
“90-cı illər təkcə bizim həyatımızda deyil, ümumilikdə Azərbaycan üçün çox təzadlı dövr olub.Azərbaycanın müstəqilliyi yenicə elan edilmişdi. Çox fərəhli, qürurlu idik.Sevinirdik ki, xalqımız, millətimiz üçün belə bir əlamətdar dövrdə yaşayırıq, prosesə bacardığımız səviyyədə töhfə veririk. Bəllidir ki, həmin dövrün proseslərində təhsil ocaqları, xüsusən, Bakı Dövlət Universiteti çox aktiv rol almışdı.Biz də BDU tələbələri olaraq çox aktiv idik, özümüzü milli ideologiyaya, müstəqillik ovqatına o qədər kökləmişdik ki, heç bir tərəddüd etmədən canımızı qurban verməyə hazır idik”.
AzEdu.az təhsil portalında “Tələbə yataqxanası” rubrikasının növbəti qonağı Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlidir. O, rubrikanın şərtinə uyğun olaraq, tələbəlik illərinin unudulmaz çağları olan yataqxana xatirələrini bizimlə bölüşəcək. Universitetlərimizin yataqxanalı çağlarının nostalgiyasına bürünüb, həmin maraqlı illərə qayıtmaq istəyirsinizsə, başlayaq...
“Yataqxana həyatı özü də bir məktəbdir”-deyən Müşfiq müəllim xatirələrinə o dövrün ictimai-siyasi mənzərəsini xatırlayaraq başlayır.
-Tələbəlik illərim çox təzadlı dövrə təsadüf edib.1992-ci ildə Bakı Dövlət Universitetinə daxil olub, 1997-ci ildə oranı bitirmişəm.1998-2000-ci illərdə dəaspirantura oxumuşam. 90-cı illər təkcə bizim həyatımızda deyil, ümumilikdə Azərbaycan üçün çox təzadlı dövr olub.Azərbaycanın Müstəqilliyi yenicəelan edilmişdi.Amma bu cür ruh yüksəkliyinə baxmayaraq, real həyatın da öz problemləri var idi. Müstəqilliyin elan edilməsi ilə yanaşı, ölkəmizdə həm də, ictimai formasiya dəyişmişdi, “sosializmdən” bazar iqtisadiyyatı dövrünə keçmişdik. İctimai formasiya dəyişikliyinin öz çətinlikləri var. İqtisadiyyat dağılmış halda idi, yeni dövriyyəyə buraxılmış milli valyuta çox kəskin devolvasiyaya uğramışdı. Eyni məhsulu günün birinci yarısında bir qiymətə, günün ikinci yarısında isə başqa qiymətə alırdıq. İnflyasiya təsəvvür edilməz səviyyədə idi.Digər bir yandan ölkəmiz ədalətsiz müharibəyə cəlb edilmiş, hazırlıqsız yaxalanmış, torpaq işğalına məruz qalmışdı. Döyüşlər davam edir, hər gün şəhid verirdik, ərazilər boşaldılır və məcburi köçkün dəstələri Bakıya toplaşırdı. İnsanlar acı çəkirdi. 1992-93-cü illərdə yaranmış maliyyə-iqtisadi və siyasi sabitsizlik, xaotiklik tələbə həyatına, onun bir hissəsi olan “ yataqxana həyatı”na da ciddi şəkildə təsir etmişdi. Mən də 5 illik tələbəlik dövrümdə yataqxanada yaşamışam.
Ağ-qara filmlərdə keçdi ömrümüz, ağ- qara şəkillərdə dondu gəncliyimiz. Müsahibimiz də məhz yataqxanada keçirdiyi illəri ağ qara xatırlayır:
-Üzərindən 22 il keçməsinə baxmayaraq, hələ də təsəvvürlərimi konkretləşdirə bilmirəm: yataqxanahəyatı təsəvvürümdə təzadlı, tam qara və tam ağ rənglərdə qalıb.Orta göstərici yoxdur.
