Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-31 10:19:00
Həmrəylik Günü fəlsəfəsi - MÜBARƏK GÜN

 

 Həmrəylik münasibətlər sistemində hansı yeri tutur? İnsanlar nə üçün həmrəy olmalıdır? –

Əks təqdirdə nə baş verər? Həmrəylik bizim xalq üçün hansı kateqoriya hadisədir və nə dərəcədə önəm daşıyır? Və nəhayət: XX yüzilin 90-cı illərindəki həmrəylik çağırışları ilə XXI yüzilin 20-ci ilindəki çağırışlar arasında nə kimi fərqlər var? –

 Bəli, suallar çoxdur. Bir çox sual bayram günü verilməyə də bilər, əlbəttə. Əlbəttə, həmrəylik institutu barədə yalnız təqvimin son günündə düşünməməliyik; lakin bir bayram günü özlüyündə, həm də hesabat günü deyilmi? – Düşünürəm ki, “nə etmişik, nə edirik, nə edəcəyik?” deyə öz özümüzə sual verməyin ümumi işimizə yalnız xeyri vardır.

 Ötən yüzilliyin sonlarında, xalqımızın tarixi iradəsinin ifadəsi olaraq, o taylı bu taylı Azərbaycan arasında insancıl, milli-mədəni, iqtisadi və təbii, qohumluq bağlarını bərpa etmək məqsədi ilə (rəsmi olaraq, “SSRİ-İran sərhəddi” adlanan) köksüz maneələrin, sərhəd çəpərlərinin sökülməsi (mühəndis-texniki qurğuların götürülməsi) prosesini başladan Vətən övladları, bugü­nümüzü yalnız xəyal edərdi (yəqin ki)..! O illər xəyal, romantika, həvəs, sevda, eşq... illəri idi... Və bu da təbii sayılmalıdır. Bununla belə, o xəyalları gerçəkliyə çevirmək, o sevdalı, eşqli və qanadlı duyğuları ictimai-siyasi müstəvi üzərində maddiləşdirmək, məsələyə peşəkar münasibət göstərmək barədə düşünən­lər də vardı. (Nə yaxşı da vardı!)

 Uzun onilliklər boyu bir-birinə həsrət qalan millətimizin Arazın hər iki sahilində sərhəd yürüyüşü, sərhəd dirəklərinin yıxılışı, millətin Araz qırağında həftələrlə gecə-gündüz dirənişi, çağırışlar... dünya ekran-efirini Azərbaycana, Naxçıvana cəlb etdi.

 Sov. İKP MK, Azərbaycan KP MK, KP-nin yerli orqanları, özəlliklə, SSRİ Sərhəd Qo­şun­ları komandanlığının yaratdığı bütün maneələrə (özünüqoruma hərəkətlərinə) baxmayaraq, geniş­lənən xalq hərəkatı, xalqın arzu və istəklərinin gur ifadəsi “Sərhəd hərəkatı” askiyaları, o illərdə ümumittifaq miqyasında genişlənən demokratik hərəkatın sonucunda, (“SSRİ-İran sər­həddi” bo­yunca çəkilən) sərhəd çəpərləri elliklə söküldü..! Bu sətrləri bugün – müstəqilliyimizin bər­pa­sından 28 il keçəndə sonra, özüm 47 yaş içindəykən yazmaq o qədər də həyəcanverici olmaya bilər, yazdıqlarım da həyəcan yaratmaz bəlkə... lakin o illərdə, o şərtlər içində sərhəd sökən in­sanların həyəcanını təsəvvür etməyə, “sərhəd sökən əllər var olsun” deməyə gücümüz çatır...

 Beləliklə, uzun ayrılıqdan sonra ilk dəfə Arazın hər iki tayında olan qohumların, soy­daş­ların bağlantı qurmaq, ünsiyyət yaratmaq imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi və s... Bu bir hadisə idi!

 Nəhayət 1991-ci ilin 16 dekabrında bu planda ikinci böyük hadisə yaşandı! – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini ya­ratmağın önəmini nəzərə alaraq, dekabrın 31-ni “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan etdi! Bu barədə Muxtar Respublika Ali Məclisi 6 bənddən ibarət mühüm (tarixi) qərar qəbul etdi.

