Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-10 15:58:00
Coğrafiya İnstitutunda Azərbaycanda sel proseslərinin idarəolunması problemləri araşdırılıb  

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda sel əmələgətirici proseslərin inkişaf dinamikası, rayonlaşdırılması və idarəolunması problemləri öyrənilir.

AzEdu.az bildirir ki, yerinə yetirilən tədqiqat işində Azərbaycan ərazisində sel hadisələrinin başvermə mexanizmləri, onların əmələgəlməsində iştirak edən amillər, sellərin coğrafi yayılması və idarəolunması məsələləri təhlil edilib.

Tədqiqat işində məsafədən zondlama materiallarından, topoqrafik xəritələrdən, fond və çöl tədqiqatları zamanı toplanmış materiallardan istifadə olunub. Beləliklə, ən selli region hesab edilən Böyük Qafqazın sel ocaqlarının risk inkişafının xəritəsi hazırlanıb. Müəyyən edilib ki, Böyük Qafqazın cənub yamacında yerləşən çay hövzələrində sel ocaqlarının sahəsində 1961–1990-cı illərin məlumatları ilə müqayisədə orta hesabla 15–20 faiz artım müşahidə olunur. Bu, əsasən, Şin, Kiş, Dəmiraparan və Girdman çaylarına aiddir. Bunun əsas səbəbi sistemsiz otarma, meşələrin qırılması, turizm və iaşə obyektlərinin tikintisi, yol-inşaat işləridir. Çay hövzələrində selə qarşı qurğuların olmaması, yaxud çox zəif olması və lazımi səviyyədə qurulmaması səbəbindən sellər böyük ziyan vururlar. Ən güclü seləmələgətirən ocaqlar Kişçay, Daşağılçay, Girdmançay, Dəmiraparançay və s. çay hövzələrində yerləşib. Sel ocaqlarının inkişaf etmədiyi ərazi 9,85 faiz, risk potensialı olan ərazilər 10,55 faiz, inkişaf riski az olan ərazilər 48,35 faiz, orta inkişaf riskinə malik ərazilər 28,25 faiz, selin inkişaf riski yüksək ərazilər isə 3 faiz təşkil edir