Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-20 17:10:00
Şagirdləri inkişaf etdirərək “istehsalçıya” çevirən layihə - Örnək

Təranə İbrahimli: "Şagirdlərdə müsbət nəticə əldə etmək istəyiriksə, qadağa tətbiq etməklə yox,  buna, maraq oyatmaqla nail ola bilərik”

 

 

AzEdu.az xəbər verir ki, müəllim sənətini sevir və öyrətməkdən zövq alır. Deyir ki, müasir dövrün şagirdlərində müsbət nəticə əldə etmək istəyiriksə, onlarda dərsə maraq oyatmağı bacarmalıyıq: "Müəllimin vəzifəsi dərsi ona sevdirməkdir, məcbur etmək deyil. Biz şagirdlərdə müsbət nəticə əldə etmək istəyiriksə,  qadağa tətbiq etməklə yox, maraq oyatmaqla buna nail ola bilərik”.

 

 

"Örnək” rubrikamızda STEAM Azərbaycan layihəsinin əməkdaşı, Türkiyədə və İsraildə təlim keçən STEAM mütəxəssisi, müəllim Təranə İbrahimli ilə söhbətləşdik. Hansı ki, bundan bir neçə gün öncə məhz həmin layihə çərçivəsində üz sipərlərinin istehsalına başlanıb. Bəs görək "STEAM Azərbaycan” nədir və şagirdlərə nə verir?

 

 

Müsahibimiz Sumqayıt şəhərində doğulub, hazırda da orada yaşayır. 2002-ci ildən Sumqayıt şəhərində Milli Qəhrəman Mətləb Quliyev adına 3 saylı orta məktəbdə biologiya müəllimi kimi çalışır. Hətta səmərəli fəaliyyətinə görə, Sumqayıt şəhər İcra Hakimiyyətin başçısı Zakir Fərəcov tərəfindən fəxri fərmanla təltif olunub. 

 

 

Gənc müəllim dərs deməklə kifayətlənməyib, daim öz üzərində işləyib və proqramlaşdırmanı öyrənib:

 

 

- Müəllim daim oxumalı və öz üzərində işləməlidir. Məhz bu fikri əsas tutaraq, mən bir çox seminarlarda və kurslarda iştirak edib müxtəlif sertifikatlar almışam. 2019-cu ildə isə "STEAM Azərbaycan” layihəsinin başlanğıcı olaraq Təhsil Nazirliyinin və Təhsil İnstitutunun təşkil etdiyi seçim müsabiqəsində iştirak etdim. 50 nəfərlik müəllim heyəti ilə birgə, biz, İsraildə keçirilən STEAM və Robotiks üzrə təlimlərə qatıldıq. İsraildəki təlimlərin fəaliyyətimə böyük təsiri oldu. Biz STEAM və onun təhsil sistemində istifadə edilməsinin faydasını, Robotiks və müxtəlif proqramlaşdırma dilləri barədə ətraflı məlumat əldə etdik”.

 

- Təranə xanım, STEM və STEAM nədir?

 

- Bizim layihəmizin adı "STEAM Azərbaycan”dır. İlk dəfə bu sistem ABŞ-nın Milli Elm Fondu tərəfindən təklif olunub və özündə elm, texnologiya, mühəndislik və riyaziyyatı birləşdirir (STEM bu sözlərin ingilis dilində qısaldılmasıdır). Sonradan isə bu anlayışa incəsənət də (art) da əlavə olunaraq STEAM adı verilsə də, mahiyyət baxımdan heç nə dəyişmədi. STEAM-ın özəlliyi və əhəmiyyətli tərəfi odur ki, burada adından da göründüyü kimi bir neçə fənnin inteqrasiyası mövcuddur. Yəni burada təhsil alanlara yalnız bir fənn deyil, STEAM əsasında fənlərin inteqrasiya olunmuş şəkildə öyrənilməsi imkanı təqdim edilir. İncəsənətin əlavə olunmasının əsas səbəbi şagirdlərdə incəsənət ruhunun inkişaf etdirilməsi, onların yaradıcı tərəfinin da üzə çıxarılmasıdır.

 

 

 

STEAM təhsilinin adi təhsil növlərindən fərqi nədir?

 

 

 

- STEAM sisteminin təhsil sahəsinə gətirilməsinin vacibliyi, onun bir çox üstünlüklərinə əsaslanıb. Məsələn, əgər şagirdlər əvvəllər daha çox nəzəri biliklərə üstünlük verirdilərsə, STEAM təhsilində təkcə nəzəri biliklər deyil, həm də bu biliklərin real həyatda necə tətbiq olunmasını araşdırır və buna dair ideyalar irəli sürmək imkanına malikdirlər. STEAM sistemi təhsil alanlarda əhəmiyyətli bacarıqları inkişaf etdirir. Bu bacarıqlar sırasında problemlərin həll edilməsi, tənqidi düşünmə, müstəqil düşünmə bacarığı, təşəbbüskarlıq, liderlik, komanda işi, ünsiyyət, yaradıcılıq, rəqəmsal savadlılıq da var. STEAM təhsilinin bir neçə metodologiyası var. Məsələn, problem əsasında öyrənmə, layihə əsasında öyrənmə, araşdırma və dizayn əsasında öyrənmə, oyun əsasında öyrənmə, analogiya əsasında öyrənmə və mobil əsasında öyrənmə. Bu metodlardan istifadə etməklə, şagirdlərdə yuxarıda qeyd olunan bacarıqların inkişaf etdirilməsi mümkündür. Məsələn, əgər bir şagirdin hansısa bir ideyası varsa və yaxud o, yaşadığı cəmiyyətdə hər hansı bir problemi görürsə, həmin problemin həll yollarını araşdıra biləcək. Bu cür araşdırmanı aparan zaman şagirdlər birlikdə çalışaraq müxtəlif həll yolları tapır. Bundan sonra onlar layihələrinə uyğun prototiplər hazırlayır və nəticədə şagirdlər özləri bir istehsalçıya çevrilirlər. STEAM təhsilində heç bir şagird təhsildən kənarda qalmır. Ola bilər, şagirdin biri  kimya, yaxud riyaziyyatdan zəifdir. Amma həmin şagirdin çox gözəl dizayn qabiliyyəti var. Yəni onda incəsənət sahəsi daha yaxşı inkişaf edə bilər. Bu baxımdan STEAM təhsilində şagirdlər birlikdə araşdırır, öyrənir, onlarda ünsiyyət bacarıqları formalaşır.

 

 - Hazırda neçə məktəbdə STEAM tədris olunur?

 

 

- Hazırda 2019-2020-ci il üçün  Bakının 42 məktəbində STEAM tədris olunur və 6 min şagirdi əhatə edir. "STEAM Azərbaycan” layihəsi olaraq, biz həmin müəllimlərin, şagirdlərin fəaliyyətini izləyirik. Onlar da öz işlərini "facebook” səhifəmizdə paylaşırlar. Şagirdlərdən maraqlı ideyalar gəlir və öz ideyaları üzərində işləyirlər. Həm də STEAM şagirdlərə fikir azadlığı verir. Bizim fəaliyyət planımızda məqsəd STEAM-ı həm bölgə üzrə, həm də şəhər məktəblərində tətbiqinə başlamaqdır. Növbəti ildən 130 məktəb və 20 min şagirdi əhatə etməyi planlaşdırırıq. Fəaliyyət, təkcə, məktəbdə tədrislə bitmir. Layihəni tədris edən müəllimlərin hazırlığı da bizim fəaliyyətimizə daxildir. Belə ki, "STEAM Azərbaycan” layihəsi çərçivəsində mərkəz məktəb müəllimləri ilə yanaşı, bölgə məktəblərindən də müəllimlər həm yerli təlimlərə, həm də İsraildə və Türkiyədə keçirilən təlimlərə cəlb olunublar. Layihə çərçivəsində region üzrə iki STEAM mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Bunlardan biri Gəncədə, digəri Şirvanda yerləşəcək. Bu mərkəzlərdə innovativ texnologiyaların olması planlaşdırılır ki, bunlara 3 d printerləri, CNC lazer kəsici cihazlarını misal göstərə bilərik. Bu mərkəzlər, əsasən, təhsil alanlar üçün nəzərdə tutulub, amma cəmiyyət üçün xeyirli ideyaları olan digər şəxslər də mərkəzlərdən istifadə edə biləcəklər.

 

 

- Təranə xanım, STEAM layihəsi 3D printerlərlə "üz sipəri” istehsal edir. Hazırda vəziyyət necədir?

