlərində şəhid olan gizir Rüstəm Əhmədov və tank komandiri şəhid Rahim Tağıyevin ailə üzvlərinə dəstək olub.
S.Orucova Prezident İlham Əliyevə şəhid ailələrinə ev verilməsi ilə bağlı müraciət edib. Prezidentin şəhid ailələrinə göstərdiyi diqqət və qayğı sayəsində həmin şəhid ailələri tez bir zamanda evlə təmin olunub.
Rahim Tağıyevin həyat yoldaşı VüsaləTağıyeva AzEdu.azla öz sevincini bölüşüb. O bildirib ki, bu xəbəri kiçik oğlu Nicatın doğum günündə alıb. Bu Tağıyevlər ailəsi üçün hədiyyə olub.
O qeyd edib ki, Rahim Tağıyevin işinə görə 15 il Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaxşı şəraiti olmayan kirayə mənzildə yaşayıblar. Daha sonra isə Mingəçevirə köçüblər:
“Rahimin hərbi xidmətdə olduğu yerə yaxın olmaq üçün uzun müddət Goranboyda yaşadıq. Qazı, suyu olmayan balaca bir ev idi. Belə şəraitdə üç uşaq böyüdürdüm: 11-ci sinifdə oxuyan qızım, 9-cu sinifdə və 5 –ci sinifdə oxuyan iki oğlum. Amma heç vaxt bu vəziyyətdən şikayət etməzdik. Rahim tez-tez evə gəlib bizə baş çəkirdi. Kaşki o günlərə qayıdaydıq...”.
Uşaqlarının təhsili, gələcək arzuları haqqında danışan Vüsalə xanım bildirib ki, onları təkcə, Rahimsiz məktəbə aparmağa, özünü toparlamağa məcbur olub:
“Uşaqları yenidən gündəlik həyata alışdırmaq çox çətin oldu. Sentyabrda bütün valideynlər uşaqlarının əllərindən tutub məktəbə aparanda mən tək idim. Hamı məktəbə gedəndə biz ilk Şəhidlər xiyabanına getdik. Uzun müddət müəllimlər onları sevindirməyə, güldürməyə çalışdılar.
Böyük oğlum Nihat hərbiçi olmaq istəyir. Mən isə onu bu fikrindən yayındırmağa çalışıram, başqa bir itkini yaşamaqdan qorxuram. Amma oğlum israrla hərbiçi olub atasının qısasını almağı arzulayır”.
Rahim Tağıyevin qızı Ülkər hazırda 11-ci sinifdə oxuyur. Anası bildirib ki, gecə gündüz səylə çalışır ki, atasının arzusunu yerinə yetirib həkim olsun.
Həmişə telefonda şəhid xəbəri alan qadınları filmlərdə gördüyünü deyən Vüsalə xanım bu hissi sözlə ifadə etməyin çətin olduğunu deyir.
Rahim Tağıyevin oğlu Nicat Tağıyev hazırda 5 ci sinifdə oxuyur. O ən çox sevdiyi fənn, arzuları, atası haqqında danışıb. Nicat Azərbaycan tarixini bütün fənlərdən daha yaxşı oxuduğunu deyib. O, tarixi daha ətraflı öyrənmək istəyir.
10 yaşlı Nicat isə böyüyəndə baş verən pis hadisələri əngəlləmək üçün polis olmaq istədiyini deyir. Atası ilə birgə çox şey yaşamadığını deyən Nicat yadında qalan xatirələrindən danışıb:
“Uzun müddət idi ki, balıq tutmağa getmək istəyirdik. Atam həmişə evə gəlib çox tez qayıdırdı. Bir gün işdən gəldi, vaxtı vardı.Bizi balıq tutmağa apardı, Kürün kənarında gəzdik.Sonra ona zəng gəldi, evə tez qayıtmalı olduq. Çantalarını, əşyalarını götürüb çıxanda qardaşıma dedi ki, əgər mənə nəsə olsa, evin kişisi sənsən. Anan, bacın, qardaşın sənə əmanətdir”.
Şəhid Rüstəm Əhmədovun atası Oruc Əhmədov da yeni mənzilin verilməsi ilə bağlı xəbərin onlar üçün də xoş sürpuriz olduğunu söyləyib. O, şəhidin 5-ci, 6-ci sinifdə oxuyan iki övladının mənzillə təmin olunmasını dövlətin şəhid ailələrinə göstərdiyi qayğının bariz adlandırıb.
Oruc Əhmədov nəvələrinin hərbiçi olub atasının qisasını almağı arzuladığını da sözlərinə əlavə edib
“Bu gün qohumlarında, yaxud evində şəhidi olmayan istənilən bir məktəblidən gələcəkdə kim olmaq istədiyini soruşsanız, heç vaxt “hərbiçi olmaq istəyirəm” deməz. Ancaq şəhid uşaqları deyir ki, mən hərbiçi olub atamın qanını düşməndən alacam. Qoy bu qisas onların böyüməsinə qalmasın.Tez bir zamanda həll olunsun. Bayraqlarımız Şuşamızda, Laçınımızda, Kəlbəcərimizdə -Qarabağımızda dalğalansın!”.
Ayşə Müseyib