
“Tələbəlik illərini yaxşı xatırlayıram. Xüsusilə, yataqxana dövrü yaddan çıxmaz. Bu qəribə, qeyri-adi həyatdır. Cavanlıq bir yandan, məişət qayğıları, problemlər bir yandan… Bunların hamısı yataqxana həyatının səhnələridir. Əlbəttə, orada dostluq, yoldaşlıq, ümumi qayğıları, problemləri birgə həll etmək də önəmli idi. Yataqxananın öz havası, həyatı, atmosferi var və hesab edirəm ki, orda bir gün bir həftə, bir ay yaşamış tələbənin belə təəssüratları yadından çıxmaz”.
AzEdu.az təhsil portalında “Yataqxana xatirələri” rubrikasının növbəti qonağı Azərbaycanın tanınmış jurnalisti, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmlidir. O, rubrikanın şərtinə uyğun olaraq, tələbəlik illərinin unudulmaz çağları olan yataqxana xatirələrini bizimlə bölüşəcək. Universitetlərimizin yataqxanalı çağlarının nostalgiyasına bürünüb, həmin maraqlı illərə qayıtmaq istəyirsinizsə, başlayaq...
Ömrün ən təmiz, qayğısız günləri...
-Yataqxana həyatı ömrümün çox parlaq səhifələri kimi yaddaşımda qalıb. Mən Bakı Dövlət Universitetinin 3 nömrəli yataqxanasında yaşayırdım. Düzdür, təmirli, səliqəli deyildi, bir az tökülüb-itməyi vardı. Amma buna baxmayaraq ”canlı” idi. Yataqxanada şənliklər, xüsusi tədbirlər təşkil olunurdu. Jurnalistika, şərqşünaslıq, tarix, coğrafiya, geologiya, filologiya və s. müxtəlif fakültələrin tələbələri bir yataqxanada qalırdıq. Həmin fakültələrdən dostlar, tanışlar qazanmışdıq. Çox rəngarəng tələbə həyatı var idi. Bir otaqda yaşayanlar gündəlik işləri öz aralarında bölürdülər. Növbətçilik cədvəlinə uyğun olaraq təmizlik, bazarlığa getmək, yemək hazırlamaq və s. işləri hər gün bir adam öhdəsinə götürürdü. Bir üstünlüyü də dərslərə yaxşı hazırlaşa bilirdik. Hamımız suallar üzrə bir yerdə fikir mübadiləsi edərək oxuyurduq. Çox səmimi bir kollektiv idi.
Yataqxanadır da... Bəzən tələbələr arasında söz-söhbət , dava-dalaş, mübahisələr olurdu.
Bütün yaxşı cəhətləri ilə bərabər çətinlikləri də var idi. Tələbələrin çoxu yataqxana həyatına uyğunlaşmaqda çətinlik çəkirdi. Düzü, mənim elə bir problemim olmayıb. Çünki mən orta məktəbi internat tipli məktəbdə oxuduğuma görə birgə yaşayışa, çətinliklərə dözümüm vardı. Yataqxanada çox rahat yaşayırdım.
Elə bil kimsə birdən köhnə tanış kitabın səhifəsini açdı...
Qulu müəllim xatirələrdə o səhifələri vərəqlədikcə bir vaxt yaşadığı balaca, doğma yataqxana otağına qayıdır: “Lenin adına 60-cı otaq”
-Bizim yaşadığımız otaq iki səbəbə görə qeyri-adi idi. Birincisi, ona görə ki, ən səliqəli, ən təmiz otaq idi. Xüsusi bir dizaynı vardı. Burda o dövrün qəbul etmədiyi xüsusi şeylər, məsələn, Atatürkün şəkli divarımızı bəzəyirdi. Mənim çarpayımın yuxarısında divarda böyük yazıçı-şairlərin, o cümlədən, Nəsiminin, Hüseyn Cavidin, Şoloxovun şəkillərini asmışdım. Həm də bu yazıçıları çox oxuyurduq. Otaqda həmişə xarici radiolara qulaq asırdıq. Bəzən bizimlə birgə radio dinləmək üçün tələbələrin bəziləri otağımıza gəlirdi. Ümumiyyətlə, otağın tərzi fərqli idi.
Bir də ona görə qeyri-adi idi ki, burada yaşayan tələbələr hörmətli, yaxşı oxuyan, məlumatlı, fərqli diskussiyalara həmişə hazır olan gənclər idi. Sadaladığım bu səbəblər otağımızı populyarlaşdırırdı.
“ Ürəyim yol çəkir bir gözə dönüb..”
Qulu müəllim yaddaşın dolambac yolları ilə addımlayır. O danışdıqca ağ-qaralı o illər göz önündə canlanır. Yaşanılan günlərdən daha çox təəssüratlar, qaydalar xatırlanır...
