Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-04 10:29:00
Koronavirusun əsl sirri nədir?

Postsovet məkanında konspirologiyanın qızıl dövrü 1990-cı illərdi. Lakin indi, kütləvi internet və virtualllaşma dönəmində həmin janr intibah dövrünü yaşayır.

AzEdu.az COVİD-19 koronavirus pandemiyası ilə bağlı internet konspiroloji nəzəriyyələrlə doludur. Bəziləri iddia edir ki, rəqib Çinin iqtisadiyyatını çökdürmək üçün virusu amerikalılar yaradıb yayıblar. Başqaları buyurur ki, xeyir, Çin yaratdığı bioloji silahın laboratoriyalardan sızmasının qarşısını ala bilməyib. Üçüncülər vurğulayırlar ki, karantin bəhanəsi ilə Yer kürəsindəki insanları özünə tabe etdirmək, yaşlılarla zəifləri öldürməklə əhalinin sayını azaltmaq istəyən "qlobal hökumət"in işidir baş verənlər.

Sosial şəbəkələr "etibarlı mənbədən alınan məlumat"lar, haradasa karantin rejimini pozanların güllələnməsi, hətta vəfat edənlərin cəsədlərindən ibarət qardaşlıq məzarlarının qazılması ilə bağlı "fakt"larla boldur.

 

İş o yerə çatıb ki, Vanqanın koronavirusla bağlı öngörmələrindən də bəhs olunur. Əslində, mümkündür, çünki kor bolqar falçının dediklərini istənilən mövzuya və ya hadisəyə uyğunlaşdırmaq asandır.

Pis həm də odur ki, indiyədək məntiqli, adekvat kimi tanınan bir para adamlar belə, isteriyaya və panikaya qatılaraq "ən son xəbər"lər adı ilə marazmlar paylaşırlar.

Beləliklə, fiziki epidemiyanın psixi epidemiya ilə müşayiət olunduğunu görürük və burada qeyri-adi heç nə yoxdur. Adi həyat tempi, rutin yaşam modeli karantin rejimində tam dəyişən narahat, gərgin və çaşqın insanlar baş verənlərə heç olmasa hansısa səbəb aramağa, konkret suçlu kimi göstərilə biləcək subyektləri arayırlar.

Eynən orta əsrlərdə epidemiyalar zamanı insanlar su quyuluranı zəhərləyənləri aradıqları kimi.

Almaniyada, Britaniyada, İspaniyada və Rusiyada vəba qiyamları zamanı kütlə həkimlərlə məmurları xəstəliyi bilərəkdən yaymaqda ittiham etdikləri kimi.

Ümumdünya Səhiyyə Təşkilatı təlimat və məsləhətlərini yayaraq deyir ki, koronavirusa yoluxmaqdan qorunmaq üçün əllər diqqətlə yuyulmalı, küçədə və ictimai yerlərdə insanlarla aranızda məsafə saxlanmalı, mümkün qədər evdə oturmalısınız.

Koronavirus internet vasitəsilə yayılmır, amma psixi yoluxma barədə bunu demək olmur.

 

Psixi yoluxmadan qorunmağın əlahiddə, özünəməxsus mühafizə yolları var və nə yaxşı ki, bəşəriyyət onları çoxdan hazırlayaraq təsnifləyib.

Hələ 14-cü əsrdə ingilis keşiş Uilyam Okkam sonradan "Okkam ülgücü" adlanacaq prinsipi səsləndirmişdi. Qısa desəm, prinsip belədir: zəruri olduğundan artıq mahiyyətləri artırma.

Yəni başqa sözlə, sadə izahlar olduğu yerdə mürəkkəb sübutlar axtarma.

Bəşər tarixində vəba, "ispan qripi", taun, malyariya kimi dəhşətli yoluxucu xəstəliklər olub və var. Onların hamısı təbii yolla yaranıb. Bu səbəbdən də sadalanan bəlalarla müqayisədə letallıq səviyyəsi xeyli az, amma yenə də qorxulu COVİD-19 koronavirusunu süni mənşəli saymaq məntiqsizlikdir.

Daha çox xəstə və qoca adamları öldürən, letallıq səviyyəsi 4-5 faiz olan bioloji silah mümkündürmü? Bioloji silah bütün hallarda savaşda işlədilir. Savaş zamanı isə düşmənin hərbi əməliyyatlarında iştirak etməyən xəstələrlə qocaları öldürmək nə qədər zəruri sayıla bilər?

Opponentlər buyura bilər ki, bioloji silahdan dinc dövrdə də istifadə oluna bilər.