_73.jpg)
AzEdu.az Biləsuvar rayon Mübariz İbrahimov adına Təhsil Kompleksinin ingilis dili kafedrasının müdiri və ingilis dili müəllimi Akif Zeynalov ilə müsahibəni təqdim edir.
Öz dilindən dosye: Akif Zeynalov 1958-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olub. 1965-1975-ci illərdə Alar kənd tam orta məktəbini bitirib. 1978-ci ildə Almaniyada hərbi xidmətdə olub. 1985-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1983-1984-cü illərdə Əfqanıstan Demokratik Respublikasında ordu sıralarında tərcüməçi vəzifəsində çalışıb. Cəlilabad rayonunun Mədəniyyət Şöbəsində müxtəlif vəzifələri icra edib. 1990-cı illərdə Alar kəndində fars dili müəllimi kimi çalışıb. Hazırda Biləsuvar rayon Mübariz İbrahimov adına Təhsil Kompleksinin İngilis Dili Kafedrasının müdiri və ingilis dili müəllimi kimi çalışır:
-Sizə poliqlot müəllim deyillər. Bir neçə dili mükəmməl səviyyədə öyrənməyə həvəs sizdə necə formalaşıb?
-Uşaq vaxtı xarici dillərə marağım güclü olub. Atam rus dilini çox gözəl bilirdi. Həmçinin, fars dilində olan kitablarla da maraqlanırdı. Bu mənim diqqətimi cəzb edirdi.
Xarici dillərə yaranan həvəsimin digər bir səbəbi isə həmin dövrdə Alar kəndinə başqa ölkələrdən xarici vətəndaşların gəlməsi idi.
Fars, ingilis və rus dili ilə məşğul olmağa başladım. O dillərə aid çoxlu kitablar oxuyurdum. Çalışırdım ki, onları səlis şəkildə qavrayım.
Dillərin dərin incəliklərini hiss etdikcə insanın həvəsi daha da artır. Xüsusən də, xarici dildə ədəbiyyat oxumaq dünyagörüşünü yüksək səviyyədə inkişaf etdirir”.
-Bəs necə oldu ki, ən sonda əsas ixtisas kimi ingilis dili müəllimliyini seçdiniz. Bildiyimiz qədərilə ali məktəbdə bu ixtisas üzrə təhsil almamışdınız:
-İngilis dilinə marağım hər zaman güclü olub. Universitet illərində ingilis dilində əlavə ədəbiyyatlar oxuyurdum. Onlar texniki, elmi və bədii istiqamətdə idi. Sonra proqramlar vasitəsi ilə ingilis dilində olan səslərə qulaq asmağa başladım. Dinləməmi yüksək səviyyəyə qaldırdım.
1990-2000-ci illərdə məktəblərdə böyük bir boşluq yarandı. Müəllimlərin çoxu çörək qazanmaq üçün əlavə işlərə üz tutdular. Şagirdlər isə müəllim axtarışında idilər.Mənə müraciət edirdilər ki, universitetə qəbul olmaq üçün onlara kömək edim.Məndə öz növbəmdə bu təklifdən imtina etməyib onlara kömək edir, fars və ingilis dilindən hazırlaşdırırdım.
Hətta elə olurdu ki, Almaniyada yaşayan soydaşlarımız mənə müraciət edirdilər və onlarla alman dilində məşğul olurdum. Bu kimi hadisələri gördükcə mənim motivasiyam daha da artırdı. Əməyimin nəticəsi olaraq şagirdlər müəyyən səviyyəyə gəlib çatır və hər hansısa bir peşənin sahibi olurdular. Bu insana xüsusi zövq verir və onu həvəsləndirirdi”.
-Hazırda ingilis dili müəllimi kimi çalışsanız da, hazırlaşdırdığınız abituriyentlərə kimya, biologiya kimi fənlərdən də kömək edirsiniz. Bu sizdə çətinlik yaratmır ki?
-Sadəcə olaraq abituriyentlərin ehtiyacı yarandıqda mən onlara köməklik edirəm. Məktəbdə isə yalnız ingilis dilinin tədrisi ilə məşğul oluram.
2004-cü ildə Alar kənd 1 saylı tam orta məktəb istifadəyə veriləndə Təhsil naziri Misir Mərdanov buraya gəlmişdi. Mən həmin zaman artıq rayon üzrə ingilis dilini tədris edən müəllim kimi tanınırdım.Çünki həmin dövrdə kənddə ingilis dili müəllimi yox idi. Məktəbimiz müasir formada idi.Misir müəllim rayon Təhsil Şöbəsinin təqdimatı ilə mənim məktəbdə inglis dili müəllimi kimi çalışmağıma razılıq verdi. 2004-cü ildən artıq fars yox, ingilis dilini tədris edirəm. Rayonun ingilis dili nəticələri həmişə yüksək olub.
