
Hazırda çox kitab oxumağın yaxşı, televiziya izləməyin isə pis bir şey kimi qəbul edildiyi məlumdur. Məsələn, bütün gün ərzində kitab oxusanız intellektual biri kimi göründüyünüz halda, gün boyu sevdiyiniz bir filmi izləsəniz “boş-bikar” qəbul edilərsiniz.
Məlum məsələdir ki, kitablar biliyimizi artırır və düşüncəni inkişaf etdirir. Televiziyanı çox izləmək isə beyin hüceyrələrini öldürür. Amma niyə televiziya da kitab oxumaq qədər inkişafa yönəlmiş hesab olunmur? Məsələn, istənilən bir mövzunu kitabdan oxumaqla, onun haqqında çəkilmiş kinoya baxmaq eyni təsiri vermir. Kitab daha güclü təsirə malikdir. Təbii ki, hər növ kitab mövcuddur. Bəziləri yaxşı, bəziləri pis yazılıb. Bu fikirlər kinolar üçün də keçərlidir.
Bəs kitab və televiziya haqqında araştırmalar nə deyir ?
Bu barədə 2013-cu ildə Yaponiyanin Tokio Universitetində bir araşdırma aparılıb. 276 uşağa televiziya izlədilib və onların beyinlərindəki dəyişikliklər müşahidə olunub. Məlum olub ki, izləmə saatları artdıqca beyində həssaslıq, əsəbilik siqnalları getdikcə qabarır, bu da uşaqlarda neqativ əhval yaradır. Beyində fikir mübadiləsi payları da zərər görür.
Həmin il bu təcrübə roman oxumaq üzərində də aparılıb. Roman oxumamışdan əvvəl və sonra oxucuların beyin şəkilləri müqayisə edilib. Roman oxuyandan sonra beyinin danışıqla bağlı bölümlərində aktivlik artıb. Duyğu paylarında olan dəyişiklik də oxucunun obrazların hissinə ortaq olduğunu, onunla eyni hisslər yaşadığını göstərir. Araşdırmalara görə 6 dəqiqəlik kitab oxumaq stress səviyyəsini 68 % azaldır. Musiqi dinləmək 61%, çay ya da qəhvə içmək 54%, gəzmək 42 % və digər bütün rahatladıcı aktivliklər kitabdan sonra gəlir. Bunun əsas səbəbi isə həmin fəaliyyətlərin daha çox passiv olmasıdır. Televiziya izləmək də passiv fəaliyyətdir. İstədiyin bir proqramı tapdıqdan sonra sadəcə geriyə izləmək qalır. Bəzən proqram boyu olub bitənlər, danışılanlar haqda düşünülmür.
Kitabdan fərqli olaraq televiziya hər hansı bir mövzunu incəliklərinə qədər verməz. Çünki o daha çox topluma hesablanmış, əyləndirməyə xidmət edir. İnsanlar kanalı dəyişdirməsin deyə cəld, əsas məğzi göstərməyə məcburdur.
Kitablar xəyal gücünü artırmağa da xidmət edir. Hər hansı filmə baxanda hadisəni qavramaq aktyorun rolundan, necə oynamasından asılı olur. Kitab oxuyanda isə bu boşluğu xəyal gücümüz doldurur. Obrazın hərəkətlərini, geyimini, dialoqlarını və s. beynimizdə təsəvvür edə bilirik.
Ayşə Müseyib