
“Əgər biz əvvəlcədən hər şeyi desək, zəlzələ olan bölgədə insan qalmaz, xaos yaranar”.
Noyabrın 8-də Cənub bölgəsində zəlzələ baş verib. Yeraltı təkanlar saat 02:40-da qeydə alınıb. İlkin məlumata görə, zəlzələ 3,5-4 amplitudada baş verib.
AzEdu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində. Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli zəlzələnin öncədən proqnozlaşdırılması haqqında fikirlərini bölüşüb.
“Zəlzələni əvvəlcədən proqnozlaşdırmaq çətindir. Onun yerini qabaqcadan müəyyən etmək olur. Lakin dəqiq tarixini demək mümkün deyil. Əgər biz əvvəlcədən hər şeyi desək, zəlzələ olan bölgədə insan qalmaz, xaos yaranar. 2000-ci ilin aprel ayında Xəzərdə güclü zəlzələnin olacağını bilirdik, lakin dəqiq tarixini müəyyənləşdirə bilmədik.
Həmin ilin noyabr ayında güclü zəlzələ baş verdi. Bunu əvvəlcədən desəydik, Bakıda əhali tapılmazdı. Birinci növbədə varlılar şəhəri tərk edərdi, sonra isə əhalinin digər hissəsi paytaxtdan çıxardı.
Proqnoz məsələsinin dünyada həlli yoxdur. İnformasiya işıq sürəti ilə yayılır. Heç bir ölkə zəlzələdən bir saat öncə və ya bir-iki gün əvvəl əhaliyə xəbərdarlıq etməyib. İstisna olaraq, 1975-ci ildə Çində baş verən zəlzələni öncədən demişdilər və əhali həmin bölgəni tərk etmişdi. Lakin 6 ay sonra 200 kilometr cənub-qərbdə güclü zəlzələ oldu və 100 minə qədər insan tələfatı baş verdi. Bunu isə öncədən heç bir seysmoloq müəyyən edə bilmədi. Buradan aydın olur ki, proqnoza heç zaman güvənmək olmaz”.
Qeyd edək ki, yaxın günlərdə AzEdu.az Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) baş direktoru Qurban Yetirmişli ilə geniş müsahibəni təqdim edəcək.