
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadənin İctimai TV-in efirində yayımlanan 3D verilişində səsləndirdiyi fikirlər rezonans doğurub.
Millət vəkili türk olmadığımızı, qan elementləri və irqi baxımdan da türklərdən fərqləndiyimizi, 1918-ci ildə Bakının bolşevik və daşnaklardan azad edilməsində Nuru paşanın ordusunun qızıl hesabına Azərbaycana gəlməsi haqqında və s. ziddiyyətli fikirlər səsləndirib.
Tarixçi alim Kərəm Məmmədov mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında bildirib ki, A.Əlizadənin səsləndirdiyi heç bir fikir tarixi əks etdirmir.
“Araz Əlizadə tarixçi, antropoloq deyil ki, tarixdən doğru dürüst fikirlər səsləndirsin. Bir adam özünü türk hesab etmirsə, etmir. Onun fikirlərini xalqa şamil etməyə ehtiyac yoxdu. Türkiyədə xeyli adam var ki, müxtəlif etnik qruplara aiddir, amma o demək deyil ki, onlar özünü türk hesab etməyəndə bütün türk xalqına şamil oluna bilər. Bununla yanaşı, görünür, heç onun irqlərdən də lazımi biliyi yoxdur. Çünki Araz Əlizadə deyir ki, biz “Hind- Avropa”, türklər isə Asiyadan gəlmə “Sarı irq”ə mənsub xalqdır. Bizi aid etdiyi “Hind-Avropa” adlı bir irq yoxdur. Hind-Avropa dil ailəsi var, amma irqi yox. .İrqin adı Hind-Aralıq dənizi irqidir ki, bu irqin də müxtəlif qolları, antropoloji tipləri var. O qolların içərisində Azərbaycan türklərinin daxil olduğu irq Oğuz irqi adlanır. Cüzi savadı olan adi adamlar da bilir ki, biz hansı irqə, dilə, qrupa mənsubuq”.
K.Məmmədov millət vəkilinin türk ordusunun ölkəmizin çətin vəziyyətində “pul hesabına Bakıya gəlməsi” haqqında səsləndirdiyi fikirlərə də etirazını bildirib:
“Bu fikir tamamilə yanlışdır. Azərbaycan Xalq Cümhuriyyəti hansı vəsait hesabına Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusuna pul ödəyə bilər ki? Bəyəm Cümhuriyyətin qızılı var idi ki, muzdlu ordu tutsun?! Bu yanlış fikirlərin hamısı tarixi bilməməkdən irəli gəlir”.
Mövzu ilə bağlı AzEdu.az-a danışan Türkoloq Ramiz Əskər millət vəkilinin bu fikirlərini sərt qarşılayıb.
“Mən başa düşə bilmirəm ki, Araz Əlizadə bilmədiyi şeyləri niyə danışır?! O, bəyəm türkoloqdur? O, sadəcə hesab edir ki, Altaydan gələnlər Çinə yaxın olduğu üçün hökmən sarı irqə mənsub olmalıdırlar. Biz isə buralıyıq. Bu yanaşma tamamilə yanlışdır. Türklərlə biz eyni irq, eyni millət, qanımız, canımız, ortaq mədəni irsimiz var. Biz türkük, “azərbaycanlı” deyəndə ölkədə yaşayan bütün etnik qruplar nəzərdə tutulur. 70-ə yaxın ayrı etnik qrup var, onlar hamısı azərbaycanlıdır. Onun biri talış, kürd, ləzgi, tat, biri də türkdür”.
Türkoloq millət vəkilinin qan elementlərinə görə də türklərdən fərqli olmağımız haqqında səsləndirdiyi fikrə də münasibət bildirib:
“Düzdür, belə bir təcrübə var ki, məsələn, qədim misirlilərlə hər hansı bir millətin DNT analizlərini uyğunlaşdırmaqla qohum xalqlar aşkarlanır. Amma bizim türklərlə qanımız da eynidir. Ola bilər ki, bir qrup azərbaycanlının qanı Anadoluda yaşayan bir qrup türkün qanı ilə uyğun olmasın. Çünki burda başqa millətlərdən yaşayan xeyli sayda əhali var. Yaxud da vaxtı ilə bu ərazilərə köçüb assimiliyyasiyaya olunan kifayət qədər şəxslər var. Amma bu o demək deyil ki, bizim qanımız bir deyil “.
O bildirib ki, vaxtilə Türkiyə ordusu Azərbaycana məhz dəstək, kömək məqsədilə gəlib və ölkənin müstəqilliyi yolunda vuruşub.
“Muzdlu ordu Türkiyədə heç vaxt olmayıb. Hətta indi yoxdu. Türklər əsgərliyi sevir, hamı da bir nəfər kimi əsgərə gedir. Orda əsgərə getməyən oğlanla qız vermirlər. Muzdlu nədir? Orduya o pulu kim ödəyirdi ki, gəlib bizdə vuruşsun?. Azərbaycan Xalq Cumhuriyyəti Türkiyədən ölkənin ağır günündə xahiş etmişdir. Bakı uğrunda gedən döyüşlərdə xeyli türk əsgəri şəhid olub. Onun qanının pulunu heç kim ödəməyib. Qafqaz İslam Ordusu ümumi Türkiyə ordusunun bir nizamı hissəsidir. Ənvər paşanın qohumları həmin orduda qoşunlara komandan idi. Onlar deməli pulla komandan olublar?. Araz Əlizadə bilmədiyi şeyi danışır”- deyə R. Əskər sözlərinə əlavə edib.
Ayşə Müseyib