Özümü hər zaman inkişaf etdirirəm və İELTS imtahanında da iştirak etmişəm.Bu imtahanda 9 baldan 7 bal toplamışam.
-Bir neçə dili mükəmməl şəkildə bilirsiz.Bəs nəyə görə özünüzü başqa sahədə yox, məhz müəllimlikdə sınadınız?
-Əslində müəllim olmaq mənim arzum olmayıb.İlk xəyalım təyyarəçi olmaq idi. Müəllimlik sahəsindəki boşluqlar məni cəzb etdi. Həmin dövrdə məktəbdə dəqiq elmlərin müəllimləri demək olar, yox idi. Mən yalnız xarici dilləri deyil, başqa fənləri də tədris edirdim. Fizika, kimya, biologiyadan dərs deyirdim.
İxtisas qrupları üzrə istedadlı uşaqları hazırlaşdırırdım.Bu boşluğu doldurmağa çalışırdım. Qarşıma məqsəd qoyurdum ki, məktəbdə müəllim kantingenti formalaşdırım. Hazırda şükürlər olsun ki, bir çox sahələr üzrə yetişdirdiyim tələbələr var. Fizika, kimya, riyaziyyat biologiya ixtisası üzrə abituriyentlər yetişdirmişəm. Tək kəndimizdən deyil, rayonun bir çox yerlərindən də şagirdlərim olub. Yetişdirdiyim şagirdlərim hazırda bir çox yerlərdə çalışırlar. Onlardan biri ilin müəllimi adını alıb, digəri isə elmlər doktorudur. Buna görə də başqa işlərə üz turmaq mümkün olmadı”.
-Sizi həmkarlarınızdan və digər müəllimlərdən fərqləndirən əsas cəhət nədir?
-Mən kimdənsə fərqlənməyi heç vaxt qarşıma məqsəd qoymamışam. Sadəcə olaraq, özümə qarşı tələbkarlıq hissim hər zaman güclü olub. Bir şeyi qarşına məqsəd qoyursansa, onu yüksək səviyyədə bilməlisən. Mən daima öz üzərimdə çalışırm. Təkcə öyrətmirəm. 10 faiz öyrədir, 90 faiz isə öyrətdiklərimdən öyrənirəm. Tədrisi çatdırmağın yollarını bilmək lazımdır. Mən həmişə şagirdlərimə deyirəm ki, bu prosesdə sizdən daha çox mən öyrənirəm. Bu xüsusiyyət mənə hər zaman kömək edib”.
-Günümüzdə gənclərin çoxu xarici dilləri öyrənməkdə çətinlik çəkir. Bu qədər dilləri bilən bir insan kimi gənclərə xarici dili mənimsəməkdə nə kimi tövsiyələr edərdiz?
-Əsas nöqsan odur ki, öyrədənlər dilin özünü kənara qoyur və daha çox qrammatikaya üstünlük verirlər. Təsəvvür edin ki, dərziyə yüksək keyfiyyətli parca verib ondan kostyum istəmək əvəzinə, ona sap, iynə və çürük parça verib yüksək keyfiyyətli paltar tikməyini istəyirsiz. Bunun üçün ilk olaraq dilin özünü sevdirmək lazımdır.
Mən şagirdləri öncə oxu və dinləmə istiqamətinnə yönəldirəm.Dili rahat şəkildə oxuyub başa düşdükdən sonra şagird kəşflər etməyə başlayır. Onlar ifadələr tapır və frazeoloji birləşmələr öyrənirlər. Dilin incəliklərini hiss etdikcə onu daha yaxşı öyrənmək olur. Mən Mübariz İbrahimov adına liseydə işləyirəm və burada çox istedadlı şagird var idi. Amma ingilis dilini yaxşı bilmirdi. Ona dedim ki, mənə inan və deyilənləri et, nəticə olaraq, görəcəksən ki, nələr bacardın. O, dedi ki, nə desəniz edəcəm. Mən ona kitablar verdim və lisininqləri telefonuna yüklədim. O, bir saata yaxın getdiyi yolda səsləri dinləyirdi. Mən ona səviyyə kitablarını oxutdum, tərcümələr etdirdim.Dedim narahat olma, hər şey yaxşı olacaq.O, qəbulda 25 sualdan 24-nü yazdı.Məni abituriyentlərin yazdığı sualların sayı maraqlandırmır.Həmin tələbəm Bakı Ali Neft Məktəbinə qəbul olundu. Hazırda inglis dilində elə kitablar oxuyur ki, mən özüm ona heyran qalıram. Hətta elmlə bağlı xarici ölkələrə səfərlər edir.
Gənclərə tövsiyəm odur ki, hansı xarici dili öyrənirlərsə ilk andan etibarən oxumağa başlasınlar.Müəyyən müddətdən sonra komputer və informasiya texnologiyalarından istifadə edərək biliklərini daha da zənginləşdirsinlər”.