
AMEA İnformasiya Texnologiyaları İnstitutunun 17 saylı şöbəsinin növbəti elmi seminarında institutun doktorantı Ləman Həmidova “Etnobotanika informasiya sisteminin qurulmasında SQL Serverin tətbiqi” mövzusunda məruzə ilə çıxış etdi. “Etnobotanika” anlayışının mahiyyəti haqqında məlumat verən məruzəçi bitkilərin müalicəvi yönünün tarixinin qədimliyindən, onun müəyyən dəyişikliklərə məruz qalaraq “botanika mədəniyyəti”ni yaratdığından bəhs etdi.
Onun sözlərinə görə, bu ənənəvi botanika araşdırmaları yunancadan “xalq” mənasını verən “ethnos” və “bitki” mənasını verən “botane” və ya “botanikos” sözlərindən yaranan “etnobotanika” elm sahəsinin əsas mövzusu olub. Dünyada tanınan məşhur etnobotaniklər və bitki tədqiqatçıları haqqında məlumat verən L.Həmidova, müasir dövrdə “Etnobotanika informasiya sistemi”nin qurulmasında istifadə olunan beynəlxalq təcrübədən danışdı.
O, Azərbaycan florasının dərman bitkilərinin məlumat bazasının imkanlarından bəhs edərək bildirdi ki, Azərbaycan ərazisində bitkilərdən 525 növü farmakoloji əhəmiyyətlidir: “İnformasiya sistemində bitkilərin 26 parametri üzrə məlumatlar toplanıb. Bu məlumatlara bitkinin taksonomik xarakteristikası, həyat forması, ekoloji, bioloji, tibbi məlumatları, bitkilərin yayılma arealı, relikt, endemik və nadir bitkilər üzrə təsnifatı, fotoşəkilləri daxildir”.
Daha sonra sistemdəki informasiyadan rahat şəkildə istifadəni əngəlləyən çatışmazlıqlar haqqında məlumat verildi. Etnobotanika üzrə ümümi standardların, məlumatların təhlükəsizliyinin qorunmasının yetərli olmaması, bitkilərin etnobotaniki xüsusiyyətlərini özündə əks etdirən kateqoriyaların azlığı və digər səbəblər nəzərə çatdırıldı. “Etnobotanika informasiya sistemi”nin struktur sxemi izah edildi, etnobotanika verilənlər bazasında əsas cədvəllər, bu cədvəllərin bir-biri ilə əlaqəsi və MS SQL server platforması əsasında “Etnobotanika informasiya sistemi”nin qurulmasının üstünlükləri sadalandı.
AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Azərbaycanda bu elmi istiqamətin inkişaf etdirilməsinin vacibliyindən danışdı. “Etnobotanika informasiya sistemi”nin qurulmasının həm tibdə, həm də ekologiyanın qorunmasında əhəmiyyətli rol oynadığını qeyd etdi. Alim tədqiqatın nəticəsi olaraq məqalənin hazırlanmasını və nüfuzlu elmi jurnalda çap olunmasını tövsiyə etdi.