Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-06 17:11:00
Folklorşünas alimin yeni çapdan çıxmış kitabının təqdimatı olub

Noyabrın 6-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru İslam Sadığın “Azərbaycanda kitab mədəniyyəti” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

AzEdu.az  xəbər verir ki, tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoylu İslam Sadığın elmi fəaliyyətindən söhbət açıb, onu tanınmış şair, publisist və folklorşünas alim kimi xarakterizə edib. Bildirib ki, İslam Sadıq folklorşünas olsa da, onu bütün elmi, bədii və publisistik yaradıcılığı ilə “azərbaycanşünas” adlandırmaq daha doğru olar. O, istər folkorşünaslıqda, istərsə də publisistik yaradıcılığında Azərbaycan milli kimliyinin ana qaynaqlarını araşdırmaqla məşğuldur. Bu cəhətdən alimin “Azərbaycanda kitab mədəniyyəti” əsəri də konseptual mahiyyəti ilə “kitab” anlayışının türk-şumer qaynaqlarına bağlanır. “İslam Sadıq bütün qəlbi və yaradıcılığı ilə etnik milli köklərə bağlı olan, Azərbaycanı içində yaşadan alimdir. İstər respublika səviyyəli konfranslarda, istərsə də beynəlxalq səviyyəli konfranslarda Azərbaycanı layiqincə təmsil edən İslam Sadığın alqışlanmasının dəfələrlə şahidi olmuşam”, - deyə S.Rzasoylu əlavə edib.

Qeyd edilib ki, səkkiz fəsildən ibarət “Azərbaycanda kitab mədəniyyəti” əsərinin əsas qayəsini nəşrin milli-ideoloji varlığımızın ana sütunlarından biri olması təşkil edir. Monoqrafiyada “Kitab nədir” sualından tutmuş yazının kəşfi, yazının kitaba transformasiyası, qədim kitablar, kitab mədəniyyəti, kitabın cəmiyyətdə rolu kimi məsələlərdən, digər xalqlarda olmayan, yalnız Azərbaycanda yaradılmış kitab növlərindən bəhs olunur. Əsərdə Azərbaycan bədii fikir tarixinin Nizami Gəncəvi, Nəsirəddin Tusi, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov kimi simalarının kitab haqqında kəlamları yer alıb, ziyalıların milli kitab mədəniyyətinin formalaşmasındakı fəaliyyətləri verilib, həmçinin Azərbaycanda kitab mədəniyyəti statistik-təsviri kontekstdə təqdim olunub. Bundan əlavə, “Azərnəşr”in yaranma tarixi, fəaliyyəti, onun bazasında yaranmış digər nəşriyyatlar, kitabın məzmununa və üz qabığına görə növləri, kağızın və kitabın ölçüləri, format anlayışı, səhifələnməsi, redaktə normaları məsələlərindən bəhs edilir.

Tədbirdə pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Tağıyev, filologiya üzrə elmlər doktoru Qalib Sayılov, 40 illik dostu Əlövsət Ağalarov, professor Qüdrət İsaqov, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli təqdim olunan kitabın məziyyətlərindən danışıblar. Çıxış edənlər əsərin əsl qiymətinin ciddi oxucu marağında öz həqiqi ifadəsini tapacağına inandıqlarını bildiriblər.

Sonda çıxış edən İslam Sadıq “Azərbaycanda kitab mədəniyyəti” kitabının nəşrinə göstərdiyi maliyyə dəstəyinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. (Azərtac)