
Gəncləri kitab oxumağa təşviq etmək,mütaliə həvəsini daha da gücləndirmək məqsədilə maraqlı addım atan YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev növbəti dəfə kitabsevərlərlə görüşüb.
Xatırladaq ki, Naqif Həmzəyev “Facebook”sosial şəbəkəsində özünün profil hesabında gənclərə müraciət edərək yazıb: Dəyərli dostlar, əziz gənclər və Gəncə şəhərində təhsil alan tələbələr! Son zamanlar kitab oxumağa artan marağınızı nəzərə alaraq sevdiyiniz 100 kitabı sizə hədiyyə etmək istəyirəm. Ən çox sevdiyiniz və Gəncə şəhərində sizin üçün satın ala biləcəyim kitabların adlarını şərh bölümündə qeyd edin, ən qısa zamanda və böyük fəxarət hissi ilə oxumaq istədiyiniz kitabı sizə şəxsən hədiyyə edəcəm. Lakin, kiçik bir şərtim var. Hədiyyə etdiyim kitabdan öyrəndiklərinizi “Kitab Klubu”nda birlikdə müzakirə edəcəyik!”.
Mütaliə problemləri ətrafında baş verən proseslərin həllinə fərqli yanaşan millət vəkili şərh bölməsində adları yazılan kitabları mütaliə həvəskarlarına mərhələli şəkildə təqdim edib.
Görüşdə gənclər millət vəkili Naqif Həmzəyevin təşbbüsünün onların mütaliəyə olan maraqlarının daha da artmasına, asudə vaxtılarından səmərəli istifadə edilməsinə yeni bir təkan olduğunu bildiriblər. Gənclər həmçinin, sevdikləri yazıçıların əsərləri, arzusunda olduqları kitabları onlara hədiyyə etdiyi üçün millət vəkilinə təşəkkür ediblər.