
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı, Mirhəsən Seyidovu isə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar sərəncam qəbul edib.
Belə ki, yeni təyin olunan icra başçıları gənc olmaları ilə fərqlənirlər. Lakin onlar ölkəmizdə fəaliyyət göstərən yeganə gənc icra başçıları deyillər.
AzEdu.az müxtəlif bölgələrin icra hakimiyyətinə rəhbərlik edən gənc icra başçılarının təhsil dosyelərini təqdim edir:
Nefçala rayonunun icra başçısı təyin edilən MirHəsən Seyidov 15 iyul 1989-cu ildə Sumqayıt şəhərində anadan olub. 1995 -ci ildən 287 saylı “Zəkalar” litseyində təhsil almağa başlayıb. 2006 -cı ildə orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Universitetinin Vergi və Vergitutma fakültəsinə yüksək göstərici ilə daxil olub. 2010 -cu ildə ali təhsilin bakalavr pilləsini bitirib. 2012-2014-cü illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq biznes MBI magistr dərəcəsi əldə edib.
İsmayıllı rayonunun yeni icra başçısı Nahid Bağırov 4 aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 242 və 151 saylı məktəblərdə alıb.
Azərbaycan Beynəlxalq Universitetinin Hüquq və Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirib.
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olub. 1997-ci ildə Bakı şəhər 1 saylı orta məktəbi, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirib.
Bakı şəhər Yasamal rayonunun İcra Hakimiyyətinin başçısı Elşad Həsənov 1976-cı il sentyabrın 27-ində Bakıda anadan olub. 1982-ci ildə Milli Qəhrəman Tahir Həsənov adına 23 saylı orta məktəbə daxil olub və 1992-ci ildə oranı qızıl medalla bitirib.
1992-ci ildə ilk dəfə test üsulu ilə keçirilən qəbul imtahanlarının nəticələrinə uyğun olaraq Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. 1997-ci ildə həmin fakültəsini fərqlənmə diplomu ilə bitirib. Elə həmin il BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olunub. 2001-ci ildə oranı fərqlənmə ilə bitirib. 2004-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb. Hüquq sahəsində bir neçə elmi məqalənin müəllifidir.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 1977-ci ildə anadan olub. 1998-ci ildə Mingəçevir Politexnik İnstitutunu İqtisadçı ixtisasını, 2011-ci ildə isə Bakı Dövlət Universitetini Hüquqşünas ixtisasını bitirib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 1980-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə UNEC-də “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasınn Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə” idarəetməsi ixtisası üzrə təhsil alıb.
Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov 1981-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub.
Azərbaycan Texniki Universitetini iqtisadçı, Bakı Dövlət Universitetini hüquqşünas ixtisasları üzrə bakalavrını bitirib.
Laçın rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 10 mart 1976-cı ildə Laçın rayonunun Güləbird kəndində anadan olub. Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin hüquqşünaslıq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının isə dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirib.