
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Ali Məclisə 2020-ci il 24 yanvar tarixli müraciətinə və Nazirlər Kabinetinin 2020-ci il 7 fevral tarixli qərarına uyğun olaraq bu ölkənin bir çox universitetlərində konfranslar təşkil edilir.
Hazırkı durumda Özbəkistanın bir çox universitet və institutlarında onlayn elmi konfranslar keçirilir.
Nəvai Dövlət Pedaqoji İnstitutunda “Təhsildə müəllim-tələbə sistemi keyfiyyət və səmərəliliyin qarantıdır” mövzusunda elmi konfrans keçirilib. Konfransı institutun rektoru, professor Bahadur Sabirov giriş sözü ilə açandan sonra məruzəçi olaraq ilk söz AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Binnətovaya verilib. Onlayn qaydada keçirilən konfransda nəvaişünas alimin “Əlişir Nəvai və Pəhləvan Məhəmməd (Əlişir Nəvainin “Haləti-Pəhləvan Məhəmməd” əsəri müstəvisində)” məruzəsi dinlənilib.
Buxara Dövlət Universitetində keçirilən “Müasir filologiyada inteqrasiya prosesləri” mövzusunda onlayn elmi konfransda isə azərbaycanlı alim “Əlişir Nəvai irsinin Azərbaycanda tədqiqi metodikasi” mövzusunda məruzə ilə çıxış edib.
Hər iki onlayn konfransda özbək alimlərlə yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və başqa ölkələrin alimləri məruzələr ediblər.
Almaz Ülvi Binnətova daha bir neçə onlayn qaydada təşkil olunan elmi konfransa dəvət alıb.