Yataqxanada yaşayanlar bilirlər, buranın öz “qanunları” olur.Rəsmi qaydalarla yanaşı, yazılmamış qaydalar da var. Yataqxanada yaşamaq, məskunlaşmaq, el dilində desək, “baş çıxarmaq” istəyirsənsə, rəsmi qaydalarla yanaşı, qeyri-rəsmi qaydaları da bilməlisən. Bu qaydalara ya uyğunlaşmalısan, ya da o qədər iradəli olmalısan ki, öz qaydalarını diktə edə biləsən, çıxış yolu tapıb yayınmağı bacarasan. Ali təhsil müəssisəsində oxuyan hər kəs ali təhsil almaq, savadlı olmaq, mütəxəssis kimi yetişmək üçün gəlmir. Hərənin bir marağı var. Kimisi “asudə vaxt keçirməyə”, kimisi sadəcə şəhərdə yaşamağa, kimisi “cehizlik diplom” almağa gəlir.Belə “kruqların” arasında “dərs oxuyan uşaq” imici ilə dolaşmaq, öz prinsipinə sadiq qalmaq asan deyil. Ola bilsin ki, belə bölgü universitet auditoriyasında çox qabarıq görünməsin, amma yataqxana həyatında tam çılpaqlığı ilə ortaya çıxır.Onlar yataqxana həyatına “öz prinsiplərini yeritmək” üçün vasitə kimi baxırlar.Sən, əgər real təhsil almaq üçün gəlmisənsə, gününü dərs hazırlığına, elmi araşdırmalara həsr edirsənsə, mütləq balanslı davranmağı bacarmalısan.Elə balanslı davranmalısan ki, həm dərsini oxuyasan, həm də digər “kuruqların” gözündə “dərs oxuyan uşaq” kateqoriyasına aid edilməyəsən. Bizim dövrümüzdə bu məsələ çox qabarıqlığı ilə üzə çıxmışdı, tələbə yataqxanalarında bütün nizam-intizam itmişdi.Demək olar ki, universitet yataqxanaya nəzarət edə bilmirdi.Çünki, 92-93-cü illərdə, ölkədə mövcud olan dərəbəylik sistemi bu sektora da təsir etmişdi.
Təkcə tələbələrə deyil, Qarabağsız qarabağlılara da yurd yeri olan yataqxana…
-Qarabağ bölgəsində müharibə gedirdi, rayonlar işğal olunurdu, çoxsaylı məcburi köçkün dəstələri Bakıya gəlirdi. Gələnlərin də böyük əksəriyyəti tələbə yataqxanalarında yerləşdirilirdi. Yataqxanaların, orta hesabla 80 faizi məcburi köçkünlərin, qalan hissəsi isə tələbələrin əlində qalmışdı.İmkanı olanlar şəraitsizlik səbəbindən çıxıb getmişdilər. İstilik sistemləri sıradan çıxmış, mətbəx, hamam otaqları da yaşayış üçün məcburi köçkünlər tərəfindən tutulmuşdu. Tələbələr öz otaqlarında həm yaşamalı, dərslərinə hazırlaşmalı, həm də xörək hazırlamalı olurdular.Bu qədər şəraitsizlik, yəqin ki, təsəvvürə gəlməzdir.Amma 92-93-cü illərdə, bizim üçün yaşanmış həyatdır.
İnsan istənilən şəraitdə yaşamaq üçün vasitə tapır.Bu yerdə kollektivçilik köməyə gəlir.Biz də öz “kruqumuzu” formalaşdıra bildik.Düzdür, kollektivçilik heç də bütün zamanlar və şərtlər üçün əlverişli deyil. Haqlı, ya da haqsız, könüllü, ya könülsüz, komanda naminə bəzi proseslərə qoşulmalısan. Dava-dalaşa, özləri demiş, “söhbət xırdalamağa” da getməlisən, “məcburi şənliklərə” də qoşulmalısan və sair. Amma kollektivçiliyin üstün tərəfləri də var.
“Ahıl yaşamışam cavan ömrümü
Qınama qəlbimdən cavanlıq keçər”
Müşfiq müəllim bu gün bizim köhnə Azərbaycan kinolarında gördüyümüz çörək növbələrində gözləyənlərdən biri olub. Özünün də dediyi kimi uzun-uzadı gözləyəndən sonra əldə etdikləri ö çörəyi də aralarında bölüblər:
-Biz tələbə olanda, Bakıda ərzaq məhsulları talonla satılırdı.Həm dəuzun-uzadı növbələr olurdu.Təsəvvür edin, səhər tezdən gedib 3 saat növbədə durursan, sonda yarım çörək alıb qayıdırsan.Belə şəraitdə nə dərs oxumağa, nədə universitetə getməyə vaxt qalmır.Biz çıxış yolunu onda tapmışdıq ki, növbə ilə dərsdən icazə alıb çörək növbəsində qalırdıq. Çörək növbəsinə duran adam yoldaşlarının da talonlarını aparırdı. Növbə ilə yemək bişirirdik, otağın səliqə-sahmanına baxırdıq.Qalanlar da dərsə gedirdi.“Kruq” böyük olduğu üçün, 10 gündə bir dəfə dərsdə qalmaq zərurəti olurdu.Beləcə, bir-birimizi yola verib, dərsimizə baxırdıq.
