
Başqalarını bilmirəm, #evdəqal yazıçılar üçün göydəndüşmə bir fürsət oldu. Yarımçıq yazıların bəxtı açıldı. İyirmi il əvvəl alınmış kitabları yenidən oxunmağa başladım.
Bu sözləri professor, şair Zahid Xəlil söyləyib.
O, karantin günlərində öz yaşam tərzi haqqında məlumat verərək deyib: Çoxdan bəri yolumu gözləyən Lev Tolstoyu yenidən gözdən keçirməyə başladım. İnanırsınız heç elə bil universitet illərində və ondan sonra oxuduğum əsərlər deyildi. Səlahəddin Xəlilovun “Şərq-Qərb”, Əbdül Əlizadənin “Fantaziya binomu”, Əbdül Əlizadə və Hikmət Əlizadənin ikicildlik” Pedaqoji psixologiya” və Belinskinin “Seçilmiş əsərləri” isə həmişəlik stolüstü kitablarımdandır. Mən təbiət etibarı ilə gəzməyi çox sevirəm. Ona görə də ilk günlər başımı nə qədər qatmağa çalışsam da belə dözə bilmirdim.
Nə vaxtdı gizlənmişəm
Balaca bir otaqda
Hamı mənim ürəyimdə
Mən hamıdan uzaqda-
deyərək gileylənirdim. Nəvələrim də, qızlarım da məni yazmağa həvəsləndirirdilər. Bu günlərdə nəvələrimin: “Belə məqamlarda nə etmək lazımdır?” sualına şeirlə cavab vermişəm:
Burunluq tax üzünə
Yayılmasın nəfəsin.
Sən özünü qoru ki,
Dostun xəstələnməsin.
Allahın kəpənəyi
Göstərir inadını
Çiçəklərin üstünə
Sərir öz qanadını.
Dünyanı qurtaracaq
Dünyanın öz birliyi.
Həm əqidə birliyi
Həm də ki, söz birliyi.
Amma belə çıxmasın ki, bu vəziyyət yazıçı üçün bayramdı. Qətiyyən belə deyil. Yazıçı təbiət etibarı ilə azadlığı hər şeydən çox sevir. Mənə elə gəlir ki, “Virus öldü” sözünü eşidən bütün şairlər onu gözəl poetik ifadələrlə yola salacaqlar”.(Azertag.az)