Tarixi qərar bu şəkildə idi:

-31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü elan olunsun və hər il bayram edilsin.

-Həmin gün Naxçıvan Muxtar Respublikası ərazisində iş günü hesab edilməsin.

-31 dekabrın Dünya azərbaycanlılarının həmrəylik və birlik günü kimi bütün Azərbaycan Respub­likasında rəsmi qeyd edilməsi üçün qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respub­likasının Ali Sovetinə təklif verilsin.

-Naxçıvan Muxtar Respublikasının şəhər və rayon məclislərinə tapşırılsın ki, bayram günləri de­mokratik təşkilatların iştirakı ilə təntənəli mərasimlər hazırlayıb həyata keçirsinlər.

-Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinə, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsinə, Azərbaycan Yazıçılar Birliyinin Naxçıvan vilayət şöbəsinə, Xalq Təhsili Nazirliyinə tapşırılsın ki, 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik gününə həsr olunmuş elmi konfrans keçirsinlər.

-Sərhəd çəpərlərinin bərpa edilməsi qanunsuz hesab edilsin və istehkam qurğularının ləğv edilməsini təmin etmək üçün deputat komissiyası yaradılsın.

 Bəli, Kürəkçay, Türkmənçay, Gülüstan kimi gözəl adlı, qarabaxtlı “müqavilələr”dən keç­miş milli tariximiz Naçxıvanda yenidən doğulur, dirçəlir, boy verib görsənir, çiçəkləyirdi...

Azərbaycanlılar minilliklər boyu öz doğma torpaqlarında yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr verib. Savaşlar, köçlər, devrimlər, çevrilmələr, çatışmalar, habelə ümumən dünyada gedən müxtəlif ictimai-siyasi proseslər sonucunda, Vətənimiz parçalanmış, həmvətənlərimizin bir qismi öz yurd-yuvalarından didərgin salınmış, qaçqın və məcburi köşkünlüyə vadar edilmiş, bir-birindən ayrı düşmüşdür. Habelə iş bulmaq, yüksək təhsil almaq və s. məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə qərar tutan həmvətənlərimiz də vardır. Beləliklə, azərbaycanlılar  dün­yanın dörd yanına yayılıb. Uzaq diyarlarda da böyük Azərbaycan icmaları, Azərbaycan Evləri yaranıb.

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın dörd yanında soydaşlarımız tərəfindən qeyd olunur. Həmrəylik günü diasporumuz üçün önəmli günə, əziz bay­rama  çevrilib. “Təsadüflər təsadüfi deyil”: Həmrəylik Günümüz təqvim ilinin son gününə dü­şür. Biz burda sözüngəlişi “düşür” sözünü işlətsək də, əslində, öz yaxşı işlərimiz, milli davamız, dövlətçilik şüurumuz, xəqli duyğularımızla – bütün bunların toplamında hərəkətlərimiz, işimizlə 31 dekabrı ilin zirvəsinə qaldırmalıyıq, günlər gününə yüksəltməliyik. Bu yolda əmək sərf edən, iş görən, mübarizə aparan bütün həmvətənlərimizə salam-sayğılar!

31 dekabra təvafüq edən Həmrəylik Günümüz, təqvim  ilinə yekun vuran fikirlər, çalış­malar, əməllərlə özünəxas dərinlik və üfüq qazanır, - deyə inanıram. İnanıram ki, yazının baş­lanğıcında verdiyimiz suallar hər birimizin özümüzə verdiyimiz suallar olmaqla cavab bulur. Nə qədər insan var o qədər sual var; eynigüclə, nə qədər insan var, o qədər cavab var. İndi bizim sual daşlarını ətəyimizdən töküb, cavab daşlarını yığmaq vaxtımızdır. Ona görə ki:

-respublikamızın ərazi bütövlüyü hələ bərpa olunmayıb;

-dünya azərbaycanlıları öz vətənləri ilə bağlarını daha da möhkəmləndirməlidir;

