Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-19 13:20:00
Mətbuat katibləri KARANTİNDƏ: “Dincəlməyə vaxt tapmırıq” - Virusdan qorxmayanlar... - FOTOLAR

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edən, infeksiyanın ölkədə yayılmasını qabaqlayan Azərbaycan hökuməti 24 mart 2020-ci il saat 00:00-dan etibarən 4 may saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.

Modern.az saytı  mətbuat katiblərinin karantin günlərindəki işi,  onların bu günləri necə keçirmələri mövzusunda sorğu keçirib.

AzEdu.az həmin yazıdan  təhsil qurumlarında çalışan mətbuat katiblərinin cavablarını təqdim edir.


Təhsil müəssisələri bağlansa da, işini dayandırmayan Təhsil Nazirliyinin (TN) mətbuat katibi Cəsarət Valehov adi iş rejimində çalışan mətbuat katiblərindəndir:


“Desəm ki, karantin dövründə məktəblər bağlı olsa da, işimiz daha da artıb, yəqin şişirtmiş sayılmaram. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 3-dən 9-na kimi tədris dayandırıldı. Martın 2-də yaydığımız məlumatlarda, açıqlamalarda, videogörüntülərdə insanlara vəziyyəti düzgün izah etməyə çalışdıq. Bildiyiniz kimi, birinci mərhələdə verilən tətil dezinfeksiya işlərinin aparılmasına xidmət edirdi. Sonradan tətil müddətinin uzadılması isə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədi daşıdı. Biz Təhsil Nazirliyi olaraq, fevral ayının sonlarından başlayaraq, prosesdə necə hərəkət edəcəyimizlə bağlı rayon təhsil şöbələrinə müraciətlər ünvanlamışdıq. Fevralın sonundan etibarən kritik media masası yaratdıq. Kritik media masası sosial şəbəkədə gedən məlumatların çeşidlənməsi, o xəbələrə uyğun olaraq fəaliyyətimizin müəyyən edilməsi və s.-ni  əhatə edirdi. Nəhayət məktəblilərimizin təhsildən kənar qalmaması üçün müzkairələrə başladıq. Bu zaman onlayn təhsil, məsafədən təhsil, teledərs formatı nəzərdən keçirilməyə başlandı. Müzakirələr zamanı daha çox diqqətimizi çəkən teledərs formatı oldu. Çünki bu formatda yayım bütün ölkəboyu əhatə olunacaqdı. Yəni bu formatda kiminsə planşetinin, smarfonunun olmaması problem deyil. Gedişat göstərir ki, biz o vaxt çox düzgün qərar verdik. Bakıdakı məktəblərdən birində təxminən 30-35 nəfərlik heyətlə televiziya formatını qurduq. Gün ərzində 50-80 dərsin çəkilməsi, onların montajı, müəllimlər tərəfindən yoxlanılması, cədvəlləşdirilərək, efirə verilməsi böyük zəhmət tələb edir. Biz həmin andan bugünədək ayaq üstəyik. Gün ərzində ən azı 12 saat işləyərək, müsbət nəticələr əldə etdik. Bu həftə 700-cü dərsi efirdə yayımlayacağıq. Bizim tətbiq etdiyimiz format qonşu ölkələr üçün də örnək oldu. Həmçinin start verdiyimiz virtual məktəb layihəsində 150 mindən çox şagird qeydiyyatdan keçib.

Layihəyə start veriləndə qarşımızda qoyulan ilk tapşırıq koronavirusdan maksimum qorunmaq oldu. Çünki böyük məktəbdə məsafəni qorumaq mümkündür. Tərəfimizdən bütün gigiyena qaydalarına əməl olunur, spirt, maska, əlcəkdən istifadə edilir. Gün ərzində 4-5 saat ərzində kameraların, kompüterlərin qarşısında karantin qaydalarına riayət etməklə işlərin öhdəsindən gəlmək olduqca çətindir. Bütün əməkdaşlarımız səfərbər olunub. Əslində gördüyümüz işlərin hamısını kuryoz hadisə saymaq olar. Gərginlikdən ürəkdən gülməyi də unutmuşuq”.

