Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-16 17:36:00
Cəhdmi, yoxsa, bəlkəmi? – Təhsil meneceri yazır

 

Gözəl payız günlərindən bir idi. “Hümmət” baba, “Cəhd” adındakı nəvəsi ilə, “Kaş ki”  baba da “Bəlkə” adındakı nəvəsi ilə parkda oturmuşdular.        Bir  ara  “Hümmət” baba, nəvəsinə dönərək soruşdu; -"Gözəl nəvəm böyüyüncə nə olmaq istəyirsən?". Nəvəsi həvəslə cavab verdi;

-"Pilot olmaq istəyirəm, baba." dedi. Çünki “Cəhd”, təyyarəyə minməyi çox istəyirdi. Hətta oyuncaqlarının çoxu təyyarə maketləri idi.  “Cəhd” əzm etdi  və  illər  sonra  bunu bacardı. Artıq buludların  üstündə  uçma  həzzini yaşayırdı.

   Elə həmin gün ”Kaş ki”  baba  da  “Bəlkə”  adındakı nəvəsindən  bu  sualı  soruşmuş, nəvəsi  də; -"həkim  olmaq  istəyirəm”, demişdi.

Aradan  illər  keçmişdi, amma həkim  ola bilməmişdi. Ona  görə  özünün  günahı  yox idi. Əlindən gələni etmişdi; amma  şans  ondan  yana deyildi. Tək  günahkar  "başqası" idi. Babası  kimi bəxtinə lənət  oxuyurdu.

Halbuki, Uca  Allah “Cəhd” və “Bəlkə”yə bərabər imkanlar vermişdir. “Cəhd” əzminə  sarılmış, işini şansa  buraxmamış  və  müvəffəqiyyətə  gedən  bütün yolları  sınamışdı. Maneələr, çətinliklər, bəzən müvəffəqiyyətsizliklər  həmişə önünə  çıxmışdı.

Amma o, çətinlikləri, maneələri, müvəffəqiyyətə gedən yol  olaraq  gördü. Dərs çalışarkən dostlarına “yox” deməyi bacardı, çətin mövzuları mənimsəyənə qədər bütün imkanlardan istifadə etdi, oxu saatını, istirahət saatını, hətta yemək və yuxu saatlarını belə bir-birinə qurban vermədi, bu günün işini sabaha saxlamadı. 

Ən  yaxınları   və  dostları, “Nə  edirsən, dəlisənmi, özünü  bitirəcəksən. Çox oxumaqla alimmi olacaqsan?!" dediklərində  o, qorxusuzca,  özünə inanaraq çalışmağa davam etdi. Bacarmış insanların həyatını  araşdırdı. Onları modelləşdirdi. Özünə  yeni  müvəffəqiyyət  strategiyaları  təyin etdi. Yeni  hədəflər  qoydu. Öz  imkanlarını kəşf etdi. Özünə  inamı  artdı. Və həyata müsbət tərəfdən  baxdı. Hər  zaman, "mən bu  işi  bacaracağam, edə bilərəm, edəcəyəm, bilirəm,  zaman  ayıracağam, qətiliklə  özümə  inanıram" dedi. Sonunda  hədəfinə, məqsədinə çatdı.

   Yaxşı, “Bəlkə”  nə  etdi bu  arada?  “Cəhd”in  etdiyinin  heç birini  etmədi. Həmişə  mənfilikləri  gördü. Şikayət üstünə şikayət. Həmişə; "edə bilmirəm, vaxtım çatmır, çox çətindir başa düşmürəm, zamanım  yox, bəlkə sonra, qorxuram, inanmıram, qeyri-mümkün" dedi.

Hər zaman bəlkələrlə seçimlər etdi. Dərs çalışan vaxtı dostları çağıranda bəlkə  gedib bir az oynayım sonra gələndə oxuyaram. Axşam düşməmiş bəlkə  bu gün bir az tez yatım sabah tez durub oxuyaram.  Telefonuna mesaj, zəng gələn kimi danışmasam və ya cavab yazmasam hörmətsizlik olar sonra rahat oxuyaram. Çətin mövzularla qarşılaşanda bunları sonraya saxlayım vaxtımı çox alacaqlar və hətta heç öyrənməyim bəlkə  heç bu mövzudan sual düşmədi. Burnuma yemək qoxusu gəlir,  “bəlkə yemək yeyim, bir az dincəlim azca da uzanım sonra oxuyaram”.

 Bu gün qohumlarda toy var?! Mən mütləq iştirak etməliyəm. Hələ imtahana çox vaxt var... deyə-deyə şansa  inandığı qədər  işə  inanmadı  və  işini  şansa  buraxdı. Çətinlikləri  bir maneə  olaraq  gördü. Riskin  səmtinə  belə getmədi. Və sonda cəsarəti  qırıldı. Təşəbbüskarlıq ruhu iflic oldu. O da “Kaş ki”  babası kimi sonra peşman olaraq kaş ki dərs oxuyarkən dostlarıma yox deməyi bacarardım, kaş ki bir az  yatardım, kaş ki telefonla az məşğul olardım, kaş ki çətin mövzulardan qaçmazdım, kaş ki  toya, nişana, xeyirə-şərə böyüklərimdən qabaq mən hazırlaşmazdım, kaş ki..... və beləliklə sonrakı peşimanlıq fayda verməz məsəli kimi “Bəlkə” nəvə də “Kaş ki”  babası kimi quyunun  dibinə  "müvəffəqiyyətsiz"lər siyahısına  adını  yazdırdı.

İndi növbə sizindir. Siz seçin Cəhdmi yoxsa Bəlkəmi?

Maarif Quliyev, təhsil meneceri