Vaxt olub ki, bir tikə çörəyimizi paylaşmışıq.Valideynlər gələndə, əsl bayram olurdu.Amma bu bayramın ömrü uzaq başı 2-3 gün çəkirdi.Gətirilmiş ərzaq bu müddət ərzində sərf edirdik.Valideynlər, ayda bir dəfə gəlirdilər, artıq çatdırmaq mümkün də deyildi.Ümumi ölkədə vəziyyət pis idi. Ayın qalan günlərini çox çətinliklə başa vururduq. Yaxşı yadımdadır, bir dəfə ərzaq gəlməsi yubanmışdı. Hamımız çətin duruma düşmüşdük.Toplandıq, üzərimizdə olan pulla Yasamal bazarından bir gilə badımcan, bir ədəd pomidor aldıq.Onu, elektrik qızdırıcısı üzərində heçnəsiz bişirdik.Dörd yoldaş çörək tikəmizi bir ədəd badımcan və pomidora batırıb yedik, bir sutkanı onunla keçirdik.
Yenə hər şeyin üstündən zaman gəlib keçəcək.
Müşfiq müəllim üstündən bu qədər zaman keçməsinə baxmayaraq o illəri nağıl kimi xatırlayır və bir sualın cavabını hələ də tapmayıb: O həyatı necə yaşayıb?!
-Sovet dövrünün dərslikləri qüvvədən düşmüşdü.Yeni dərsliklər isə qıt idi. Yalnız Axundov adına Kitabxanada bəzi kitabları tapıb oxumaq mümkün idi. Ona görə qrup arasında razılaşdıq, pul yığıb dərsliklərin hərəsindən bir nüsxə aldıq.Ümumi istifadə edirdik. Axşamlar bu kitabları növbə ilə oxuyur, ya da, hərəmiz bir dərsi oxuyub otaqda xülasəsini danışırdıq, müzakirəyə çıxarırdıq, digərləri də beləcə öyrənirdilər.
Asudə vaxtımız da olurdu.Mənim köhnə bir televizorum var idi.Xəbərlər proqramının vaxtında hamı bir otağa toplaşıb xəbərləri mütləq dinləyirdik.Müzakirəsiz olurdu.Yəni yataqxana həyatının belə üstünlükləri də var idi.Əgər, yad təsirlərə düşməyib, özünün sağlam çevrəni formalaşdıra bilirsənsə, yataqxana həyatından qazancla qurtulursan.Amma başqalarının təsirinə düşsən, özünü müdafiə edə bilməsən, iradəsiz davransan, çox ağır nəticələri olur.
Biz çalışdıq, birləşdik, qruplaşdıq və qrupumuzun üzvlərini mənasız qrupların təsirinə düşməkdən qoruduq. İndi fikirləşirəm, o günlər gözüm önünə yuxu kimi, nağıl kimi gəlir. O həyatı necə yaşadıq?!
Yarpaqlar tökülür bir xəyal olur
O ötən əyyamlar fərəhli çağlar
Sonluq üçün bir neçə fərəhli cümlə..
-Beləcə, vəziyyətdən çıxdıq.Maraqlıdır ki, bu cür mühitə baxmayaraq, çevrəmizdə olanlar, mən qarışıq, universiteti qırmızı diplomla, əlaçı olaraq başa vurduq.Hamımız aspiranturada oxuduq (indiki magistrla doktoranturanın sintezi idi). Əksəriyyət indi üzdə olan, məşhur insanlardırlar. Görünür, haqq sözdür ki, “Allah əziyyəti yerdə qoymur”. Yataqxana həyatı özü də bir məktəbdir.
Ayşə Müseyib