
AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası şöbəsinin müdiri, akademiyanın müxbir üzvü Qüdrət Kəlbəliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sənaye təhlükəsizliyi və əməyin mühafizəsi kafedrasının müdiri, professor Sakit Rəsulovun həmmüəllifi olduğu “Dispers mühitlərdə nəql prosesləri” (“Transport Phenomena in Dispersed Media”) adlı monoqrafiya Londonda nüfuzlu “Taylor Francis Group” akademik nəşriyyatında çap olunub.
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan AzEdu.az-a verilən məlumata görə, monoqrafiyada dispers mühitdə kütlə ötürmə, istilik köçürmə və hidrodinamika problemləri nəzərdən keçirilir və təhlil edilir. Monoqrafiya kimyəvi-texnoloji proseslər və müvafiq aparatlarla, istilik və kütlə ötürmə proseslərinin inkişafı və layihə ilə məşğul olan mütəxəssislər, habelə tələbə, magistr, doktorant və mühəndis-texnoloqlar üçün faydalıdır.