Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-21 17:16:00
Rumıniyada təhsil alan azərbaycanlı: "Ölkəyə qayıtmaq barədə düşünməmişəm"

AzEdu.az Rumıniyanın Buxarest Universitetinin Mühəndislik fakültəsində magistratura təhsili alan Rüfanə Mirzəliyeva ilə müsahibəni təqdim edir:

- Hansı məktəbdə təhsil almısınız? Xaricdə təhsil almaq qərarına necə gəldiniz?

- Qəbələ şəhəri, Fəzail Həmidov adına Mıxlıqovaq kənd tam orta məktəbində təhsil almışam. Daha sonra Bakı Dövlət Universitetinin Geologiya fakültəsini bitirmişəm. Ali məktəblərdə təhsil kefiyyətini yüksəltmək, müasir tələblərə uyğun kadr hazırlığını təmin etmək və təbii ki, təhsilimi xaricdə davam etdirmək kimi qərar verməyimə səbəb olan amil SABAH qruplarıdır. Təhsil sistemində yeni mühit yaratmaq məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssələrində yaradılmış qruplardır.

Həqiqətən də, SABAH qruplarında o fərqli mühiti görmək mümkündür. Bakalavr təhsili alarkən təşkil olunan təhsil sərgiləri və müxtəlif seminarlar məndə başqa ölkələri və başqa təhsil sistemlərini görüb bundan faydalanmaq kimi istək oyatdı və budur, mən artıq Rumıniyada magistr pilləsində təhsil alıram.

- Təhsil almaq üçün niyə Rumıniyanı seçdiniz?

- Bu, rumınların mənə ən çox verdiyi sualdır. Yəqin ki, təhsillə bağlı tərəfləri bir çoxumuza məlumdur. Bildiyiniz kimi, Rumıniya Avropa Birliyinin üzvüdür və Rumıniyada təhsil Avropada təhsil deməkdir. Soruşa bilərsiniz ki, bəs niyə Avropa Birliyinin üzvü olan başqa ölkələr yox, Rumıniya?! Buna səbəb isə ölkədə yaşayış xərclərinin digər ölkələrə nisbətən daha ucuz olmasıdır.

- Rumıniya ilə Azərbaycanın təhsil sistemindəki fərq nədir?

- Ən çox diqqətimi çəkən o oldu ki, fənlər Azərbaycandakı ali məktəblərdə olduğu kimi smestr boyunca paralel tədris olunmur. Bir həftə ancaq bir fənlə məşğul olduğumuz halda, növbəti həftə digər fənlə məşğul oluruq.

Məncə, bu, fənnin mənimsənilməsi baxımından daha faydalıdır. Zaman-zaman isə başqa tanınmış universitetlərdən professorlar dəvət olunur və dərslər təhsil aldığım universitetin professorları ilə yanaşı, həm də dəvət olunmuş professorlar tərəfindən də tədris olunur.

Digər tərəfdən, dərs saatının böyük hissəsi təcrübəyə ayrılır. Necə deyərlər, təcrübə öyrənmənin ən çətin hissəsidir və transformasiyanın özüdür, bizi ustalaşdırır.

- Universiteti bitirdikdən sonra Azərbaycana qayıtmaq fikriniz varmı?

 - Demək olar ki, ən çox verilən sual budur. Bu sualın cavabını hələ özümə də verməmişəm, qərar vermək zamanı çatanda özümü hara aid hiss edirəmsə, ora getməyi seçəcəm. 

- Başınıza gələn maraqlı hadisə varmı? 

- Bilmirəm, sizə və başqalarına nə qədər maraqlı gələr. Rumıniyanın mədəniyyətini öyrənəndə rumınlar üçün çox dəyərli olan bir tikili ilə - “Coloane İnfinitului” ilə rastlaşmışdım. Bu tikili sonsuzluğu, əbədiyyəti təmsil edir.

Mən də bu tikilini yaxından görmək istədiyim üçün rəfiqəmi yola gətirmişdim ki, birlikdə gedək. “Google”da xəritədə baxdıq və bir saatdan çox məsafə göstərildi. Tikilinin də hündürlüyü təxminən 30 metrdir. Getdiyimiz yerdə haradan baxsaq, görünməsi lazımdır. Orda yeri tapa bilməyib, rumınlardan soruşduq.

Onlar da bizə “sağa gedin, sonra sola dönün, görəcəksiniz” kimi istiqamətlər verir, çatanda gördük ki, naviqatorun bizi gətirdiyi yer sadəcə içində “Coloane İnfinitului” adlı balaca bir yerin olduğu küçə imiş, bizə lazım olansa başqa şəhərdədir.

Üstəlik, altı saatdan çox yol getmək lazımdır. O qədər həvəslə gedib, heç nə görə bilmədiyim üçün çox məyus olmuşdum. (oxu.az)