 

  • “STEAM Azərbaycan” layihəsi Covid-19 pandemiyasından qorunmaq üçün "üz sipəri”, eləcə də bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalını davam etdirir. Bu cihazlar tibbi personalın istifadəsi məqsədini daşıyır. Sözügedən proses çərçivəsində 1500-dən çox "üz sipəri” istehsal olunaraq tibb işçilərinə paylanılıb. İstehsal prosesi insan əməyi olmadan, xüsusi 3D printerlərlə həyata keçirilir. "Üz sipəri”nin hazırlanmasında istifadə olunan məhsullar ekoloji təmiz və insan həyatı üçün təhlükəsizdir. Bu qoruyucu sipər insanın üzünü tam örtməklə, hava-damcı yolu ilə yayılan infeksiyalara qarşı müdafiə rolunu oynayır.  Gün ərzində 150-200-ə yaxın tibbi üz sipəri istehsal edirik. Əməkdaşlarımız bəzən evə getmədən belə, az vaxt ərzində daha çox maska istehsal etməyə çalışırlar. İrəliləyən günlərdə maska istehsalı gündə 500-600 ədədə çatacaq. Əsas məqsədimiz hazırda rastlaşdığımız problemə yararlı olmaqdır. 
  • - İKT sahəsində Azərbaycan şagirdlərinin səviyyəsi necədir?
  • İsraildə olanda düşünürdüm ki, uşaqları çox bacarıqlıdır. "Görəsən, bizim də şagirdlərimiz belə olarmı” deyə özümə suallar verirdim. Daha sonra bu layihə bizim məktəblərdə tədris olunmağa başladı. STEAM-dan gələn bəzi bacarıqlar var ki, yavaş-yavaş şagirdlərdə formalaşmağa başladı. Biz gördük ki, uşaqlar o qədər həvəslə yanaşırlar ki... İKT bacarığı nisbətən zəif olan belə, öz üzərində işləyib, öyrənməyə can atırdı. Yaxud şagirdlər fikir mübadiləsi apararaq, araşdırır, öyrənirlər. Onlarda həvəs varsa, mütləq öyrənəcəklər. STEAM-ın tələbəsi olmayan şagird belə, "facebook”da bizi izləməklə dərsləri mənimsəyə bilərlər. Şagirdlərin bacarıqları yüksək səviyyədədir. Dərsi qavrayırlar, proqram vasitəsilə prototipləri qururlar və ona uyğun 3D printerdə çap edirlər. Hazırda STEAM dərsləri 6-cı siniflərə keçilir. 6-cı sinif şagirdləri sərbəst olaraq özləri proqramda işləyə bilir, prototiplərini çap edirlər. Təkcə 3D printerdən deyil, mikrobitlərdən də istifadə edə bilirlər. Maksimum dərəcədə çalışırıq ki, şagirdlərimiz innovativ texnologiyalardan xəbərsiz qalmasınlar.

 

- Müəllimin şagirdi istiqamətləndirmədə rolu nə dərəcədədir? Şagirdlərlə münasibtələrinizi necə tənzimləyiriniz?

 - Müəllimin vəzifəsi şagirdi düzgün istiqamətləndirməkdir.  Müəllim şagird üçün bələdçi olur. Şagirdlər öz fikirlərini deməkdə azaddırlar. Layihə hazırlayanda səhv oldusa, müəllim "sən niyə səhv etdin” sualını vermir. Səhv oldusa, səhvlər üzərində işləyirik. Müəllim şagirddə özünəinam yaradır. Alınmadısa, ruhdan düşmürük. Səhvi düzəldib işimizə davam edirik. Şagirdi səhvinə görə qınamırıq. Səhvi axtarıb müəyyənləşdiririk. Müasir dövrün təhsil alanlarında müsbət nəticə əldə etmək istəyiriksə, məcburiyyət lazım deyil. Sadəcə, şagirddə maraq oyatmaq lazımdır. Maraq olandan sonra şagird özü öyrənir. Müəllimin vəzifəsi dərsi ona sevdirməkdir, məcbur etmək deyil. Şagirlərdə müsbət nəticə əldə etmək istəyiriksə, buna, qadağa tətbiq etməklə yox, maraq oyatmaqla nail ola bilərik.