 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat katibi Bəşarət Məmmədov  #evdəqalıb #dərsdən qalmayanlardandır, 
hətta son vaxtlar sosial şəbəkədə yazdığı statuslarla diqqət çəkməyi də bacarır:


“Son zamanlar mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, fəaliyyətimizi əsasən məsafədən təşkil edirik. Koronavirus infeksiyası ilə bağlı ölkədə görülən sosial təcrid tədbirləri də bunu tələb edir, tibbi-gigiyenik qaydalar da. Məlum olduğu kimi, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb. Əslində məktəblərdə tədrisin dayandırılması haqqında martın 3-də ilk qərar qəbul olunan gündən müvafiq qabaqlayıcı tədbirlər görməyə başlamışıq. Təhsil müəssisələri də, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inzibati binası da dezinfeksiya olunub. Qabaqlayıcı tədbirlərin ilk günlərindən idarənin girişində dezinfeksiyaedici vasitə qoyulub. Həmçinin fəaliyyətimiz məsafədən təşkil olunub. Bu, hər bir əməkdaşa, o cümlədən mənə də daha arxayın işləməyə imkan verir. Ən zəruri hallarda rəhbərlik və məhdud sayda əməkdaş işə çıxır. İşdən və ya evdən aparılan müzakirə və məsləhətləşmələr onlayn qaydada təşkil olunur, zərurət olduqda videokonfranslar keçirilir. Həmçinin məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır. Videokonfransların keçirilməsində əsas məqsəd fəaliyyətin onlayn təşkili, koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin səmərəliliyinin artırılması, idarə əməkdaşlarına sosial təcrid üçün əlverişli şəraitin yaradılması və ümumi təhsil müəssisələrində dərs prosesinin dayandırılması səbəbindən onlayn tədris imkanlarının müzakirəsindən ibarətdir.

Müzakirələrdə məktəblilərin tədris prosesindən uzaqlaşmaması üçün mövcud imkanlar araşdırılır, müəllim-şagird ünsiyyətinin davamlılığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılır. Həmçinin məktəblilərin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadəyə sövq edilməsi üçün müəllim və valideynlərin üzərinə düşən vəzifələrə nəzər salınır. Təhsil Nazirliyinin təşkilatçılığı ilə yayımlanan teledərslərə və müəllimlər tərəfindən aparılan onlayn dərslərə uşaqların diqqətinin daha da artırılması üçün müəllim-valideyn əlaqələrinin vacibliyi önə çəkilir.

Bununla belə, zəruri hallarda işə çıxdıqda da birbaşa ünsiyyət tamamilə məhdudlaşdırılıb ki, bu da mövcud tələblərin qaydalarına uyğundur. Ancaq elektron poçt, telefon və digər texniki vasitələrlə əlaqə saxlanılır. Eləcə də şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədilə  onlayn müsabiqələr təşkil olunur.

Təqdirəlayiq haldır ki, paytaxtın təhsil işçiləri də, məktəblilər də #EvdəQal #DərsdənQalma çağırışlarında fəal iştirak edir, maraqlı fotoşəkillər və videoçarxlar vasitəsilə ictimaiyyətə pozitiv mesajlar ötürürlər.

Mətbuat xidməti olaraq media ilə əlaqələrə gəlincə, bu sarıdan elə bir çətinliyimiz yoxdur. Bu günlərdə sözün həqiqi mənasında fədakarlıq göstərərək çalışan media adamları ilə elektron vasitələrlə əlaqə saxlamaq indi daha da aktualdır. Öz operativliyini qoruyan, fəaliyyətinə peşəkar yanaşan bütün media təmsilçilərinə belə xüsusi vəziyyətdə təhsilə, müəllimlərə, məktəblilərə həssas münasibətlərinə, hərtərəfli məlumatlandırmaya görə dərin minnətdarlığımızı bildiririk.

Sosial təcrid və karantin dövründə bir vətəndaş olaraq, bütün qaydalara əməl etməyə, imkanlarım daxilində yardım etməyə, birbaşa və ya sosial şəbəkələr vasitəsilə təbliğat aparmağa çalışıram. Sadəcə gün rejimimiz bir xeyli dəyişib, sərbəstlik bir az da tənbəlliyə meyl yaradır. Müsbət tərəfi odur ki, evə, ailəyə və uşaqlara daha çox vaxt ayıra bilirik.

Qorunmağa gəlincə, gigiyena qaydalarına ciddi şəkildə əməl etməyə çalışıram. Bir məqamı deyim ki, mən əvvəldən də gigiyenik təmizlik məsələsində çox həssas olmuşam. Bir həkim dostum var, mənə deyir ki, sənin "standartların"a indi hamı məcburən əməl edir.

İnanıram ki, tezliklə Azərbaycanda koronavirus təhlükəsi aradan qalxacaq, ölkə rəhbərliyinin birbaşa nəzarəti ilə həyata keçirilən tədbirlərin müsbət nəticələri daha çox müşahidə olunacaq. Sadəcə hər bir vətəndaş bu işə maksimum dərəcədə kömək etməli, məsuliyyətli və ciddi davranmalıdır”.