
Nur-Sultan şəhərində Qazaxıstan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Diplomatiya İnstitutunda Azərbaycanın bu ölkədəki səfiri Rəşad Məmmədov gənc diplomatlarla görüşüb.
AzEdu.az xəbər verir ki, görüşdə səfir tələbələrə “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi və Azərbaycan-Qazaxıstan münasibətləri” mövzusunda mühazirə oxuyub.
Azərbaycan diplomatiyasının zəngin tarixindən bəhs edən səfir iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 27 il ərzində bütün sahələrdə gedən inkişafdan danışıb.
Rəşad Məmmədov bildirib ki, ortaq soykökü, birgə tarix, mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan müasir dövrdə Avrasiya məkanında müstəqil siyasət yürüdən lider dövlətlərdir: “Ölkələr arasında yüksək səviyyəli siyasi dialoq mövcuddur. Ali və yüksək səviyyədə davamlı olaraq qarşılıqlı səfərlər, müxtəlif görüşlər həyata keçirilir”.
Daha sonra tələbələrin suallarını cavablandıran səfir Qazaxıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə ikitərəfli və çoxtərəfli müstəvilərdə verdiyi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. (AZƏRTAC)