
Bu günlərdə bir çox yerli həkimlərimiz yalnız koronavirus xəstələrinin müalicəsinə köklənib. Onlar növbə ilə səkkiz saat xüsusi geyimlə COVID-19-la mübarizə üçün ayrılmış xüsusi rejimli xəstəxanalarda xidmət edirlər.
Media.Az bu həkimlərdən biri - Yasmin Rüstəmova ilə danışa bilib. O, tibb üzrə fəlsəfə doktoru, kardioloq, ürək çatışmazlığı üzrə mütəxəssis (Sürix Universiteti), ürək vizualizasiyası üzrə mütəxəssis (Avropa sertifikatı), Avropa Kardiologiya Cəmiyyətinin fəxri üzvü və ATU-nun Daxili Xəstəliklər kafedrasının assistentidir.
- İşlədiyiniz xüsusi xəstəxanada hazırda koronavirus xəstələri çoxdur?
- Bu gün üçün təxminən 120 xəstə.
- Onlar xəstəliyi necə keçirirlər?
- Qeyd etmək istəyirəm ki, digər ölkələrlə müqayisədə bizdə xəstəliyin kifayət qədər mülayim gedişatı müşahidə olunur. Məsələn, İtaliyada koronavirus xəstələrində tənəffüs çatışmazlığının inkişafı 30-40 dəqiqə ərzində baş verir. Bu, həm laborator, həm də instrumental üsullarla təsdiqlənib. Kompüter tomoqrafiyası xəstələrdə ağciyər zonasında şüşəyəbənzər periferik dəyişiklik müəyyən edir. Azərbaycanda xəstələrin vəziyyəti daha stabildir, buna görə də, ağır xəstələr o qədər də çox deyil.
- Müalicə hansı dövrü əhatə edir?
- Çox şey simptomlardan asılıdır. Orta hesabla 10-14 gündür. Yaşlı xəstələr, həmçinin yanaşı xəstəlikləri olanlar koronavirusu ağır keçirirlər. Bəzən süni ağciyər ventilyasiyası cihazlarına ehtiyac duyurlar, müvafiq olaraq, tam şəkildə sağalma üçün xəstəxanada daha uzun müddət qalmalıdırlar.
- Xəstəxanalarda asimptomatik (simptomsuz) xəstələrin çox olduğu məlumdur. Onlar dəhlizdə gəzə bilərlər? Məsələn, mobil telefonlardan istifadə edə bilərlər?
- Bəli, asimptomatik xəstələrimiz var. Dəhlizdə gəzintiyə çıxa bilərlər, amma onlara bunu tövsiyə etmirik. Bir qayda olaraq, şöbədə virusların yüksək konsentrasiyası müşahidə olunur ki, bu da xəstələr üçün əlavə yük yaradır. Bu səbəbdən onları maska taxmağa çağırırıq. Telefonlara gəldikdə isə, onların istifadəsinə icazə verilir. Düzdür, telefonları özümüz etdiyimiz kimi, qablaşdırmağı məsləhət görürük. Belə şəraitdə mütləq bütün təhlükəsizlik tədbirlərinə əməl olunmalıdır.
- Xəstələrin yaşı barədə nə deyə bilərsiniz?
- Əksəriyyəti orta yaşlı (25-50 yaş) xəstələrdir. Yuxarıda qeyd etdiyim kimi, yanaşı xəstəlikləri olan insanlar, xüsusən yaşlılar xəstəliyi daha ağır şəkildə keçirirlər. Uşaqlarda, xoşbəxtlikdən, koronavirus ağırlaşmalara səbəb olmur.
- Ən kiçik xəstənin neçə yaşı var?
- Altı.
- Yəqin daim palatada olmaq ona darıxdırıcı gəlir?
- Əlbəttə, balaca xəstəmiz dəhlizdə qaçır, şöbədə gəzir, uşaqlarla bir az çətin olur. Xəstəlik uşaqlarda yüngül keçir, vaxtaşırı yalnız subfebril temperatur - 37,0-37,2 dərəcə müşahidə olunur. Buna görə, uşaqlara adətən yalnız simptomatik müalicə təyin olunur.
- Xəstəxanadan evə buraxıldıqdan sonra xəstə dərman qəbul etməyə davam edirmi?
- Adətən, xəstələr iki dəfə test verdikdən və nəticələr mənfi olduqdan sonra evə buraxılır. Əgər xəstənin şikayətləri varsa və ya hər hansı simptom tamamilə keçməyibsə, müalicəsinə davam edilir. Evdə heç bir xüsusi virus əleyhinə müalicə təyin edilmir.
- Sizcə, ölkəmizdə xəstəliyin pik nöqtəsi ötüb? Epidemiya nə vaxt zəifləyəcək?
- Xəstəliyin pik nöqtəsi barədə dəqiq danışa bilmərəm, amma mənə elə gəlir ki, Azərbaycan artıq stabil mərhələyə çatıb. Düşünürəm ki, yaxın iki-üç həftə ərzində xəstələrin sayının azalması və ümumiyyətlə, karantin rejiminin yumşaldılması barədə danışmaq olar. Ümid edirəm ki, mayın sonuna qədər vəziyyət sabitləşəcək və epidemiya zəifləməyə başlayacaq.