-Yataqxanada xatirələrdən daha çox təəssüratlar yadda qalır. Bu təəssüratlar nədən ibarət idi? İlk növbədə müstəqil davranış; yəni, sən bir təsərrüfatı idarə edirsən. Özün özünə qulluq edirsən, paltarını ütüləyir, yuyursan. Bu müstəqillik insanın xarakterinə müəyyən qədər təsir edir. Bunlar hamısı xırda-xırda toplanır və bütöv bir təəssürat yaradır.
O vaxtlar beynəlxalq xokkey, futbol oyunlarına çox baxırdıq. Televizor ümumi olduğuna görə hamı onun qarşısına toplaşıb izləyirdi. Amma imtahanlara hazırlaşanda yataqxanaya qəribə bir sükut çökürdü. Bax o sükut indi də yadımdadır. Hamı bilirdi ki, tələbələr imtahana hazırlaşır. Ona görə də koridorlarda, otaqlarda çox səs-küy salmaq olmazdı. Bu, bir qayda idi.
Qaydalardan danışmışkən, burada əsas məsələ birgə yaşayış qanunlarını gözləmək idi. Kimsə ürəyi istədiyi kimi ucadan danışa, oxuya, qışqıra bilməzdi. Hamı ümumi qaydalara əməl etməli idi. Müəyyən bir vaxtda yataqxananın qapıları bağlanırdı. Tutaq ki, saat 23:00-dan sonra yataqxanaya gəlmək, yaxud çıxmaq olmazdı. Gələnləri də çox vaxt içəri buraxmırdılar. Bəzən qaydalar pozulurdu. Növbətçi komendantdan çox şey asılı idi. Komendant yumşaq xasiyyətli adam olanda dil tapıb bu məsələləri həll etmək olurdu.
Bu yerdə bir sual:
-Bəs siz haçansa yataqxanaya gec gəlmisiniz?
-Mən o vaxt intizamlı adam idim, elə indi də o intizam qalır.(gülür) Heç vaxt yataqxanaya gec gəlib komendantla problem yaşamamışam. Çünki bu çox pis təəssürat yaradırdı. Təsəvvür edin ki, kimsə gecə gec saatlarda gəlib qapını döyür, açmırlar, otaqlarda dərhal işıqlar yanır. Hamı gələnin kimliyi ilə maraqlanır. Gecə vaxtı camaatın rahatlığı pozulur.
Bizim yataqxananın bir özəlliyi də qızlar yataqxanası ilə qonşu olmağı idi. Bu bir az bizim özümüzü “yığışdırmağımıza” səbəb olurdu. Bəzən tanıdığımız qızlar olanda fakültə, müəllimlər, dərslər bağlı ucadan pəncərədən-pəncərəyə, aşağıdan-yuxarı danışırdıq. O da bir mənzərə kimi xatirəmdə qalıb.
Yuxusuz gecələr, lampa işıqları...
Mən artıq III-IV kursdan radio, televiziyaya yazılar yazır, tərcümələr edirdim. Bəzən səhərə qədər işləyirdim. Təsəvvür edin, redaksiyaya material çatdırmaq üçün bütün gecəni işləyirsən. Bir də başını qaldırırsan ki, artıq dan yeri sökülür. Dəfələrlə belə hadisələr olurdu. Başqalarını narahat etmədən qırmızı guşədə, ya da yataqxana koridorlarında oturub işləyirdim. Amma tələbələrin bəziləri yuxusuzluğa dözümsüz olur.
Bəxtəvər deyilik ağaclar qədər,
Ömür gül açmayır hər yaz gələndə...
-Qulu müəllim, o illərdən bu günə qədər çox şey dəyişib? Bəs dəyişməyən nədir?
- İnsan yaş artdıqca, dünyagörüş formalaşdıqca dünyanı, münasibətləri başqa cür qavrayır. Kamilləşir, yetkinləşir. Düzdür, bəziləri yaşlandıqca olub-qalanını da itirir. Amma bu proses davam edir. Mənim üçün dəyişməyən, tələbəlik, yataqxana həyatından qalan şeylər təmizlik, səmimiyyət, ülvilikdir. Hesab edirəm ki, çox şey dəyişsə də, onları dəyişmək olmaz. Çünki onlar insan xisləti, xasiyyətidir. İnsanların bir-birinə münasibətində əsas yoldur.
Yenə söz... Yaddaşı bu xatirələr sığallayır.
-Burada bir zaman yaşayanlar üçün yataqxana xatirələri ömrün maraqlı kadrlarıdır. Onları arada yada salmaq yaxşıdır.
Ayşə Müseyib