-azərbaycanlılar dünyanın dörd yanında heç də eyni adla tanınıb, eyni adla çağrılmır (azərbaycanlı, qaşqay, qarapapaq, avşar, Qərbi Azərbaycanlı, Şərqi Azərbaycanlı, İraq türkməni, Suriya türk­manı, qızılbaş, ələvi və s...);

-öz dədə-baba torpağında yaşayan soydaşlarımız, “dədə-babalıq”, sonradan köçmüş həmvətən­lərimiz də vətəndaşlıq hüququndan gərəyincə istifadə edib, vətəndaşı olduğu ölkənin ictimai-siyasi həyatında arzuolunan səviyyədə iştirak etmir (bir çox halda);  

-illəröncənin romantikası sanki öz varlığını qəribə şəkildə sürdürür və gah batıb, gah üzə çıxmaqla təzahür edir; əslində bizə romantikanın tam öləzimədən öz varlığını praqmatizm aləminin içində sürdürməsi lazımdır;

-dünya azərbaycanlılarının yeganə müstəqil dövlətinin çıxarları heç də bütün dünya azərbay­can­lıları tərəfindən eyni gücdə, eyni məhəbbətdə qorunmur və s...

Əziz oxucu, bu çatışmzalıq kimi qeydlərlə birimiz razılaşar, birimiz razılaşmamış ola bilərik. Qarşılıq olaraq, uğurları sadalaya bilərik, mən də bir xeyli uğurlardan söz aça bilərəm. Əlbəttə, uzaq ellərdə isti Vətən guşəsi yaradan həmvətənlərimiz var; yaxşı diaspor təşkilatlarımız var; yerli şəraitə inteqrasiya olunmuş, uğur qazanmış şəxsiyyətlərimiz var; yaxşı səfirlərimiz, diplomat­larımız var və s.. Amma bu əziz gün ərəfəsində mən uğurlardan arxayınlaşmaq “üslub”unda deyil, problemləri etiraf edib, o problemlərin üstünə getmək xəttində düşünməyi üstün tutardım. Məncə, biz, “problemlərimiz var, biz onları bilirik, etiraf edirik və həll etməyin yolunu, vaxtını da idrak edirik” deyə bilməliyik.

Heç şübhəsiz, dünya azərbaycanlıları ilə işin, diaspor təşkilatlarımıza qayğının, şəxsən Prezidentimizin, I Vitse-prezidentimizin yüksək diqqətində olduğunu bilir, qarşılıqlı olaraq, dias­porumuzun da müstəqil dövlətimizə, dövlətin zirvəsinə məhəbbətini bilirik və bundan qürur du­yuruq. Yeniləşən komanda və irəlihədəfli çalışmaları ilə Diasporla iş üzrə Dövlət Komitəmizin təqdirəlayiq işini izləyir, bacardığımız qədər təbliğ edirik.

Heydər Əliyev Fondunun I Vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” benəlxalq kampaniyası çərçivəsində düzənlənən tədbirlərə həmvətənlərimizin verdiyi dəs­tək, ümumən Azərbaycan həqiqətlərinin yayılması baxımından bir çox həmvətənimizin gördüyü işlər unudulmazıdır.   

 31 dekabrdan sonra 1 yanvar gəlir. – Demək, öz aramızdakı problemlərimizi, hansısa umu-küsünü yenməliyik, yenməliyik ki, onu yeni ilə daşımayaq.

Qədim Novruz Bayramında “ağırlığımız odda yandırılır”, yuxular suya danışılır, qulaqlar qonşu qapılardan xeyir xəbər din­şəyir... və bununla yanaşı: küsülülər barışır, xəstələrə “yastığınız yüngül olsun” deyir, onlara tez sağalmalarını diləyirik... – Bax, cavan bayramımız olan Həmrəylik Günümüzdə də, uyğun bayram ayinlərini icra etməliyik, deyə düşünürəm.

Dövlətimizin bayrağı uca, müstəqilliyimiz əbədi olsun!

2020-ci təqvim ilində - “Könüllülər İli”ndə də könlümüz Vətənimiz üçün sevgilərlə do­lu­dur.

“Könüllülər İli” xeyirli-uğurlu olsun!

Həmrəylik Günümüz mübarək!

 Əkbər QOŞALI,

Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri